Mingəçevirdə “Yaşıl bağ – aqronomluq bacarıqları” layihəsinin icrasına start verilib
Layihənin əsas məqsədi şagirdlərdə müasir aqronomluq bilikləri formalaşdırmaq, onların təbiətə yanaşma tərzini inkişaf etdirmək və ekoloji düşüncəni praktik bacarıqlarla birləşdirməkdir. Təlimlər çərçivəsində şagirdlər torpaqla iş, bitkiçilik, kompost hazırlanması, ekosistemlərin dərk edilməsi və yaşıl mühitin qorunması üzrə interaktiv məşğələlərdə iştirak edəcəklər.
Proqramın növbəti mərhələlərində praktik məşğələlər, yaradıcı ekoloji fəaliyyətlər, maarifləndirici seminarlar və “yaşıl layihələr”in icrası nəzərdə tutulub. Bu fəaliyyətlər şagirdlərdə həm məsuliyyət hissinin formalaşmasına, həm də liderlik, komanda işi və problem həll etmə bacarıqlarının inkişafına xidmət edəcək.
Layihənin icra prosesində Mingəçevir şəhərində fəaliyyət göstərən müvafiq təhsil və gənclər qurumları ilə əməkdaşlıq da həyata keçiriləcək. Bu əməkdaşlıq şagirdlərin aqrar sahəyə dair praktiki təcrübə qazanmasına və ekoloji düşüncənin məktəblilər arasında geniş yayılmasına şərait yaradacaq.
Layihənin sonunda iştirakçıların hazırladığı mini bağçılıq layihələri təqdim olunacaq, görülən işlər üzrə analitik hesabat hazırlanacaq və əldə olunan nəticələr tədris prosesində ekoloji yönümlü fəaliyyətlərin təkmilləşdirilməsinə töhfə verəcək.
Qeyd edək ki, “Yaşıl bağ – aqronomluq bacarıqları” layihəsi Musayeva Ruhanə tərəfindən Mingəçevir şəhər N.Gəncəvi adına 8 nömrəli tam orta məktəbdə icra olunur. Layihə müasir kənd təsərrüfatı biliklərinin tədrisə inteqrasiyası və şagirdlərdə aqronomluq bacarıqlarının inkişafına mühüm töhfə verməyi hədəfləyir.

Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.