Bizimlə həyatınız həmişə işıqlı olacaq!

“Mingəçevirdə Valideyn Təlatümü” sənədli filmi ictimaiyyətə təqdim olunub

İctimaiyyət nümayəndələri başa çatan layihənin fəaliyyətlərindən məmnunluqlarını bildiriblər

“Biz “Mingəçevirdə Valideyn Təlatümü” təşəbbüsünə başlayanda bu qədər uğurlu nəticə əldə edəcəyimizi düşünmürdük. Ötən ilin dekabr ayında təcrübəli ekspertlərimiz 21 işsiz qadına 60 saatlıq psixoloji, hüquqi və iqtisadi mövzuda qrup təlimlər, ardınca fərdi məsləhətlər verdi. Yanvar ayından sahibkar müəssisələrində usta yanında şagird hazırlığına başlandı. Onların 8-i stilist-vizajist, 7-si dərzi, 3-ü şirniyyat, 2-si dırnaqlara qulluq və 1-i kompüter proqramları üzrə peşələri öyrənməyə başladı. Biznes planlarını təqdim edən 14 qadın avadanlıqla təchiz olundu. Məktəb İctimai Şurası haqqında Əsasnamə hazırlandı, orta təhsil müəssisələrinin birində valideynlərdən ibarət şuraya seçkilər keçirildi. Və təkcə bu qadınları deyil, başqalarını da bir platformada birləşdirəcək İYA.AZ səhifəsi yarandı. Bu gün ictimaiyyətə təqdim etdiyimiz sənədli film 8 ay davam edən fəaliyyətimizin qısa xronikasıdır”.

Bu fikirləri filmin təqdimat mərasimində təşəbbüsün rəhbəri Fərman Nəbiyev deyib. Filmdə iqtisadi səlahiyyətlərə sahiblənən qadınların həyat hekayələri, ekspertlərin və təşəbbüs rəhbərinin fikirləri  təqdim edilir. ELTV kanalı ilə birgə ərsəyə gələn 20 dəqiqəlik filmin ELTV kanalında və Kanal S-də tamaşaçılara çatdırılması və youtub-da yayılması nəzərdə tutulub.

Filmin nümayişindən sonra ELTV kanalının əməkdaşı Elgiz Mahmudov bildirib ki, çəkiliş bir aydan artıq çəkib: “Nəzərə alın ki, ömründə kamera qarşısında oturmayan insanlardan müsahibə alırdıq. Çətinliklərə baxmayaraq, nəticə uğurlu oldu”.

Kanal32 MMC-nin direktoru İnqilab Şirinbəyli, təqaüddə olan jurnalist Yazgül Mövlayeva, Azərbaycan Qadınlar Cəmiyyətinin Mingəçevir nümayəndəsi Adilə Cəlilova, 11 saylı məktəbin İctimai Şurasının sədri Zaur Feyziyev  bildiriblər ki, layihənin nəticələrinin geniş ictimaiyyətə çatdırılması baxımından belə peşəkar filmlərin hazırlanması təqdirəlayiqdir.

Benefisiarlardan Zülfiyyə Vəliyeva 8 ay ərzində evdar həyatdan iş qadınına çevrildiklərini diqqətə çatdırıb və buna görə layihə təşəbbüsünü  Mingəçevirə gətirənlərə və donora təşəkkür ediblər.

Təqdimatdan sonra müzakirələr şirniyyat süfrəsi ətrafında davam etdirilib.

Bu təşəbbüs Avropa İttifaqının maliyyələşdirdiyi və BMT-nin İnkişaf Proqramının həyata keçirdiyi “Azərbaycanda innovasiya əsaslı və dayanıqlı vətəndaş cəmiyyətinin inkişafı” layihəsi çərçivəsində Mingəçevir Valideynlər Assosiasiyası İctimai Birliyi və Mingəçevir Resurs Mərkəzi tərəfindən icra edilib.

Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.