Mingəçevirdə keçmiş köçkünlərə peşə bacarıqları verildi
Stilist-vizajist, kompüter operatoru, şirniyyat ustası və dərzi peşələrinə yiyələnən şəxslərə sertifikatlar təqdim olundu
Sentyabrın 20-də Mingəçevir Media Mərkəzində “Keçmiş köçkün valideynlərin “Böyük Qayıdış” üçün hazırlanması: peşə bacarıqlarının artırılması” layihəsinin yekun mərasimi keçirilib. “Mingəçevir Valideynlər Assosiasiyası” İctimai Birliyinin və layihənin rəhbəri Fərman Nəbiyev bildirib ki, ötən 4 ay ərzində Mingəçevirdə məskunlaşan və qayıdışa hazırlaşan keçmiş köçkünlərin məşğulluq ehtiyacları araşdırılıb: “Bu məqsədlə 64 ailə arasında sorğu aparılıb, peşəyə daha çox marağı və ehtiyacı olanlar dəyərləndirilib. Bundan sonra, 10 nəfər 6 günlük psixoloji, hüquqi və iqtisadi mövzuda təlimlərə, ardınca sahibkar müəssisələrində usta yanında 2 aylıq şagird hazırlığına cəlb olunub”.
Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin layihələrin idarəedilməsi üzrə meneceri Fuad Rzazadə Agentliyin xətti ilə həyata keçirilən fəaliyyətlər barədə danışıb, xüsusən bir neçə gün öncə KOB 29 ilə bağlı beynəlxalq təşəbbüslər üçün daha 19 layihəyə maliyyə ayrıldığını vurğulayıb.
Mingəçevir şəhər İcra Hakimiyyətinin Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin böyük məsləhətçisi Hafiz Əsədov yerli İH-nin QHT-lərlə işbirliyi qurduğunu və və qayıdış ərəfəsində belə layihələrə daha çox ehtiyac olduğunu nəzərə çatdırıb. Ağdam rayonunun keçmiş köçkünü, Mingəçevir Dövlət Universitetinin dekan müavini, filologiya elmləri doktoru Flora Namazova da Qarabağa qayıdacaq insanların peşə öyrənməyə maraq göstərdiklərini məmnunluqla dəyərləndirib.
Bundan sonra təlim proqramını uğurla başa vuranlara sertifikatlar təqdim olunub. Peşə təliminin iştirakçıları-şagirdlər və ustalar, eyni zamanda qonaqlar bağlanış mərasimində fikirlərini bölüşüblər. Onların qənaətinə görə, ailələrin qayıdışa hazırlanmasında peşə bacarıqlarına yiyələnmə çox vacibdir və insanlar bundan sonrakı həyatlarını Qarabağda layiqli əməkləri ilə davam etdirə biləcəklər. Sahibkar Arzu Azaxova hər iki şagirdinə yanında iş verməyə hazır olduğunu deyib. Laçından olan keçmiş köçkün Şəbnəm Vəliyeva layihədə dərzi peşəsi üzrə əldə etdiyi ilkin bacarıqları artırmaq üçün sentyabr ayından Mingəçevirdəki Asan Peşə məktəbində təhsilə başladığını diqqətə çatdırıb.
Şəhərdəki 1 saylı mediasiya təşkilatının mediatoru İsmayıl İsmayılov, iqtisadçı Elnur Həsənzadə, Xocalı sakini Tahirə Quliyeva, MDU-nun müəllimlərindən İlhamə İsmayılova və Səbinə Novruzova, media nümayəndəsi Aynur Quliyeva və başqaları layihənin həm bu gün, həm də yaxın illər üçün çox aktual olduğunu vurğulayıblar.
Çay süfrəsi ətrafında davam edən mərasimin sonunda şirniyyat peşəsini öyrənən şagirdlərin hazırladıqları və üzərində “Böyük Qayıdış” yazdıqları tort kəsilib.
Layihə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə həyata keçirilib.
Şərhlər bağlıdır.