Mingəçevirdə işsiz gənc analara psixologiya dərsləri
“Mingəçevirdə Valideyn Təlatümü” təşəbbüsünə qoşulanlara psixoloji mövzuda təlim keçirildi
2023-cü il dekabr ayının 7-dən 10-dək “Mingəçevirdə Valideyn Təlatümü” təşəbbüsü üzrə proqrama seçilən işsiz gənc analar üçün psixoloji mövzuda təlim keçirilir. 3 və 11 saylı orta məktəblərin valideynləri olan bu qadınlarla görüşün açılışında təlimçi-psixoloq Seymur Səfəralıyevlə birlikdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin bölgə nümayəndəsi Əlisa Fərəcov da iştirak edib. Ə.Fərəcov deyib: “Bu təlimlərin qadınlara qarşı hər cür zorakılığa son qoyulmasıyla bağlı 16 günlük kampaniya dövrünə təsadüf etməsi təqdirəlayiqdir. Ümid edirəm ki, bu təlimləri başa vurmuş şəxslər həm iqtisadi, həm də hüquqi baxımdan öz ayaqları üstdə durmağı bacaracaq və ətraflarındakı qadınları da buna həvəsləndirəcəklər”.
Təlimdə valideyn-övlad münasibəti, xüsusən uşaq və valideyn arasında münaqişədə valideynin rolu, valideyn öhdəliklərinin hüququ və psixoloji tərəfləri, övlada münasibətdə sərhədlərin müəyyən edilməsi, məhsuldarlığa mane olan əngəlllər və işə başlamaq çətinliyi barədə danışılıb və problemlərdən çıxış yolları göstərilib. Təlimçinin danışığı slaydlarla müşayiət olunub. Gün ərzində bir neçə dəfə qrup işi aparılıb, müzakirələrə geniş yer verilib. Təlimlərin əvvəlində və sonunda iştirakçıların bilikləri qiymətləndirilib.
Mingəçevir Valideynlər Assosiasiyası İctimai Birliyinə məxsus təşəbbüs Avropa İttifaqının maliyyələşdirdiyi və BMT-nin İnkişaf Proqramının həyata keçirdiyi “Azərbaycanda innovasiya əsaslı və dayanıqlı vətəndaş cəmiyyətinin inkişafı” layihəsi çərçivəsində Mingəçevir Resurs Mərkəzi tərəfindən icra edilir.
Şərhlər bağlıdır.