Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Mingəçevirdə “Güclü Qadın” layihəsinin açılış tədbiri keçirilib

23.07.2024 tarixində Azərbaycan Respublikası Gənclər Fondunun maliyyələşdirdiyi “İdeyanı Reallaşdır 2023” müsabiqəsinin qalibi olan Səkinə Adıgözəlzadənin “Güclü Qadın layihəsinin açılış tədbiri keçirilib.

Tədbirdə Mingəçevir şəhərinin tanınmış simaları, həkimlər, direktorlar, incəsənət xadimləri, media nümayəndələri iştirak edib.

Tədbiri giriş sözü ilə açan Mingəçevir Dövlət Universitetinin tələbəsi Səkinə Adıgözəlzadə gələn qonaqları salamlayıb. Layihənin məqsəd və vəzifələrindən bəhs edib. Mingəçevir Dövlət Universitetinin 25 tələbəsinin iştirak edəcəyi layihənin müasir gəncliyimizin daha güclü model olmasını, cəmiyyətdə öz mövqeylərini tutması və hədəflərini müəyyənləşdirməsi üçün icra ediləcəyini bildirib. Layihə əsasən gənclərimizdə liderlik ruhunu formalaşdırmaq, qadınların cəmiyyətdə güclü mövqeyinin yollarını onlara aşılamaq məqsədi daşıdığı üçün Mingəçevir şəhərində yaşayan lider qadınların dəstəyinin vacibliyini vurğulayaraq iştirak edənlərə öz  minnətdarlığını ifadə edib.

Vətən müharibəsi dövründən Qazilərimizə diqqət və qayğısı ilə tanınan Şəmsinur həkim Şəhid ailələri və xüsusi qayğıya ehtiyacı olan həssas insanlarla apardığı uğurlu fəaliyyəti ilə tanınmaqdadır.  Mingəçevir şəhər Ruhi Əsəb xəstəxanasının baş həkimi Psixiatr Şəmsinur Hüseynova öz çıxışı zamanı gənclərin cəmiyyətdə güclü model olması üçün ilk öncə özlərini yaxşı tanımalı, mənfi və müsbət xüsusiyyətlərini kəşf etməli olduqlarını vurğulayıb. Gənc qızların sosial fəaliyyətinin artırılması, onlarda liderlik istiqamətində motivasiya yaradılmasının zəruri olduğunu qeyd edən Ş. Hüseynova, bu motivasiya sayəsində gənclərin yiyələndikləri yeni bilikləri daha səmərəli şəkildə tətbiq etməsi, hərtərəfli inkişafa nail olması, həmçinin  qızlarda özgüvənin,  davranış metodikasının yaranmasına təkan verəcəyini vurğulayıb. Şəmsinur həkim tələbələrə sözügedən istiqamətdə dəstək olacağını qeyd edib.

Mingəçevir şəhərinin tanınmış media nümayəndəsi, Kanal 32 saytının həmtəsisçisi EL televiziya şirkətinin aparıcısı İnqilab Şirinbəyli müasir dövrdə qadınların cəmiyyətimizdə güclü mövqeyindən bəhs edib. Layihənin  gənc qızların özünüinkişaf bacarıqlarına bilavasitə təsir edəcəyini vurğulayan İ. Şirinbəyli bu kimi layihələrin həyata keçirilməsinin vacib olduğunu qeyd edib. Cəmiyyətimizdə qızların daha çox təhsilli olmasının təhsilli nəsil yetişməsinə vəsilə olacağını qeyd edib.

Mingəçevir Dövlət Universitetinin (MDU) Tələbələrlə İş və Tədbirlərin Təşkili Şöbəsinin müdiri llhamə Məmmədova öz çıxışı zamanı tələbə qızların özlərini inkişaf proqramlarına qatılması, bu istiqamətlərdə öz potensiallarının üzə çıxarılmasını yüksək qiymətləndirib. Mingəçevir Dövlət Universitetinin tələbəsi Səkinə Adıgözəlzadənin uğurlu gənc olaraq universitetin sosial həyatında da yaxından iştirak etdiyini bildirən İ. Məmmədova layihə iştirakçılarına uğurlar arzu edib.

Mingəçevir Dövlət Universitetinin müəllimi, təlimçi Şəbnəm İslamova da çıxışı zamanı qadın liderlərin  varlığının ən azından pozitiv model kimi gənc qızların təhsili və arzuları üçün kifayət etdiyini,  rol modelləri qadınların liderlik vəziyyətində davranışına uzaqdan belə olsa, təsir göstərdiyini vurğulayıb. hər bir güclü kişinin arxasında güclü qadın dayanır deyiminin də günümüzə qədər olan güclü qadın rol modellərinə əsaslandığını qeyd edən təlimçi gənclərə uğurlar arzu edib.

Tədbirdə çıxış edən Mingəçevir Dövlət Dram Teatrının əməkdaşı rejissor Aynur Mustafayeva öz həyat hekayəsindən danışıb. Yaşadıqları çətinliklərin və erkən nigahın fəsadlarından bəhs edən A. Mustafayeva bu kimi layihələrin ucqar dağ kəndlərində də həyata keçirilməsinin zəruri olduğunu qeyd edib.

Layihənin təlimçilərindən olan Mingəçevir şəhər 14 nömrəli tam orta məktəbin psixoloqu  Günel Abdullayeva təlimdə iştirak edəcək gənclərin layihə boyunca qazandıqları praktik bacarıqların onların şəxsi kariyeralarında inkişafına dəstək olacağını bildirib və iştirakçılara uğurlar arzulayıb.

Mingəçevir Gənclər Evinin mütəxəssisi Pənah Kərimov gənclərlə işin təşkilində məhz bu kimi maarifləndirici layihələrin önəmindən bəhs edib. Gənclər sektorunun liderlik modellərinə göstərdiyi dəstəkdən danışıb. Gənclər Fondunun gənc nəslin sosial bacarıqların inkişafı istiqamətində həyata keçirdiyi qrant müsabiqəsinin ötən ilki qaliblərindən olan Pənah Kərimov da öz fikir və təkliflərini bildirib, layihənin işinə uğurlar arzu edib.

BMT-nin dayanıqlı inkişaf məqsədlərində regionlarda fəaliyyət göstərən 100 lider qadından biri həmçinin Almaniya Beynəlxalq Əməkdaşlıq cəmiyyətinin (GİZ) icra etdiyi “İcma Qruplarının İnkişafı” layihəsinin icma könüllüsü olan Aytac Məhərrəmli uğurlu gənc olaraq öz üzərində çalışmağın, məqsəd və hədəflərin olmasının vacibliyindən danışıb. İcma fəaliyyətində gənc qızların təhsil alması istiqamətlərində aparılan işlərdən bəhs edən A. Məhərrəmli layihənin işinə uğurlar arzu edib.

Daha sonra tədbirdə iştirak edən Xaldan kənd kompleks tam orta məktəbinin direktoru Günel Yusifzadə, Mingəçevir şəhər İnteqrasiya təlimli İnternat tipli Gimnaziyanın Direktoru Pərvanə Tahirova, Mingəçevirin tanınmış həkim stomotoloqu Fidan Abbasova, Mingəçevir Dövlət Universitetinin Beynəlxalq Əlaqələr şöbəsinin rəbəri Samirə Əhmədova, Tələbələrlə İş və Tədbirlərin Təşkili Şöbəsinin mütəxəssisi Könül Ədalət Mingəçevir şəhər Texniki Humanitar Liseyin müəllimi Suqra Kərimova də Səkinə Adıgözəlzadənin layihəsinin prioritet istiqamətinə uyğun olaraq öz təəssüratlarını bölüşüb, fikir və təkliflərini bildirib, layihənin işinə uğurlar arzu ediblər.

Qeyd edək ki, təlimlərin istiqamətlərinə uyğun olaraq layihəyə 4 təlimçi cəlb edilib. Sözügedən layihənin təlimlərini də məhz lider xanımlar idarə edəcək.

Sonda layihə iştirakçıları ilə xatirə şəkilləri çəkdirilib.

 

 

Şərhlər bağlıdır.