Mingəçevirdə 800 nəfərin ailəsinə qurban payı göndərilib
Uşaq Nevroloji Sanatoriyasında müalicə olunan uşaqların süfrəsinə isə hazır yeməklər gətirilib
İyulun 9-da səhər 9 radələrində Mingəçevirin Sağ sahil qəsəbəsindəki kəski məntəqəsinin qarşısına ictimaiyyət nümayəndələri toplaşıb. Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov Qurban bayram münasibətlə təbriklərini çatdırıb. Heydər Məscidinin imamı dua oxuduqdan sonra qurbanlıq üçün seçilən heyvanların kəsiminə başlanıb.
Mingəçevir Bələdiyyəsinin sədri Ramiz Əliyevin dediyinə görə, İcra Hakimiyyətinin təşəbbüsü və Bələdiyyənin maliyyə vəsaiti ilə gerçəkləşən mərasimin sonunda 600 nəfərə qurban payları verilib: “Bu siyahıya 251 şəhid ailəsi, Birinci Qarabağ Müharibəsinin 80, İkinci Qarabağ Müharibəsinin 43 qazisi daxil edilib. Eyni zamanda əfqan, lal-kar, Çernobıl, əlil və əlil qadınlar, gözdən əlillər cəmiyyətləri üzvlərini, İkinci Dünya Müharibəsi iştirakçılarının ailələrini və 60-a yaxın imkansız ailəni də qurban payı ilə sevindirmişik. Uşaq Nevroloji Sanatoriyasında müalicə olunan uşaqların süfrəsinə isə hazır yeməklər göndərmişik”.
İH-nin məsul işçisi Sahib Əliyev isə bildirib ki, bayrama başqa təşkilatlar və şəxslər də töhfələrini qatıblar. Onların xeyirxahlığı nəticəsində əlavə 200 nəfərə də qurban payı vermək mümkün olub.
Şərhlər bağlıdır.