Mingəçevir şəhər İcra Hakimiyyəti yanında İctimai Şuranın 2024-cü ildəki fəaliyyəti barədə hesabat
Mingəçevir şəhər İcra Hakimiyyəti yanında İctimai Şuraya seçkilər 2022-ci il iyul ayının 16-da keçirilib, 21 iyul 2024-cü ildə Şuranın səlahiyyət müddəti başa çatıb
1)Mingəçevir şəhər İcra Hakimiyyəti yanında İctimai Şuranın 27 yanvar 2024-cü ildə növbəti iclası keçirilib. İclasda Şuranın 2023-cü ildəki fəaliyyəti barədə hesabat, 2024-cü il üçün Fəaliyyət Planı müzakirə olunub və qəbul edilib. Xüsusən şəhərdə sahibsiz küçə itlərinin saxlanması üçün sığınacağın inşası və orda xidmətin təşkili, yol hərəkəti qaydalarını uşaqlara öyrətmək üçün Dövlət Yol Polisi ilə məktəblərin işgüzar əlaqələrinin yaradılması, ictimai nəqliyyatın vaxt cədvəlinin və dayanacaqlarının qurulması istiqamətində təkliflər verilib.
Şura üzvləri Mingəçevir Bazarının qarşısındakı sanitar vəziyyəti də müzakirəyə çıxarıb. Qərara alınıb ki, mövcud sahədə kənd təsərrüfatı məhsullarının satışı məqsədilə standartlara uyğun bazarın tikilməsi məqsədəuyğun hesab edilsin və bununla bağlı aidiyyarı qurumlara müraciət göndərilsin.
2) 30 mart 2024-ci il tarixdə İctimai Şuranın 2 saylı iclası keçirilib və iclasda “Məktəb və bağçalara qazın və suyun limitlə verilməsi və uşaq bağçalarının əsaslı təmiri ilə bağlı məsələlər” (məruzəşi İnqilab Şirinli) və “İmkansız ailələrin övladlarının ali məktəblərə hazırlığı üçün orta məktəblərdə ödənişsiz kursların yaradılması” (məruzəçi Fərman Nəbiyev) müzakirə olunub.
Birinci məsələ ilə bağlı bildirilib ki, araşdırma zamanı məktəb və bağçalara qazın və suyun limitlə verilməsi ilə bağlı sıxıntı yaşanmayıb. Belə ki, nə qədər su və qaz istifadə olunubsa, ayın sonunda onun xərci Mərkəzi Aran Regional Təhsil İdarəsi tərəfindən ödənilib. Son 5 il ərzində Mingəçevir şəhərində 1 yeni məktəb binası tikilib, 3 məktəb binası isə əsaslı təmir-bərpa olunub. Hal-hazırda da Mingəçevir şəhər İ.Kişiyev adın 17 nömrəli tam orta məktəbdə əsaslı təmir-bərpa işləri aparılır və növbəti tədris ilindən adıçəkilən məktəb binasının müəllim və şagirdlərin istifadəsinə verilməsi nəzərdə tutulur. Bununla yanaşı cari tədris ilində Mingəçevir şəhər N.Nərimanov adına 1 və İ.Qayıbov adına 10 nömrəli tam orta məktəblərində cari təmir-bərpa işləri aparılıb, payız-qış mövsüminin başlanılması ilə əlaqədar isə 12 təhsil müəssisəsinə yeni istilik sistemi çəkilib və təmir olunub. Eyni zamanda 2020-ci ildə 3 saylı “Gülüstan” körpələr evi-uşaq bağçasından sanitar qovşaqlarda təmir işləri aparılıb, 2023-cü ildə 2 saylı “Bənövşə” körpələr evi-uşaq bağçasında dam örtüyü, 2024-cü ildə 1 saylı “Lalə” körpələr evi-uşaq bağçasında 67 ədəd istilik paneli dəyişdirilib.
Məruzəçi diqqəti şəhərdə bağça çatışmazlığına və mövcud bağçalarda yerlərin məhdud olmasına yönəldib. Xüsusən inkuliziv təhsildə olan problemlərdən danışdıb. Qeyd edib ki, hazırda 1500-dən artıq fiziki məhdudiyyətli uşaq təhsildən kənarda qalıb. Nəticədə bu uşaqların təhsil hüquqları pozulur.
Mingəçevir şəhər İcra Hakmiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsi müdirinin müavini-dini qurumlarla işin təşkilatçısı Elşən Əliyev diqqətə çatdırıb ki, 2012-2023-cü illərdə uşaq bağçaları yerli icra hakimiyyətinin tabeliyində olub. 4, 14, 16 və 19 saylı baxçalarda İcra Hakimiyyətinin xəttilə istilik sistemi qurulub. 5, 6, 8 və 9 saylı uşaq bağçalarının qəzalı vəziyyətdə olması ilə bağlı icra başçısının baş nazirə ünvanlandığı məktubdan sonra Fövqəladə Hallar Nazirliyi baxış keçirmiş və faktın təsdiqini tapan rəy vermişdir. Yəni həmin bağçaların yerində yenilərinin tikilməsi nəzərdə tutulmuş, lakin problem bu günədək həllini tapmamışdır. İl ərzində bir neçə dəfə Maliyyə Nazirliyinə, İqtisadi İnkişaf Nazirliyinə müraciətlər göndərilmişdir. Eyni zamanda baş nazirə ünvanlanan məktubların birində qeyd olunub ki, “Günəşli” Bağlar Massivi və keçmiş Tərəvəzçilik sovxozunda əhalinin sayının artması ilə əlaqədar yeni məktəbəqədər müəsisələrin tikintisinə ehtiyac var. Mingəçevir kəndi kimi tanınan ərazidə də tikintisi yarımçıq qalmış uşaq bağçası binasının davam etdirilməsinin zəririliyi baş nazirin diqqətinə çatdırılmışdır.
O da qeyd olunub ki, son 12 il ərzində İH-nin xəttilə 10 saylı bağçada təmir işləri aparılıb, 1 və 12 saylı bağçalarda əsaslı təmir işləri görülüb. Texniki Yaradıcılıq Mərkəzinin yerində yerləşən 7 saylı bağça Heydər Əliyev Fondu tərəfindən yenidən inşa olunub. Fiziki məhdudiyyətli uşaqlar üçün yalnız 9 saylı məktəbdə şərait yaradılıb, digər məktəblər isə ev təhsili formasını seçiblər.
Keçmiş Toxuculuq Kombinatına məxsus olan 1 və 2 saylı bağçalar İcra hakimiyyətinə təhvil verilənədək fəaliyyətsiz idi. Orada məcburi köçkünlər yaşayırdılar. İndi də yenidən təhvil verilib Təhsil Nazirliyinə.
Pandemiyadan əvvəl 1, 7 və 10 saylı bağçalarda 4 yeni qrupun açılması ilə bağlı İqtisadiyyat və Maliyyə Nazirliklərinə İcra Hakimiyyətinə rəsmi müraciət olunub. Pandemiyadan sonra 10 saylı bağçada 2 yeni qrup fəaliyyətə başlamışdır. Yevlax-Mingəçevir seçki dairəsi üzrə deputat seçilmiş Əli Hüseynlinin təşəbbüsü üzrə 15 saylı bağçanda təmir işləri aparılıb. Yeri gəlmişkən, İcra Hakimiyyəti hər il məktəblərin və məktəbəqədər müəssisələrin investisiya proqramına salınması ilə bağlı təkliflərini verir.
Amma vurğulanıb ki, Tərəvəzçikik Sovxozundakı yeni yaşayış massivində 1000-ə qədər ailə var, amma ərazidə uşaq bağçası mövcud deyil. MARTİ bununla bağlı məsələ qaldırıb və ilkin mərhələdə 5 saylı məktəbin 2 otağını bu məqsəd üçün ayırıb.Keçmiş. Ümumiyyətlə, Mingəçevirdə yeni bağçaların tikliməsinə, eyni zamanda mövcud bağçalarda yeni qrupların açılmasına ciddi ehtiyac var: “Biz bir tərəfdən qadınların iqtisadi səlahiyyətləndirilməsini təşviq edirik, digər tərəfdən isə işə gedən qadının bağça yaşlı uşaqlarının harda qalacağı ilə bağlı problemi uzun müddətdir həll edə bilmirik. İşləməyən qadın isə dövlətə yükdür, çünki övladlarına baxmaq üçün dövlətdən yardım almaq yolunu seçir”.
İclasda İmkansız ailələrin övladlarının ali məktəblərə hazırlığı üçün orta məktəblərdə ödənişsiz kursların təşkili ilə bağlı İctimai Şuranın sədri Fərman Nəbiyevin məruzəsi də dinənilib. O, qeyd edib ki, zaman-zaman bu məsələ qaldırılıb: “Hətta İcra hakimiyyətində təhsillə bağlı məsələ müzakirə olunarkən biz bunu xüsusikə vurğuladıq. Kiminsə pulu var, övladını fərdi müəllim yanına göndərə bilir və sonra da qəbul imtahanlarında yaxşı nəticə göstərir. Amma imkansız ailələrin də qabiliyyətli övladları var ki, normal təhsil ala bilmədiklərindən universitetlərə çıxış imkanları qazana bilmirlər. Gəlin qəbul edək ki, orta məktəblərin hazırkı proqramı ali məktəbə qəbul olunmaq üçün yetərli deyil. Onsuz da əksər müəllimlər həm orta məktəbdə tədris aparırlar, həm də repetitorluqla məşğuldurlar. Biz təklif etmişik ki, həmin müəllimlərin üzərinə bir öhdəlik qıymaq olar ki, onlar çalışdıqları məktəblərdə imkansız ailələrin övladlarının dərsdən kənar hazırlığa cəlb etsinlər, təbii ki, ödəniş tələb etmədən, ya da cüzi ödənişlə. Bizim məlumatımıza görə, Təhsil Nazirliyi gələcəkdə prosesi tənzimləmək fikrindədir. Belə ki, əksər məktəblər 9 illik icbari məktəbə çevriləcək, az sayda məktəb isə yalnız 10-11-ci siniflər üçün universitetlərə hazırlıq prosesini həyata keçirəcək. Bu məktəblərə yüksək məvaciblə hazırda repetitorluq işini görən şəxslər cəlb olunacaq. Həm də bu proses gələcəkdə məktəblərin özünəmaliyyələşmə mexanizminə keçməsi ilə paralel aparılacaq. Amma hökumət buna nə vaxt başlayacaq, hələ məlum deyil. Məktəb rəhbərləri deyirlər ki, hətta ən yaxşı məktəb qurulsa da, valideylər yaxşı təhsili kənarda-repetitor yanında axtarır. Amma sirr deyil ki, indi ibtidai sinifdən də uşaqların repetitor yanına göndərilməsi adiləşib. Hətta sinif müəllim həmin uşağın valideyninə deyir ki, 45 dəqiqə ərzində öyrətməyim mümkün deyil, dərsdən sonra yanıma əlavə hazırlığa göndərməlisən. Təbii ki, ödəniş müqabilində. Mənim bir qohumum var, deyir ki, hər ay ibtidai sinif müəlliminə əlavə məşğul olması üçün 100 manat ödəyir”.
Çıxışlarda qeyd olunub ki, əslində təhsildə islahat olmalıdır, amma təhsil təcrübə poliqonuna çevrilib. Misir Mərdanov təhsilimizi köklü bir problemin içinə yuvarlayıb və ondan sonra gələnlər də onu bu bu vəziyyətdən çıxara bilmir. Bu gün orta məktəbin tədris proqramında verilən bilgi ilə qəbul proqramı-Dövlət İmtahan Mərkəzinin keçirdiyi imtahanın sualları arasında kəskin fərq var. Çünki ortada vəsait mafiyası var, bu fərqdən istifadə edib, milyonlar qazanır. Təbii ki, onlar dediyiniz fərqin aradan qaldırılmasına imkan verməyəcəklər, əks təqdirdə yüz milyonlarla topladıqları vəsaiti itirərlər. Niyə Təhsil Nazirliyi Milli Məclisdə məsələnin həlli ilə bağlı təklif səsləndirmir? Ya Təhsil Nazirliyinin onlara gücü çatmır, ya da nazirlik həmin işbazlarla əlbirdir. Yeri gəlmişkən, regional təhsil idarəsinin təhsil könüllüləri proqramı var. Bu proqram üzrə müəllimləri məktəblərdə imkansız ailələrin övladları üçün əlavə qruplarda hazırlıqları aparmağa cəlb etmək olar. Amma könüllü olduğu üçün bu işi candərdi etməməlidirlər. Həm könüllü müəllimlərin, həm də fakültətiv məşğələlərin köməyi ilə imkansız ailələrin övladlarının universitetlərə çıxışına kömək edə bilərik.
Mingəçevirdə məktəbəqədər müəssisələrə ehtiyacın ödənilməsi və mövcud müəssisələrdə təmir və əsaslı təmir aparılmasına diqqətin artırılması üçün Təhsil Nazirliyinə, Mingəçevirin orta məktəblərində imkansız ailələrin övladlarınının ali təhsilə əlçatanlığını təmin etmək üçün məktəblərdə fakültətiv məşğələlərin imkanlarını və könüllülük hərəkatını dəyərləndirmək üçün Mərkəzi Aran Regional Təhsil İdarəsinə müraciətlər göndərilib.
3) 20 iyul 2024-cü ildə Mingəçevir şəhər İcra Hakimiyyəti yanında İctimai Şuranın növbəti iclası keçirilib. İclasda Mingəçevirdə sahibkarlıq fəaliyyətinə qanunsuz müdaxilə edilməsi, işsizliyin aradan qaldırılması, bağ evlərinə və fərdi torpaq sahələrinə suvarma suyunun verilməsi və Sahil parkında əhalinin istirahətinin normal təşkil olunması ilə bağlı məsələlər müzakirə olunub.
Birinci məsələ barədə şura sədrinin müavini Vaqif Həsənov məlumat verib. O, qeyd edib ki, sahibkar Veyis Abbasovun İctimai Şuraya müraciəti əsasında araşdırma aparıb. Məlum olub ki, sahibkar 20 Yanvar küçəsindəki 39 saylı ünvanda yerləşən qeyri yaşayış sahəsində (keçmiş stomatoloji poliklinika) təmir işləri apararkən yerli dövlət qurumlarının təzyiqləri ilə qarşılaşıb. Diqqətə çatdırılıb ki, binanın texniki layihəsində heç bir dəyişdirilmə aparılmasa da, fasadda təmir zamanı prosesə mane olmaq istəyənlər tapılıb. Amma sahibkarın qətiyyətli mövqeyi və müvafiq təşkilatların sayğı göstərməsi sayəsində uzun müddət davam edən anlaşılmazlıq artıq həllini tapıb. Bütün bunlara baxmayaraq, bəzi dövlət qurumlarının Mingəçevirdə normal sahibkarlıq fəaliyyətinə qanunsuz müdaxilələri davam edir. Xüsusən vaxtilə XDS İcraiyyə Komitəsindən icarəyə götürülmüş torpaqlarda istehsal müəssisələri yaradanlar şəxsi əmlaklarını girov qoyub SİF kreditləri ala bilmirlər, çünki onlara torpağa mülkiyyət çıxarışını əldə etmək üçün şişirdilmiş qiymətlər təklif olunur.
İkinci məsələ barədə şura sədri Fərman Nəbiyev məruzə edib. O, diqqətə çatdırıb ki, şəhərdə işsizliyin aradan qaldırılması istiqamətində aparılan tədbirlər yetərli deyil. Mingəçevir Sənaye Parkı açılanda 6-7 min iş yeri yaradılacağı gözlənilirdi, halbuki parkda çalışanların sayı on dəfədən də azdır. Son illər ərzində bir neçə ticarət obyektinin tikintisinə kifayət qədər torpaq sahəsi ayrılıb, lakin onların yaratdıqları iş yerləri cüzi olub. Ən ciddi problem özəlləşdirilmiş əksər müəssisələrin qapılarının hələ də bağlı bağlı qalmasıdır.
Şura üzvü Rizvan Mikayıllı məhəllələrə, bağ evlərinə və fərdi torpaq sahələrinə suvarma suyunun verilməməsi ilə bağlı danışıb. O, diqqətə çatdırıb ki, ötən əsrin 80-ci illərində Bozdağın ətəklərində müəssisələrə kollektiv bağçılıq məqsədilə torpaq sahələri ayrılıb və sonradan əhali artdıqca həmin ərazilər daimi yaşayış yerlərinə çevrilib. Vaxtilə mövcud bağ sahələrinə suvarma məqsədilə idarə və müəssisələrin, xüsusən Texniki Rezin Məmulatı zavodunun maliyyə vəsaiti hesabına su xətti çəkilib, amma sonradan həmin su xəttini “Azərsu” ASC balansına götürüb. Şəhərdə su-kanalizasiya sistemi yenidən qurulmağa başlayanda “Azərsu” ancaq içməli su satdığını elan edib, Bununla da bağ sahələrinin suvarılmasında ciddi narahatlıqlar yaranıb. Çünki tərkibinə xlor qatılmış içməli su suvarma suyundan çox bahadır, həm də yaşıllıqların qurumasına səbəb olur. Mingəçevir İcra Hakimiyyətinin təşəbbüsü ilə köhnə su xəttinin bərpası qismən mümkün olsa da, bu, ancaq ictimai yaşıllığın suvarılmasına kifayət edib.
Gündəlikdə duran sonuncu məsələ barədə ictimai Şura üzvü İnqilab Şirinli fikirlərini çatdırıb. O, bildirib ki, cəmi 400 metr uzunluğunda olan Sahil parkına yay aylarında gələnlərin sayı həddindən çoxdur, üstəlik ərazidə uşaqları əyləndirmək məqsədilə “xidmət göstərən” çəlləklərdən hazırlanma qatarlar və kiçik maşınlar əhalinin gediş-gəlişinə mane olur. Əvəllər cəmi bir “qatar” və 5-10 maşın var idi, hazırda onların sayı durmadan artır, bu isə yuxarı zolaq boyunca hərəkətə tıxac yaradır. Aşağı zolaqda isə əldəqayırma gəmi və qayıqların yaydığı tüstü və səs, suyun üzərində “üzən” plastik qablar ciddi narahatlıq yaradır. Xüsusən COP-29 kimi böyük və əhəmiyyətli tədbirin Azərbaycanda keçiriləcəyi bir vaxtda Mingəçevirdə Kür sahilinin belə acınacaqlı vəziyyətə düşməsi təəssüf doğurur. Nəzərə almalıyıq ki, tədbir günlərində xarici qonaqların Mingəçevirə gələcəyi də gözlənilir.
İclasın qəraı ilə birinci və ikinci məsələlərlə əlaqədar İqtisadiyyat Nazirliyinə, eyni zamanda şəhərin problemlərini Mingəçevir ictimaiyyəti ilə birgə müzakirə etmək üçün şəxsən nazir Mikayıl Cabbarova müraciət olunub.
Həyət evlərinə və bağ sahələrinə suvarma suyunun verilməsi üçün Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi qarşısında məsələ qaldırılıb. Müxtəlif dövlət qurumlarının və özəl şirkətlərin koordinasiya şəklində şəhərin ekoloji probleminə yanaşması üçün COP29-un müəyyən edilmiş Prezidenti, Azərbaycan Respublikasının ekologiya və təbii sərvətlər naziri Muxtar Babayevə məktub göndərilib.
Mingəçevir şəhər İcra Hakimiyyəti yanında İctimai Şura 21 iyul 2024-cü ildə səlahiyyət müddəti başa çatdığı üçün fəaliyyətini dayandırıb. Həmin vaxtdan hesabat dərc olunanadək İcra Hakimiyyəti yeni İctimai Şuraya seçkilərin keçirilməsi barədə elanını rəsmi internet səhifəsində yerləşdirməyib.
Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.