Mingəçevir şəhər Heydər Əliyev Mərkəzində “Şuşa ili”nə həsr olunmuş “Qarabağın tacı Şuşa” adlı tədbir keçirilib
Mayın 20-də keçirilən tədbirdə Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov, Bərdə Regional Mədəniyyət İdarəsinin rəisi Vəsilə Möhsümova, regional idarənin əhatə etdiyi Bərdə və Tərtər rayonları, Mingəçevir və Yevlax şəhərlərinin mədəniyyət işçiləri iştirak ediblər.
Tədbirdə “Şuşa ili” ilə bağlı Əməkdar rəssam və memar Elturan Avalovun Şuşanın qədim memarlıq abidələrinə həsr etdiyi tabloları sərgilənib və Heydər Əliyev Mərkəzinin əməkdaşı, gənc şair Emil Xanlarovun “Xalqın Xidmətçisi” və “Böyük Qayıdış” kitabları nümayiş olunub.
Tədbir iştirakçıları Ü.Hacıbəyli adına 11 illik musiqi məktəbinin orkestrinin ifasında səslənən “Koroğlu” uverturasını, Bülbül adına 2 nömrəli uşaq musiqi məktəbinin müəllimlərdən ibarət xor kollektivinin oxuduğu Üzeyir Hacıbəylinin “ Ey vətən” və şəhid F.Qasımov adına uşaq incəsənət məktəbinin “İnci” xor kollektivinin ifa etdiyi “Ana vətən” mahnılarını alqışlarla qarşılayıblar. Eyni zamanda musiqi və incəsənət məktəblərinin müəllimlərinin ifasında rəngarəng musiqilər səslənib. Beynəlxalq və Respublika müsabiqələrinin qalibi şəhid F.Qasımov adına uşaq incəsənət məktəbinin “Banu” rəqs qrupunun çıxışı isə izləyicilərdə yüksək əhval-ruhiyyə yaradıb.
Şuşanın tarixi və mədəni həyatından bəhs edən videoçarxın nümayişindən sonra xatirə şəkilləri çəkilib.
Şərhlər bağlıdır.