Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Mingəçevir Mərkəzi Xəstəxanasında akademik Zərifə Əliyevanın 99-cu ildönümü qeyd olunub

Natiqlər Zərifə xanımın gözəl ana, vəfalı ömür-gün yoldaşı, intellektual keyfiyyətləri özündə birləşdirən ziyalı, fitri istedada malik novator alim kimi keyfiyyətlərindən danışıblar

Aprelin 28-də YAP Mingəçevir şəhər təşkilatının 3 saylı Mingəçevir Şəhər Mərkəzi Xəstəxanası Publik Hüquqi Şəxs üzrə ərazi partiya təşkilatında görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın anadan olmasının 99-cu ildönümü münasibətilə  tədbir keçirilib.

Tədbiri giriş sözü ilə açan 3 saylı ərazi partiya təşkilatının sədri, Mingəçevir Şəhər Mərkəzi Xəstəxanası Publik Hüquqi Şəxsin direktoru Abdulqadir Sultanov oftalmologiya sahəsində görkəmli alim, ictimai xadim, Əməkdar elm xadimi, akademik Zərifə Əliyevanın Azərbaycan üçün gördüyü misilsiz xidmətlərdən danışıb. Görkəmli alimin zəngin elmi irsinin bu gün də aktual olduğunu vurğulayan natiq Zərifə Əliyevanın elmi-pedaqoji-ictimai fəaliyyətinin həkimlərin yeni nəslinin yetişməsinə, Azərbaycanda oftalmologiya elminin inkişafına güclü təsir göstərdiyini vurğulayıb.

Sonra Mingəçevir Şəhər Mərkəzi Xəstəxanası Publik Hüquqi Şəxsin Təcili Təxirəsalınmaz Tibbi Yardım şöbəsinin müdiri Allahverdi Alıyev akademik Zərifə xanım Əliyevanın XX əsr Azərbaycan tibb elminin inkişafındakı müstəsna rolundan danışıb. A.Alıyev akademik Zərifə Əliyevanın Azərbaycanın tibb elminin inkişafında, ictimai həyatında mühüm rol oynadığını bildirib.

Tədbirdə çıxış edən “Tələbə” Poliklinikasının müdiri Nurcamal Əsgərova  elmi əsərləri ilə Azərbaycan oftalmologiya elmini inkişaf etdirən akademik Zərifə Əliyevanın əvəzsiz xidmətlərini xüsusi qeyd edib. O, alimin traxoma xəstəliyinə qarşı mübarizə aparmasından, oftalmologiyanın aktual istiqamətlərindəki tədqiqatlarından da bəhs edib. Qeyd edib ki, 1981-ci ildə oftalmologiyanın inkişafına verdiyi böyük töhfəyə – görmə orqanının peşə patologiyası sahəsində apardığı elmi tədqiqatlara görə akademik Zərifə Əliyeva ən yüksək mükafata – SSRİ Tibb Elmləri Akademiyasının akademiki M.İ.Averbax adına mükafata layiq görülən ilk qadın olub. N.Əsgərova akademik Zərifə Əliyevanı gözəl ana, vəfalı ömür-gün yoldaşı, intellektual keyfiyyətləri özündə birləşdirən ziyalı, fitri istedada malik novator alim kimi xarakterizə edib.

Sonda tədbirdə iştirak edən YAP Mingəçevir şəhər təşkilatının sədri Cavanşir Yusubov qeyd edib ki, hər bir xalqın tarixində, elmində mühüm rol oynamış şəxsiyyətlər vardır ki, illər keçdikcə onlar nəinki unudulur, əksinə daha böyük hörmət və ehtiramla yad olunur, həyatı, yaradıcılığı və elmi irsi müasir insanlar tərəfindən diqətlə araşdırılır və öyrənilir. Belə şəxsiyyətlərdən biri Azərbaycanın tibb elmində və ictimai-siyasi həyatında böyük yeri olan görkəmli oftalmoloq, akademik  Zərifə  xanım Əliyevadır. Zərifə xanım Əliyeva təkcə elmi fəaliyyəti ilə deyil, ictimai-siyasi həyatdakı fəal mövqeyi, eləcə də qayğıkeş insan, layiqli həyat yoldaşı və əsil azərbaycanlı anası kimi də tariximizə düşmüşdür.

O, görkəmli ictimai-siyasi xadim Əziz Əliyevin ailəsində dünyaya göz açmış və həyatın çətin sınaqlarını görmüş, ulu öndər, ümummilli lider Heydər Əliyevin ömür-gün yoldaşı kimi həyatın çətin, keşməkeşli, həm də şərəfli yollarında onunla birgə addımlamış, Azərbaycan dövlətinin lideri və prezidenti cənab İlham Əliyev kimi övlad böyütmüşdür.

Nə qədər ki, Azərbaycan xalqı var, Azərbaycan dövləti var, Ulu öndər Heydər Əliyev ilə  birlikdə onun da adı tariximizə yoldaşlıq edəcək, onunla bir addımlayacaqdır.

Bununla da tədbir öz işini başa vurdu.

 

YAP Mingəçevir Şəhər Təşkilatı

Şərhlər bağlıdır.