Azərbaycan Respublikasının Gənclər Fondu tərəfindən sosial baxımdan həssas ailələrdən olan istedadlı gənclərin təhsil xərclərinin qarşılanması üzrə elan edilən növbəti müsabiqənin nəticələri açıqlanıb. 2021-2022-ci və ya 2022-2023-cü tədris illəri üzrə 431 tələbə və magistrantın təhsil xərci Gənclər Fondu tərəfindən qarşılanacaq. Təhsil xərci qarşılananlar arasında Mingəçevir Dövlət Universitetinin (MDU) 23 tələbəsi də yer alıb.
Müsabiqə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq tapşırığına əsasən təhsilin gənclər üçün daha da əlçatan edilməsi və insan kapitalının inkişafına dəstəyin göstərilməsi məqsədilə keçirilib. Müasbiqə zamanı müraciətçilərin davamiyyəti, akademik göstəriciləri, yerli və beynəlxalq miqyasda əldə etdiyi nailiyyətləri, sosial həssaslıq dərəcəsi və ictimai fəallığı nəzərə alınıb.
Dekabrın 21-də Gənclər Fondunun elan etdiyi müsabiqənin qalibləri ilə görüş keçirilib. Görüşdə elm və təhsil naziri Emin Əmrullayev, Milli Məclisin sədr müavini Adil Əliyev, əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Əliyev, Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərov, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Gənclərlə işin təşkili sektorunun müdiri Həmid Nəsibov, ali və orta ixtisas təhsili müəssisələrinin rəhbərləri, müsabiqə qalibləri iştirak ediblər. Görüş zamanı qalib gənclərlə bağlı infoqrafik videolar nümayiş etdirilib və onlarla müqavilələr imzalanıb.
Qeyd edək ki, gənclərin elm, təhsil, mədəniyyət və digər sosial sahələrdə fəaliyyətlərini stimullaşdıran, eləcə də ali təhsilə əlçatanlığın artırılmasına töhfə verən Gənclər Fondunun imkanlarından tələbələrin maksimum faydalana bilməsi MDU-da diqqətdə saxlanılır.
Şərhlər bağlıdır.