2024-cü ilin noyabrın 6-da Mingəçevir Dövlət Universiteti Tələbələrlə iş və tədbirlərin təşkili şöbəsinin və Xarici dillər kafedrasının birgə təşkilatçılığı ilə “8 Noyabr – Zəfər Günü”nə həsr olunmuş “Zəfərin mübarək ey şanlı Azərbaycan” adlı tədbir keçirilib. Tədbirdə şəhid ailələri, Vətən müharibəsi qaziləri, MDU-nun bir qrup akademik və inzibati heyət üzvü, tələbə və magistrantları iştirak edib. Tədbir Ümummilli Lider Heydər Əliyevin və torpaqlarımızın ərazi bütövlüyü uğrunda canından keçən qəhrəman Şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi və Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Tədbirin açılışında MDU-nun rektor v.m.i.e. Üzeyir Zeynalov 8 Noyabr – Zəfər Günü münasibətilə tədbir iştirakçılarını təbrik edib. Otuz il ərzində ermənilərin Azərbaycan ərazisinin 20 faizini işğal altında saxlaması, münaqişənin sülh yolu ilə həlli istiqamətində aparılan danışıqların nəticəsiz qalması və ermənilərin tez-tez hərbi təxribatlara əl atmasından söhbət açan Üzeyir Zeynalov bütün bunların 44 günlük Vətən müharibəsinin başlanmasına zəmin yaratdığını deyib. Müzəffər Ali Baş Komandanımızın müdrik rəhbərliyi, rəşadətli Azərbaycan Silahlı Qüvvələrinin məğlubedilməz gücü sayəsində ölkəmizin ərazi bütövlüyü və suverenliyi tam təmin olunub. Bütün bunlar digər sahələrdə olduğu kimi, hərbi sahədə də ölkə rəhbərliyi tərəfindən uğurlu siyasət aparıldığını bir daha sübut edir. Həmçinin, Zəfərin qazanılmasında qəhrəman şəhidlərimizə və qazilərimizə borclu olduğumuzu bildirib.
Daha sonra, Zəfər Gününə həsr olunmuş videoçarx nümayiş etdirilib. Maraqla qarşılanan çıxışlardan sonra tədbir bədii hissə ilə davam edib. Bədii hissədə MDU tələbələrinin və müəllimlərinin təqdimatında vətənpərvərlik mövzusunda rəqslər və musiqilər ifa edilib.
Qeyd edək ki, MDU-da ümumtəhsil məktəbləri ilə birlikdə tarixi günlərə həsr edilmiş tədbirlərin keçirilməsinə xüsusi diqqət yetirilir, gənclərin vətənpərvərlik ruhunda yetişdirilməsi məqsədilə onlar arasında müvafiq maarifləndirmə və təbliğat işlərinin gücləndirilməsinə önəm verilir. Zəfər Gününə həsr olunan birgə tədbir də bu məqsədə hədəflənib.
Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.