Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Mingəçevir Dövlət Universitetində “Bir saat, min düşüncə” layihəsi çərçivəsində qazilərlə unudulmaz görüş keçirilib

33

Azərbaycan Respublikası Gənclər Fondunun dəstəyi ilə həyata keçirilən “Bir saat, min düşüncə” layihəsi çərçivəsində Mingəçevir Dövlət Universitetində (MDU) xüsusi əhəmiyyət kəsb edən görüş təşkil olunub. Layihənin son mərhələsi kimi baş tutan bu tədbir universitet ictimaiyyəti və tələbələr üçün həm mənəvi, həm də maarifləndirici baxımdan böyük əhəmiyyət daşıyıb.

MDU-nun ev sahibliyi ilə keçirilən tədbirdə 20 nəfər Vətən müharibəsi qazisi universitetin qonağı olub. Görüşə universitetin müxtəlif fakültələrində, xüsusilə sosial və psixoloji ixtisaslarda təhsil alan 120 nəfərdən çox tələbə, eləcə də akademik heyət böyük maraq göstərib. Tədbirin əsas məqsədi qazilərin həyat təcrübələrinin gənclərlə bölüşülməsi, onların psixoloji və sosial dəstəyə olan ehtiyaclarının daha yaxşı anlaşılması və tələbələrdə vətənpərvərlik ruhunun möhkəmləndirilməsi olub.

Qazilər ilk olaraq Mingəçevir Dövlət Universitetində yaradılmış vətənpərvərlik ruhunu əks etdirən xüsusi guşələrlə tanış olublar. Bu guşələrdə Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərin xatirəsinə həsr olunmuş materiallar, fotoşəkillər və digər simvolik nümunələr nümayiş etdirilib. Qonaqlar universitetin bu istiqamətdə həyata keçirdiyi təşəbbüsləri yüksək qiymətləndiriblər.

Daha sonra qonaqlar universitetin Pedaqogika və Psixologiya kafedrasının baş müəllimi, tanınmış psixoloq İlhamə İsmayılova tərəfindən universitetin bufetində qarşılanıblar. Burada təşkil edilən səmimi görüş zamanı qazilər və universitet nümayəndələri arasında qeyri-rəsmi fikir mübadiləsi aparılıb, layihənin məqsədləri və gözləntiləri müzakirə edilib.

Görüşün əsas hissəsi universitetin böyük akt zalında baş tutub. Tədbir çərçivəsində qazilərlə geniş panel müzakirəsi təşkil olunub. Qazilər çıxış edərək döyüşə hazırlıq mərhələləri, cəbhədə yaşadıqları çətinliklər, döyüş yoldaşları ilə bağlı xatirələr və müharibədən sonrakı həyatları barədə səmimi fikirlərini bölüşüblər. Onların həyat hekayələri tələbələr tərəfindən böyük maraqla qarşılanıb.

Panel müzakirəsi zamanı tələbələr qazilərə müxtəlif suallar ünvanlayıblar. Bu suallar əsasən döyüş psixologiyası, müharibədən sonra sosial həyata adaptasiya, motivasiya və vətənə xidmət kimi mövzuları əhatə edib. Qazilər isə öz təcrübələrini bölüşərək gənclərə həyat dərsləri verən dəyərli tövsiyələr səsləndiriblər.

Layihənin nəticələri göstərir ki, qazilər döyüşə hazırlıq mərhələləri, döyüş xatirələri və müharibədən sonrakı həyat fəaliyyətləri barədə düşüncələrini bölüşməkdə olduqca maraqlıdırlar. Onların diqqətlə dinlənilməsi, problemlərinin və təcrübələrinin paylaşılması cəmiyyət üçün böyük əhəmiyyət daşıyır. Layihə komandası üçün qazilərin qayğısına qalmaq və onları dinləmək xüsusi qürur və məsuliyyət hissi yaradır.

Qeyd edək ki, Mingəçevir Dövlət Universitetinin Pedaqogika və Psixologiya kafedrasının nəzdində fəaliyyət göstərən “Qazilərə sosial-psixoloji xidmət” mərkəzinin standartlarına uyğun olaraq bu istiqamətdə fəaliyyətlərin davam etdirilməsi nəzərdə tutulur. Bu təşəbbüs gənclərin sosial məsuliyyət hissinin formalaşdırılması və qazilərə göstərilən psixoloji dəstəyin gücləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. Tələbələrin də bu prosesdə fəal iştirak etməsi və məsuliyyəti dərk etməsi universitet rəhbərliyi və layihə komandası tərəfindən yüksək qiymətləndirilir.

Layihənin həyata keçirilməsi müddətində göstərilən dəstəyə görə Mingəçevir Dövlət Universitetinin rektoru Anar Eminova, Pedaqogika və Psixologiya kafedrasının baş müəllimi, psixoloq İlhamə İsmayılovaya, təşkilati dəstəyə görə Aynur Quliyevaya, Şəbnəm İslamovaya və layihədə fəal iştirak edən tələbələrə xüsusi təşəkkür bildirilib.

“Bir saat, min düşüncə” layihəsi qazilərlə gənclər arasında səmimi dialoqun qurulması, onların həyat təcrübələrinin gələcək nəsillərə ötürülməsi və vətənpərvərlik dəyərlərinin möhkəmləndirilməsi baxımından mühüm sosial təşəbbüs kimi yadda qalıb. Tədbir iştirakçıları bu cür görüşlərin davamlı keçirilməsinin vacibliyini vurğulayıblar.

Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.