MDU idarəetmə və tədris proseslərinin beynəlxalq standartlara uyğunlaşdırılması istiqamətində mühüm addım atdı.
Mingəçevir Dövlət Universiteti (MDU) idarəetmə və tədris proseslərinin beynəlxalq standartlara uyğunlaşdırılması istiqamətində daha bir mühüm addım atır. Belə ki, adıçəkilən ali təhsi ocağı rəsmi olaraq ISO 9001:2015 – Keyfiyyətin İdarəedilməsi Sistemi və ISO 21001:2018 – Təhsil Təşkilatları üçün İdarəetmə Sistemi üzrə beynəlxalq sertifikatların əldə olunması prosesinə başlayıb.
Mİ-NEWS.az xəbər verir ki, hazırda MDU-da universitetin bütün struktur bölmələrində idarəetmə, tədris, xidmət və daxili keyfiyyət təminatı mexanizmlərinin beynəlxalq standartlara uyğunlaşdırılması istiqamətində hazırlıq işləri aparılır. Rektor Anar Eminov bildirib ki, bu təşəbbüs universitetdə şəffaf idarəetmə, davamlı inkişaf və beynəlxalq rəqabət qabiliyyətinin artırılması baxımından xüsusi əhəmiyyət daşıyır:
“Mingəçevir Dövlət Universiteti olaraq qarşımıza qoyduğumuz əsas hədəflərdən biri də tədris və idarəetmə keyfiyyətini beynəlxalq standartlara uyğunlaşdırmaqdır. ISO 9001 və ISO 21001 sertifikatlarının əldə olunması universitetimizin şəffaflıq, etibarlılıq və effektivlik prinsiplərinə əsaslanan fəaliyyətini daha da gücləndirəcək. Bu addım tələbə, müəllim və əməkdaşlarımız üçün daha keyfiyyətli təhsil mühitinin formalaşmasına, eyni zamanda beynəlxalq əməkdaşlıqlarımızın genişlənməsinə imkan yaradacaq.”
Rektor bu beynəlxalq sertifikatların əldə edilməsinin MDU-nun strateji inkişaf planına uyğun olaraq həm yerli, həm də beynəlxalq miqyasda nüfuzunun artmasına, universitetin regional və qlobal təhsil məkanında mövqelərinin möhkəmlənməsinə xidmət edəcəyinə əminliyini ifadə edib.
Qeyd edək ki, ISO 9001:2015 keyfiyyətin idarə edilməsi sistemlərinin qurulması və tətbiqi üzrə dünyanın ən geniş tanınan standartıdır. ISO 21001:2018 isə xüsusi olaraq təhsil təşkilatları üçün hazırlanmış idarəetmə standartıdır və tədris prosesinin keyfiyyətini, maraqlı tərəflərin – tələbə, müəllim, valideyn və cəmiyyətin gözləntilərinin təmin edilməsini hədəfləyir.
Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.