Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Mingəçevir Dövlət Universiteti (MDU) 11-ci Bakı Beynəlxalq Kitab Sərgisində iştirak edir.

38

Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə 1–7 oktyabr tarixlərində Bakı Ekspo Mərkəzində keçirilən 11-ci Bakı Beynəlxalq Kitab Sərgisi bu il də elm, təhsil və mədəniyyət ictimaiyyətinin diqqət mərkəzindədir.

Ölkənin kitab sənayesində ən nüfuzlu tədbirlərdən biri sayılan sərgidə Mingəçevir Dövlət Universiteti fəal şəkildə təmsil olunur. MDU-nun sərgi stendində universitetin elmi nəşrləri, müəllim və tələbələrin qələmə aldıqları kitab və məqalələr nümayiş etdirilir. Eyni zamanda sərgi iştirakçılarına MDU-nun akademik mühiti, tədris və tədqiqat istiqamətləri, beynəlxalq əməkdaşlıq imkanları barədə geniş məlumat verilir.

Sərginin ilk günlərindən MDU-nun stendi millət vəkilləri, dövlət rəsmiləri, ziyalılar və qonaqlar tərəfindən ziyarət olunmuş, universitetin təqdim etdiyi materiallara böyük maraq göstərilib.

Mingəçevir Dövlət Universitetinin rektoru Anar Eminov sərgidə iştirakın əhəmiyyətini vurğulayaraq qeyd edib:

“Bakı Beynəlxalq Kitab Sərgisi ölkəmizdə elm, təhsil və mədəniyyətin təbliği baxımından xüsusi əhəmiyyət kəsb edir. MDU olaraq bu tədbirdə iştirak etməyimiz elmi potensialımızı, müəllim və tələbələrimizin yaradıcılıq nümunələrini geniş ictimaiyyətə təqdim etmək üçün böyük imkan yaradır. Bu cür platformalar gənclərin kitaba marağını artırmaqla yanaşı, universitetin beynəlxalq əlaqələrinin möhkəmlənməsinə də xidmət edir”.

7 gün davam edəcək sərgidə bu il 23 dövlətdən 68 xarici təşkilat və 123 yerli nəşriyyat, poliqrafiya və ali təhsil müəssisəsi iştirak edir.

Qeyd edək ki, MDU-nun 11-ci Bakı Beynəlxalq Kitab Sərgisində iştirakı universitetin elmi və tədris nailiyyətlərinin daha geniş auditoriyaya çatdırılması baxımından mühüm əhəmiyyət daşıyır. Tədbir həmçinin gənc nəslin intellektual inkişafına, kitab və elm sevgisinin gücləndirilməsinə dəyərli töhfə verir.

Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.