Mingəçevir Dövlət Dram Teatrında 57-ci Mövsümün ilk iclası keçirildi
09 sentyabr 2024-cü il tarixində Mingəçevir Dövlət Dram Teatrında 57-ci mövsümün ilk iclası keçirilib. İclası giriş sözü ilə açan teatrın direktoru İntiqam Soltan, əvvəlki mövsümün uğurlarını xatırladaraq kollektivə təşəkkür edib və növbəti yaradıcılıq ilində onlara uğurlar arzu edib.
Mədəniyyət Nazirliyinin COP 29 tədbirlər planı çərçivəsində iqlim dəyişikliyi ilə mübarizə mövzusunda önəmli layihələrin teatr səhnəsində həyata keçirilməsinin vacibliyini vurğulayan İ. Soltan, bu layihələrin yalnız sənət yox, eyni zamanda cəmiyyətə təsir göstərən vacib bir addım olacağını, teatrın iqlim dəyişikliyinə qarşı qlobal mübarizədə mühüm bir tribuna rolunu oynayacağını bildirib.
İntiqam Soltan teatrın yaradıcı kollektivinə yeni mövsümdə həyata keçiriləcək layihələr və tamaşalar haqqında geniş məlumat verdi, qarşıya qoyulan hədəflərin strateji baxımdan teatrın inkişafına böyük töhfə verəcəyini vurğuladı. Mədəniyyət Nazirliyinin COP 29 iqlim dəyişikliyi ilə mübarizə planları çərçivəsində təqdim ediləcək tamaşaların yalnız yerli auditoriya üçün deyil, beynəlxalq səviyyədə də teatrın nüfuzunu artıracağı müzakirə edildi.
Bununla yanaşı, teatrın repertuarının daha da zənginləşdirilməsi, Azərbaycan mədəni irsinin təbliği, gənc istedadların inkişafı və yeni tamaşaların seçilməsi ilə bağlı fikir mübadiləsi aparıldı. İdarə heyətinin üzvləri teatrın strateji inkişaf xəritəsində prioritetləri müzakirə edərək, kollektivin qarşıdakı yaradıcı və texniki tapşırıqlarını birgə müəyyənləşdirdilər. Bu müzakirələr çərçivəsində gənclərin teatr sənətinə marağının artırılması, mövcud layihələrin daha geniş auditoriyalara çatdırılması və teatrdakı texniki imkanların modernləşdirilməsi də gündəmə gətirildi.
Kollektivə yeni ədəbi hissə müdiri Aynur Arazqızının təqdim edən direktor, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin magistr məzunu, həmçinin Elm və Təhsil Nazirliyinin qrant layihələri üzrə eksperti və “Azərbaycan Müəllimi” qəzetinin regional təmsilçisi olaraq teatrın ədəbi istiqamətində yeni bir nəfəs gətirəcəyinə əminliyini ifadə edib.
İ. Soltan teatrın gənc və istedadlı aktyoru Rövşən Zeynoluvu Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin nəznində fəaliyyət göstərən Humanitar Kollecin aktyor sənəti fakültəsinə qəbul olunması münasibətilə təbrik edib. Mingəçevir teatrının bu günə qədər yetişdirdiyi peşəkar aktyorların sırasına Rövşənin də qatıldığını qeyd edən direktor teatrın peşəkar aktrisası, Xalq artisti Ella Yaqubovaya teatrın gənc istedadların yetişdirilməsində göstərdiyi dəstəyinə və misilsiz xidmətlərinə görə minnətdarlığını ifadə edib.
Sentyabrın 21-də Kür çayı sahilində açıq havada keçiriləcək mövsümün rəsmi açılış tədbirindən bəhs edən direktor, bu mövsümün yalnız yaradıcı uğurlarla dolu olmayacağını, həm də Azərbaycan mədəni irsinin daha da geniş təbliği və zəngin yaradıcılıq nümunələri ilə dolu olacağını vurğulayaraq kollektivə müvafiq tapşırıqlar verib.
Tədbirin rəsmi hissəsi başa çatdıqdan sonra iclas idarə heyətinin cari məsələlər üzrə müzakirəsi ilə davam etdirildi. Bu müzakirələr, teatrın 57-ci mövsümündə həyata keçiriləcək fəaliyyətlərin yalnız səhnə əsərləri ilə məhdudlaşmayacağını, həm də geniş strateji hədəfləri əhatə edəcəyini göstərdi.
Qeyd edək ki, teatrın gələcək inkişafı ilə bağlı qəbul edilən qərarlar, Mingəçevir Dövlət Dram Teatrının yalnız Azərbaycanın mədəni irsini qorumaqla kifayətlənməyəcəyini, eyni zamanda yeni yaradıcılıq üfüqlərinə doğru inamla addımlayacağını bir daha təsdiqlədi.
Şərhlər bağlıdır.