Mingəçevir 75 yaşında
Yubiley münasibətilə silsilə tədbirlər təşkil olunub
11 noyabr 2023-cü ildə Mingəçevirin 75 yaşı qeyd olunub. Tədbir Heydər Əliyevin abidəsinin və Şəhidlər Xiyabanının ziyarəti ilə başlayıb. Sonra Mingəçevir Su Elektrik Stansiyası ilə tanışlıq olub. Stansiyanın giriş qapısı önündə Mingəçevir Dövlət Dram Teatrının (MDDT) aktyorları Səməd Vurğunun “Muğan” poemasından bir parçanı nümayiş etdiriblər. Stansiyanın direktoru Oqtay Pirverdiyev Mingəçevir SES-in yaranma tarixi və bu günkü iş göstəriciləri ilə bağlı məlumat verib.
Həmin gün Səməd Vurğun meydanında idmançılarıln rəngarəng çıxışları, Kür çayı sahilində şəhər məktəblərinin sərgiləri və Məhəmməd Fizuli parkı boyunca sənaye və ticarət obyektləri məhsullarının təqdimatı, yubiley tortunun kəsilməsi, MDDT-nın qarşısında kitab sərgisi və konsert yadda qalan izlər buraxıb.
Tədbirin rəsmi hissəsi teatr binasının tamaşa salonunda baş tutub. Heydər Əliyevin və şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Mingəçevir haqqında sənədli filmin nümayişindən sonra şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov geniş məruzə edib.
Sonra təbrik çıxışları dinlənilib. Millət vəkili Aydın Mirzəzadə, Qazaxıtsanın Uralsk şəhərinin nümayəndəsi Altay Esmaquluyeviç, Türkiyə Respublikasının Gəncə şəhərindəki konsulu Receb Öztop, Mingəçevir Dövlət Universitetinin rektoru Şahin Bayramov, əmək veteranlarından Adil Kərimov, Hacıxəlil Ənsərov, Adil İsmayılov, Mayıl İsmayılov, Ağagül Əliyev, sənaye işçisi Vaqif Həsənov, QHT rəhbəri Əlağa Bəndəliyev təbriklərini çatdırıb və xatirələrini bölüşüblər.
Şəhərin inkişafında xidmətləri olan bir qrup şəxsə İcra Hakimiyyəti adından fəxri fərmanlar təqdim olunub. Axşam saatlarında Heydər Əliyev Meydanında bayram konserti və atəşfəşanlıq, “Xarı bülbül” şadlıq sarayında isə banket təşkil edilib.
Şərhlər bağlıdır.