Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Mingəçevirdə səsverməyə gələnlərin ardı-arası kəsilmirdi

1-ci qrup əlilliyi olan Vüsal Məsiyev: “Səhhətimlə bağlı əvvəlki seçkilərdə aktiv iştirak edə bilməmişəm. Amma bu gün özümü çox gümrah hiss etdim. Ona görə də vətəndaşlıq borcumu yerinə yetirdim”.

Qarlı və yağışlı qış günlərinin ardınca fevralın 7-də Mingəçevirdə günəşli hava hamını evindən küçəyə çıxmağa çağırırdı. Seçki məntəqələrini gəzdikcə yolboyu və məntəqələrin qarşısında qələbəlik hiss edirdik. İlk baş çəkdiyimiz Energetiklər qəsəbəsindəki Mədəniyyət Mərkəzində yerləşən 54 saylı Mingəçevir seçki dairəsinin 25 saylı məntəqəsinin önünə də onlarla insan toplaşmışdı. Biz onlardan birinə yaxınlaşdıq. Təqaüdçü Məzahir Məhyəddinov dedi ki, bu seçkiyə böyük ümidlərlə gəlib: “Arzu edirəm ki, yeni seçilən prezident müharibə olmağa qoymasın, bundan sonra da sülh şəraitində və firəvan  yaşayaq. Körpələrimizə uşaq pulu verilməsini, təqaüdlərimizin artmasını, bazarda qiymətlərin süni şəkildə qalxmasının da qarşısısını almasını istərdim. Bizim bir prezidentimiz var və onu da indidən təbrik edirəm”.

Məntəqə komissiyasının sədri Mütəllim Nəsibovun məlumatına görə, ərazi üzrə 1198 seçici qeydə alınıb: “Onların 8-i ilk dəfə səs verənlərdir. 3 nəfərin isə yaşı 80-dən yuxarıdır. Səhər saat 10-dək 209 nəfər bülleten alıb və öz iradəsinə uyğun olaraq istədiyi namizədə səs verib”.

53 saylı Yevlax-Mingəçevir seçki dairəsinin  45 saylı məntəqəsi sağ sahil qəsəbəsində, 11 saylı orta məktəbdə yerləşir. Komissiya sədri Salman İmanov bildirdi ki, ərazidə 1252 seçici var və onların hamısına seçki gününə qədər bildiriş göndərilib: “Məntəqə açılandan seçicilərin fəallığı hiss olunur. Xüsusən 80 yaşdan yuxarı insanların seçkiyə gəlməsi maraq doğurur. Onların sayı 50 nəfəri keçir. 3 nəfər isə daşınar qutu üçün müraciət edib və onların evlərinə qutu göndərilib. Qonşu rayonlarda əmək fəaliyyəti ilə məşğul olan şəxslər də səhər tezdən səsvermədə iştirak ediblər”.

Körpə uşağı ilə səsverməyə gələn Ramin Balakişiyev  və Ləman Soltanova seçkinin şəffaf keçdiyini diqqətə çatdırdılar. Ramin əlavə etdi ki, bircə gözləntisi var: “Prezidentimizi yenidən  prezident görmək ən böyük arzumdur. O, dəyişilməsin”.

Mingəçevirdəki Texniki Humanitar Liseyin binasında yerləşən 122 saylı Xankəndi  seçki dairəsinin 7 saylı məntəqəsində komissiya sədri Seymur Məhərrəmovun dediyinə görə, 217 seçici qeydiyyata alınıb. Onlar Mingəçevirlə bərabər Yevlax, Ağdaş və Göyçay rayonlarında məskunlaşmış şəxslərdir. Əksəriyyəti yaşlılardır.

Bu məntəqədə ATƏT-in uzunmüddətli müşahidəçiləri Yurgen Speidel və Elia Varela-Serra ilə görüşüb, fikirlərini öyrənməyə çalışdıq. Elia xanım diqqətimizə çatdırdı ki, yanvarın 3-dən Bakıdadırlar: “Bir neçə günlük təlimdən sonra Mingəçevirə gəlmişik. Ötən müddətdə dairə və məntəqə seçki komissiyaları ilə mütəmadi görüşlərimiz olub. Təbliğat-təşviqat kampaniyasını müşahidə etmişik. Biz rəsmi dövlət təşkilatları, vətəndaş cəmiyyəti və müstəqil media qurumları nümayəndələri ilə də görüşmüşük. Şənbə günü ölkəyə 250 qısamüddətli müşahidəçi gəlib. 2 gün bundan qabaq Mingəçevirdə 14 qısa müddətli müşahidəçini qəbul etdik. Onlar Mingəçevir, Yevlax, Bərdə, Tərtər, Goranboy, Naftalan ərazilərində 7 dairənin ərazisini müşahidə edirlər. Uzunmüddətli, eləcə də bu bügünkü  müşahidələrimizin nəticələri seçkidən bir ay sonra təkliflərlə geniş hesabat formasında təqdim olunacaq. İlkin hesabatımız isə sabah günorta ictimaiyyətə açıqlanacaq”.

10 saylı orta məktəbdə yerləşən 54 saylı dairənin 22 saylı mətəqəsində səs verən 1357 seçicidən biri Leyla Mahmudludur. 18 yaşlı gənc Şəki Musiqi Kollecində fortepiano ixtisası üzrə təhsil alır. “Çox həyəcanlı idim. Həm də sevincliyəm. Çünki ilk dəfə səs verdim.”-Leyla dedi.  Komissiyanın üzvü Atəş Məmmədov isə müxbirimizə bildirdi ki, saat 11.50-dək 470 nəfər səsvermədə iştirak edib.

Mingəçevir Dövlət Dram Teatrının binasında yerləşən 54 saylı seçki dairəsinin 36 saylı məntəqəsində də seçici fəallığının şahidi olduq. Komissiya sədri Vüsal Məmmədovun açıqlamasına görə. 1115 seçicinin 410 nəfəri saat 12-dək bülleten alıb. Onlardan biri də 1-ci qrup əlilliyi olan Vüsal Məsiyev idi. “1991-ci ildə doğulmuşam. Səhhətimlə bağlı əvvəlki seçkilərdə aktiv iştirak edə bilməmişəm. Amma bu gün özümü çox gümrah hiss etdim. Ona görə də vətəndaşlıq borcumu yerinə yetirdim.  İnanıram ki, ölkəmizdə əlilliyi olan şəxslərlə bağlı bundan sonra da  böyük işlər davam etdiriləcək”.

Mingəçevir Statistika İdarəsində, 54 saylı seçki dairəsinin 12 saylı məntəqəsində Sosioloji Tədqiqatlar Mərkəzi MMC-nin Exit-poll apardığını da müşahidə etdik. Qurumun nümayəndəsi Müşfiq Tarıverdiyev bildirdi ki, 10 nəfərlik komanda ilə 5 məntəqədə müşahidə aparırlar. Həmin məntəqədə yerli müşahidəçi kimi çalışan Aygün Fərruxova isə dedi ki, seçki başlayandan burdadır: “Səhər tezdən daha çox seçici gəlmişdi. Amma indi də arası kəsilmir. Təxmini hesablama görə, günorta birə kimi gələnlərin sayı 500-ü keçib”.

Məntəqə komissiyası sədri Dilşad İlyasovanın məlumatına görə, məntəqə üzrə 1261 seçici qeydə alınıb.

MSK-nın məlumatına görə, 7 fevral 2024-cü ildə keçirilən növbədənkənar prezident seçkilərində 54 saylı Mingəçevir Seçki Dairəsi üzrə 51427 seçici qeydə alınıb və saat 15.00-dək onların 27625 nəfəri (53,72%) səs verib. Ölkə üzrə isə bu göstərici 60,54% təşkil edib.

Şərhlər bağlıdır.