Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Mingəçevirdə işsiz gənc analar hüquqi sahədə ilkin biliklərə yiyələndilər

4 gün davam edən təlim “Mingəçevirdə Valideyn Təlatümü” təşəbbüsü çərçivəsində baş tutub

182

Bu həftə “Mingəçevirdə Valideyn Təlatümü” təşəbbüsü üzrə növbəti təlim keçirilib. Təşəbbüsə təlimçi qismində qatılan Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin regional koordinatoru və mediator Ayaz Ədilov ilk gün “buzqıran” formatında fərdi bacarıq və maraqları müəyyən edib, təhsil üzrə baza məlumatlılığının yoxlanılması üçün 12 sualdan ibarət test qiymətləndirilməsi aparıb. O, iştirakçılara hazırki təhsil qanunvericiliyi, normativ aktlar, imtiyazlar və qrantlarla bağlı məlumatlar da verib.

Növbəti günlərdə subyektin bacarıqlarını qiymətləndirməklə proqnozlaşdırılmış təhsil istiqamətinin qurulması, “Z-α” nəsillərarası peşə baxışlarını müəyyənləşdirmə qaydaları, gələcəyin peşələri, onların əlçatanlıq istiqamətlərinin öyrənilməsi haqda fikir mübadilələri aparılıb. Təlimin gedişatı barədə “mi-news.az”ın sualarını cavablandıran Ayaz Ədilov deyib: “Biz hazırki təhsil siyasəti və qərarlarında müasir təhsil istiqamətinə mane olan məsələlərə başlıca diqqət yetirdik. İzah etdik ki, ənənəvi təhsil modelindən yeni təhsil proqramlarına keçid üçün gərəkli fənləri, xüsusən İT, məntiq, şahmat, əxlaq, din və xranoloji tarixi öyrənmək  daha vacibdir. Təhsilə kompleks yanaşma olmalıdır: bağca, məktəbəqədər, məktəb və ali təhsil pillələri üzrə modelləşdirmə və optimallaşdırma individual aparılmalıdır”.

4 gün davam edən təlimdə təhsil siyasəti, normativ aktların, o cümlədən yeni təhsil modellərinin hazırlanmasında valideyinlərin iştirakı və səsi, təkliflərin kollektiv təqdimatı, sahibkar olmağın qanuni yolları barədə də bilgi verilib.

Mingəçevir Valideynlər Assosiasiyası İctimai Birliyinə məxsus təşəbbüs Avropa İttifaqının maliyyələşdirdiyi və BMT-nin İnkişaf Proqramının həyata keçirdiyi “Azərbaycanda innovasiya əsaslı və dayanıqlı vətəndaş cəmiyyətinin inkişafı” layihəsi çərçivəsində Mingəçevir Resurs Mərkəzi tərəfindən icra edilir.

Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.