Mingəçevir şəhər İcra Hakimiyyəti yanında İctimai Şuranın 2022-ci ildəki fəaliyyəti barədə hesabat
Ötən ilin iyul ayında Mingəçevirdə seçki yolu ilə yaradılan yeni qurum qısa müddətdə ictimai mühitə nə gətirdi?
Mingəçevir Şəhər İcra Hakimiyyəti yanında İctimai Şura 2023-cü ildə ilk iclasını keçirib. İclasda ötən ilin yekunları ilə bağlı hesabat dinlənilib və bu il üçün fəaliyyət planı təsdiq olunub. Hesabatla aşağıda tanış ola biərsiniz.
Mingəçevir şəhər İcra Hakimiyyəti yanında İctimai Şuraya seçkilər 2022-ci il iyul ayının 16-da keçirilib. İyul ayının 20-də isə Şuraya seçkilər üzrə komissiyanın sədri, Mingəçevir Şəhər İcra Hakimiyəti başçısının müavini Hikmət Kərimovun iştirakilə şuranın ilk iclası keçirilib, şura üzvləri arasından sədr, müavin və katib seçilib.
05 avqust 2022-ci ildə Şura sədrinin təklifi ilə növbəti iclas keçirilib və Mingəçevir İcra Hakimiyyəti yanında İctimai Şuranın Əsasnaməsi və Davranış Kodeksi, şura üzvlərindən ibarət komissiyaların tərkibi müzakirəyə çıxarılıb.
Şura sədrinin Azərbaycan Respublikasının Konstitusiyası, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr və “İctimai İştirakçılıq haqqında” Azərbaycan Respublikası Qanununa müvafiq olaraq hazırladığı Əsasnamə Mingəçevir şəhər İcra Hakimiyyəti yanında məşvərətçi qurum kimi fəaliyyəti tənzimləyir. Əsasnamə “İctimai şuranın yaradılması qaydası”, “İctimai şuranın hüquqları və vəzifələri”, “İctimai şuranın iclasları”, “İctimai şuranın sədri, sədr müavini və katibi”, “İctimai şuranın reqlamenti”, “İctimai Şuranın aktları” və “İctimai Şuranın ictimai iştirakçılıqla bağlı məqsəd, prinsip və formaları” adlı 7 maddədən ibarətdir. Məqsəd vətəndaşları dövlətin idarə olunmasında iştiraka cəlb etmək, Mingəçevir şəhər İcra Hakimiyyətinin fəaliyyətinə ictimai nəzarəti həyata keçirmək, Mingəçevir şəhər İcra Hakimiyyəti ilə ictimaiyyət arasında səmərəli qarşılıqlı fəaliyyəti təşkil etmək, Mingəçevir şəhər İcra Hakimiyyətinin fəaliyyətində aşkarlığa və şəffaflığa nail olmaqdır. Əsasnamə Mingəçevir Şəhər İcra Hakimiyyəti başçısı tərəfindən avqust ayının 17-də təsdiq olunduqdan sonra qüvvəyə minib.
Mingəçevir şəhər İcra Hakimiyyəti yanında İctimai Şuranın Etik Davranış Kodeksi də qısa müddətdə şura sədri tərəfindən hazırlanıb və imzalanmaq üçün şura üzvlərinə təqdim edilib. “Fundamental dəyərlər və prinsiplər”, “İctimai Şura daxilində etik davranış” və “Məsuliyyət” bölmələrindən ibarət sənəd 9 üzvün 8-i tərəfindən imzalanıb. Bir şura üzvü isə ictimai şuranın iclaslarında iştirak etmədiyi üçün səs çoxluğu ilə üzvlükdən kənarlaşdırılıb.
İctimai Şura sentyabr-dekabr ayları üçün Fəaliyyət planını və onun icrası üçün aşağıdakı komissiyaları yaradıb:
1.İcra hakimiyyəti, hüquq-mühafizə orqanları, bələdiyyə və digər qurumlarla əlaqə Komissiyası;
2.Şəhid ailələri, qazı və veteranlarla iş Komissiyası;
3.Vətəndaş müraciətlərinə baxılması üzrə Komissiya;
4.Gender Komissiyası;
5.QHT və media ilə əlaqə komissiyası;
6.Sahibkarlarla iş və ekologiya komissiyası;
7.Davranış və Etika Komissiyası.
İcra hakimiyyəti, hüquq-mühafizə orqanları, bələdiyyə və digər qurumlarla əlaqə Komissiyası (sədri Fərman Nəbiyev) ötən müddət ərzində aşağıdakı işləri görüb.
1)Fəaliyyət planına uyğun olaraq, sentyabr ayında Mingəçevirdə qaz xidmətinin vəziyyəti Mingəçevir İcra Hakimiyyəti, KOBİA və Azəriqaz rəhbərliyinin iştirakilə müzakirə olunub. İclasda Tərtər Regional Qaz İstismarı İdarəsinin rəisi Azay Muxtarov təşkilatın fəaliyyəti və icra etdiyi işlər barədə hesabat verib. Məqsəd şəhərdə qaz xidməti sahəsində yaranan problemlərə diqqəti çəkmək və gələcəkdə baş verə biləcək fəsadların qarşısını almaq olub. Şura sədri iclasda vurğulayıb ki, şəhərin Axundov küşəsində və “Günəşli” bağlar massivində baş verən qaz partlayışları bizim hər birimizdən daha məsuliyyətli olmağı tələb edir.
A.Muxtarov şura üzvlərinə açıqlama verib ki. qanunvericiliyə görə qazlaşma iki cür-həm vətəndaşın, həm də dövlətin hesabına həyata keçirilir. Qazlaşmış ərazidə vətəndaş ev tikirsə, o, podratçı şirkətlərdən biri ilə müqavilə bağlayıb, qazlaşmanı öz hesabına edir. Hansısa kənd və ya yaşayış massivi qazlaşmayıbsa, bu, dövlət vəsaiti hesabına aparılır. Tikinti olmayan yerə qazın verilməsi təhlükə potensiallı bir işdir. Qaz xətlərinin yerinin dəyişdirilməsi isə baxış keçiriləndən sonra lisenziya almış podratçı təşkilat tərəfindən həyata keçirilir. O ki qaldı Mingəçevir şəhərinə sənaye xəttinin çəkilməsi məsələsinə, bu gündəmdədir: “Bu şəhər bir ötürücü qovşağın üzərindədir, bir GPS-dən qaz götürür. Hadisə olacağı təqdirdə şəhər qazsız qala bilər. Şəhərə ikinci xəttin çəkilməsi planda var. O ki qaldı Qarabağ qaziləri və şəhid aillələrinin evlərinin qazlaşdırılmasına, onların müraciətləri yubadılmadan “Azəriqaz” İstehsalat Birliyinin vəsaiti hesabına həll olunur”.
Açıqlanıb ki. qeyri-yaşayış sahələri yerləşən binalarda kütləvi yaşayış olduğundan istehsal prosesi ilə məşğul olmaq üçün qazlaşdırmaya icazə verilmir: “Amma sahibkar həmin qeyri-yaşayış sahəsini isitmək üçün istifadə edirsə (içəridə hansısa cihazın olmaması şərtilə) icazə verilir. Yəni kombi aparatı çöl şəraitində yerləşdirilməlidir. Məhələlərdəki xeyir-şər mağarları isə qeyri-yaşayış sahəsi kimi nəzərdə tutulub və onun qazlaşdırılması “Azəriqaz”ın imkanı xaricindədir: Bununla belə əksəriyyəti qazlaşdırılıb. Bu o zaman mümkündür ki, orda yaşayan bir sakinin adına kod açılır və mağara qaz xətti çəkilir”.
O da vurğulanıb ki, 2009-cu ildən qaz cihazlarına texniki baxışı FHN həyata keçirirdi, hazırda isə bu iş “Azəriqaz İB”-yə həvalə olunub. Bu məqsədlə beş il qabaq bağlanmış müqavilələrin yenilənməsinə, abonentlərin dəqiqləşdirilməsinə başlanıb. Abonentlər bilməlidirlər ki, qaz cihazlarına baxış keçirmək istəyən “Azəriqaz” nümayəndələrinə mane olmamalıdırlar.
İclasdan bir gün sonra şura üzvləri Tərtər Regional Qaz İstismarı İdarəsinin Mingəçevirdə gördüyü işlərə baxış keçirib, təkliflərini verib. Eyni zamanda qaz cihazlarına baxış və yeni müqavilələrin bağlanması ilə bağlı yerli Bələdiyyənin məhəllə komitələri vasitəsilə əhali məlumatlandırılıb.
2)Yerli sahibkarların müraciətinə görə, 2020-ci ilin fevral ayından başlayaraq, Mingəçevirin sahibkar obyektlərindəki güc transformatorlarının təmiri üçün ASC-nin yerli qurumu tərəfindən məcburi qaydada göstəriş verilib və müqavilə bağlanıb. Bu məqsədlə şəhərdə fəaliyyət göstərən sahibkarlar müxtəlif məbləğdə vəsaiti ödəməyə məcbur edilib. Bunun müqabilində isə işin görülməsinə dair akt təqdim olunmayıb.
Qaydaya görə, mövcud avadanlığa baxış keçirən təşkilat müstəqil qurum kimi qeydiyyatdan keçməli və laboratoriyaya malik olmalıdır. Yəni “Azərişıq” ASC haqqında bəhs olunan qurğulara baxış etmək səlahiyyətində deyil. “Azərişıq” ASC-nin Mərkəzi Aran Regional Təchizat idarəsinin rəisi Abbas Quliyev və elektrik şəbəkəsinin direktoru Möylam Əhmədov isə müraciətlərə etinasız yanaşıb, sahibkarlara qarşı kobud rəftar nümayiş etdiriblər.
Eyni zamanda həm əhali, həm də qeyri-əhali sektoru enerji verilişində heç bir xəbərdarlıq edilmədən saatlarla fasilələrə yol verilməsi üzündən ziyan çəkib. Sahibkarlar enerjinin kəsilməsinə görə istehsal etdikləri məhsulun zay olduğunu, sifarişləri vaxtında yerinə yetirə bilmədiklərini də deyiblər. Bununla bağlı məsələ Mingəçevir Şəhər İcra Hakimiyyəti yanında İctimai Şuranın 28 noyabr 2022-ci il tarixli iclasında müzakirə olunub. İclasın qərarəna uyğun olaraq, mövcud vəziyyət barədə Mingəçevir Şəhər İcra hakimiyyətinin başçısı İlham İsmayılova və “Azərişıq” ASC-nın sədri Vüqar Əhmədova müraciətlər ünvanlanıb. Müraciətlərdə yerli enerji təchizat idarəsi və elektrik şəbəkəsi nümayəndələrinin narahatlıq doğuran hərəkətlərinə qiymət verilməsi və təqsirkarların cəzalandırması da xahiş olunub.
3)Dekabr ayının 25-də məcburi köçkünlər arasında ictimai müzakirə təşkil olunub. Müzakirə zamanı Qarabağda Azərbaycan və erməni əsilli vətəndaşlarımızın birgəyaşayışı barədə fikirlər öyrənilib. Müzakirə yarım gün çəkib və orada Ağdam, Füzuli, Kəlbəcər, Laçın, Qubadlı, Xocalı və Şuşadan olan şəxslər iştirak edib. Onlarla aşağıdakı sullara ətrafında müzakirələr aparılıb: “30 il öncə Qarabağda ermənilərlə birgə necə yaşayırdınız?”, “Hansı şəraitdə birgəyaşayışınız yenidən mümkün ola bilər?”, “Sülh üçün nə etmək lazımdır?”, “Ermənilərlə birgə yaşayış barədə nə düşünürsünüz?”
Görüşdə qeyd olunub ki, bu gün cəmiyyət birgəyaşayışa hazır deyil. Çünki əksər ailələr bu savaşdan əziyyət çəkiblər, kin, qəzəb mövcuddur. Amma reallıq odur ki, Azərbaycan əsilli ermənilərin Qarabağdan köçürülmək siyasəti yürüdülmür. Arzu olunur ki, tezliklə rus sülhməramlılarının nəzarətində olan ərazilərimizdə də Azərbaycan bayrağı dalğalansın, Azərbaycanın bütün inzibati strukturları, pul vahidi işlək olsun.
4)15 noyabr 2022-ci ildə İctimai Şura üzvləri Mingəçevir İcra Hakimiyyətinə dəvət olunub, onlara hökumət və ictimaiyyət nümayəndələrinin iştirakilə keçirilən tədbirdə İcra hakimiyyəti başçısı tərəfindən İctimai Şura üzvü vəsiqələri təqdim olunub.
5)Həmin iclas zamanı Sahil Parkı ərazisində oyun parkının salınması ilə bağlı yerli hökumətin layihəsi müzakirəyə çıxarılıb. Hökumət nümayəndələri bunun vacibliyini və məqsədəuyğunluğunu əsaslandırmağa çalışsalar da, İctimai Şuranın sədri Fərman Nəbiyev Şura adından kəskin etirazını bildirib. O, deyib ki, Sahil Parkı əksər mingəçevirlilərin və şəhərimizə gələn qonaqların istirahət yeridir, xüsusən yaşlı insanlar səhər və axşam saatlarında parkda dincəlməyə gəlirlər: “Onsuz da məhdud ərazisi olan parkın bir hissəsinin səs-küylü oyun yerinə çevrilməsi qəbul oluna bilməz. Həm də mövcud ərazidən xəstəliklə əlaqədar ağaclar götürülüb və onlar yerinə bərpa olunmalıdır”. Şura üzvü İnqilab Şirinli isə deyib ki, yaxınlıqda 9 mərtəbəli yaşayış binası var və oyunların səs-küyü ailələrin normal yaşayışına mənfi təsir göstərəcək.
Bu müzakirədən sonra İH başçısının tapşırığı ilə yerli Yaşıllaşdırama və Sanitar Təmizlik İdarəsi mövcud ərazidə yeni ağaclar əkib.
Şəhid ailələri, qazı və veteranlarla iş Komissiyası (sədri Əbülfət Babayev) 2022-ci ilin sentyabr-dekabr aylarında aşağıdakı işləri görüb:
- Müharibə əlilliyi olan 7 şəxsə, həmçinin 2007-ci il oğlu Mərkəzi Hospitalda rəhmətə getmiş anaya və 1-ci qrup Qarabağ qazisinin övladına müalicəsi ilə bağlı kömək göstərilib.
- Müharibədə əlillik qazanmış 3 şəxsin pozulmuş hüququ bərpa edilib (yerli icra qurumlarına müraciətdən sonra).
- 2007- ci ildə rəhmətə getmiş əsgərin ailəsinə 15 ildən sonra Sığorta haqqının ödınmıəsi (11000 manat) məhkəmə yolu ilə həllini tapıb.
- 1-ci qrup Qarabağ əlili övladının anadangəlmə əlil olan övladının dövlət müəssisəsində pulsuz müalicəsi təmin olunub. Hər il həmin ailə özəl Klinikalarda 3000 manat xərcləyirdi.
- 3 müharibə veteranına fərdi mənzil tikmək üçün Bələdiyyədən torpaq sahəsi almasına kömək edilib.
Vətəndaş müraciətlərinə baxılması üzrə komissiyaya (sədri Rizvan Mikayıllı) aşağıdakı müraciətlər daxil olub:
- 20 Yanvar küçəsindəki 6 nömrəli binanın yerləşdiyi ərazidə ağacların suvarılmaması və təbii yanacaq qazı ilə bağlı müqavilənin yenilənməsi (Avqust ayında, şəhərin sakini Fazil Niftəliyev);
- Nizami küçəsindəki 23/3 saylı evin yerləşdiyi məhəllənin gecə işıqlandırılmasında olan problemlər (Sentyabr ayında, şəhər sakini Feyruz Kərimov);
- Şəfəq küçəsinə yeni məişət tullantıları və su xəttinin çəkilməsi ( Şəhər sakini, əmək veteranı Allahverdi Əliyev);
- Şəhər Mərkəzi Xəstəxanasının Fizioterapiya şöbəsindəki çatışmazlıqlar;
- Küçələrdə sahibsiz itlər;
- Qazılmış asfalt örtüyünün bərpası.
Bütün müraciətlərlə bağlı aidiyyəti qurumlarla əlaqə saxlanmış və onların həlli nəzarətə götürülüb. Həmçinin Şəhər Mərkəzi Xəstəxanasının Fizioterapiya şöbəsindəki çatışmazlıqlarla bağlı Publik Hüquqi Şəxsin direktoru ilə söhbət aparılıb və məsələyə aydınlıq gətirilib.
Gender Komissiyasının (sədri Yeganə Nəbiyeva) gördüyü işlər:
1)Noyabrın 17-də Eltv kanalının “Bu səhər” verilişində məcburi köçkünlərin məşğulluq məsələləri barədə canlı müzakirə aparılıb və İctimai Şuranın iki üzvü sualları cavablandırıb.
2)Noyabrın 17-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Yevlax bölgəsi üzrə şöbəsinin Mingəçevir Turizm Kollecində həyata keçirdiyi “Qızların təhsil almasının önəmi: dini qaynaqlar nə deyir?” adlı maarifləndirmə tədbirində erkən nikahların fəsadları, gənclərin həyatında təhsilin rolu və liderlik bacarıqlarının artırılması barədə iştirakçılara məlumat verilib.
3)Dekabrın 14-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Yevlax bölgəsi üzrə şöbəsi və Mingəçevir Bələdiyyəsinin birgə təşkilatçılığı ilə “Gender əsaslı zorakılıqla mübarizə” mövzusunda keçirdiyi seminarda komissiya sədri zorakılığa qarşı mübarizə metodları barədə çıxış edib. Tədbirin aparıcısı Gender komissiyasının üzvü, bələdiyyə qulluqçusu Zahid Qasımlı olub.
4)Dekabrın 22-də Mingəçevir Media Mərkəzində Vətən müharibəsində döyüşən mingəçevirli qazilərlə dəyirmi masa keçirilib. Onların ictimaiyyətə tanıdılması istiqamətində müzakirələr aparılıb, qazilərin problemləri və sülhə münasibətləri öyrənilib. Bununla bağlı mətbuatda iki yazı dərc olunub.
Dekabrın 16-dan 23-dək Mingəçevirdə məskunlaşan 20 məcburi köçkün qrupunda aiədaxili zorakılıq, qadınların iqtisadi səlahiyyətləndirilməsi, peşə təhsilinə yönləndirmə, məşğulluğun təmin olunması barədə söhbətlər aparılıb.
QHT və media ilə əlaqə komissiyasının (sədri İnqilab Şirinli) fəaliyyəti aşağıdakıları əhatə edib:
Mingəçevir şəhərində Jurnalist Qadınlar Assosiasiyası və müstəqil hüquqşünaslara birgə şəhid ailələri, qazilər və müharibə iştirakçıları ilə görüş keçirilib, onların üzləşdiyi problemlərin qeydiyyatı aparılıb və aidiyyatı üzrə təqdim olunub. Eyni zamanda iki televiziya verilişi çəkilib, məsələlər ictimailəşdirlib,10-a yaxın saytda dərc olunub.
Mingəçevirdəki təhsil problemləri ilə bağlı ELTV-də çıxışlar edilib, həmçinin təhsilə aid layihələrin icrası ilə bağlı QHT nümayəndələri və ekspertlərlə müzakirələr aparılıb.
Milli İnkişaf İctimai Birliyinin rəhbəri və iş adamı Arzuman Muradlı və əlavə üç iş adamı Mingəçevirə dəvət edilib, şəhərin mövcud iqtisadi imkanları, turizm potensialı barədə məlumatlandırılıb.
Şəhərin ekoloji vəziyyəti ilə bağlı “EkoTES” təşkilatı ilə birgə TV-də və veb səhifələrdə məlumatlandırma kampaniyası həyata keçirilib.
Mingəçevir şəhərinin tanıdılması məqsədilə “Eldən çölə” proqramının çəkilişi aparılıb və veriliş iki telekanalda yayımlanıb (ELTV və kanalS).
Mingəçevirlə bağlı 1-2 dəqiqəlik videoçarx hazırlanıb.
Dunya Azərbaycanlıların Həmrəylik Günü və Yeni illə bağlı konsert proqramının Mingəçevirdə təşkilinə təşəbbüs göstərilib və dekabrın 26-da konsert baş tutub. Həmin konsert həm KanalS-də, həm də ELTV-də yayımlanıb və Mingəçevir Azərbaycanın 2022-ci ildə konsert proqramı efirdə yayımlanan yeganə şəhəri olub.
10 oktyabr 2022-ci ildə ictimai şüaların fəaliyyəti ilə bağlı verliş təşkil edilib və iki telekanalda yayımlanıb. Verilişin qonaqlarından biri Mingəçevir Şəhər İcra hakimiyyəti yanında İctimai Şuranın sədri olub.
Sahibkarlarla iş və ekologiya komissiyası (sədri Vaqif Həsənov) 2022-ci ildə 15 sahibkarın kreditlə təmin edilməsinə dəstək göstərib. Sahibkarların bacarıqlarının artırılması, hüquqi maarifləndilməsi istiqamətində ayda bir dəfə olmaqla tədbir həyata keçirib. Mövcud tədbirlərə vergilər xidmətinin əməkdaşları və KOBİA nümayəndəsi də dəvət olunub. Bu tədbirlərdə əsasən əsasən Vergi Məcəlləsində edilmiş dəyişiklərlə əlaqədar sahibkarlarla izahat işləri aparılıb Eləcə də sahibkarların “Azərişıq” ASC ilə bağlı yaranmış problemi İctimai Şuranın gūndəliyinə çıxarıb.
Davranış və Etika Komissiyasının (sədri Əliağa Bəndalıyev) hesabat dövründə fəaliyyəti olmayıb.
Ölkə səviyyəli tədbirlərdə iştirak:
Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi tərəfindən “İctimai iştirakçılıq sahəsində bilik və bacarıqların artırılması” mövzusunda yerli icra hakimiyyəti orqanlarının əməkdaşları və ictimai şura üzvləri üçün sentyabr ayının 1-də Gəncə şəhəri, Heydər Əliyev Mərkəzində təlim təşkil edilib. Təlimi Azərbaycan Açıq Hökumət Platformasının kooridnatoru, hüquqşünas Əliməmməd Nuriyev və “Demokratiyanı öyrənmə” İB sədri, hüquqşünas Mirəli Hüseynov aparıb. Təlimə QHT Agentliyinin əməkdaşları, Gəncə, Mingəçevir, Göygöl, Kəlbəcər, Samux, Daşkəsən, Goranboy, Naftalan üzrə yerli icra hakimiyyətlərinin ictimai-siyasi və humanitar məsələlər üzrə müavinləri, müvafiq şöbənin müdirləri, yerli icra hakimiyyəti yanında fəaliyyət göstərən ictimai şuraların rəhbərləri və üzvlərini əhatə edən 96 nəfər iştirak ediblər. Mingəçevir İcra Hakimiyyəti yanında İctimai Şuranın bütün üzvləri də təlimə qatılıblar.
Bir günlük tədbirdə İctimai iştirakçılığın hüquqi əsasları, məqsədləri və formaları; İctimai Şuralar, İctimai Şuraların hüquq və vəzifələri, İctimai Şuranın fəaliyyət çərçivəsi, İctimai Şuraların Reqlamenti, fəaliyyətinin təşkili, Dövlət orqanları və İctimai Şuralar, İctimai Şuraların formalaşması mövzularında bilgilər verilib. Nəzəri biliklərdən sonra təlimlər interaktiv müzakirələr əsasında davam edib, iştirakçıların təklifləri dinlənilib, sualları cavablandırılıb. Mingəçeviri təmsil edən qrup təlimdə aktiv iştirak edib və qısa müddətdə görə bildiyi diqqət çəkən işləri auditoriyaya çatdırıb.
Dekabrın 24-də Bakıda “Azərbaycanda məcburi köçkünlərin və münaqişələrə məruz qalmış şəxslər arasında gender bərabərliyinin təşviqi” adlı dəyirmi masaya İctimai Şuranın 2 üzvü qatılıb və müzakirələrdə aktiv iştirak edib.
Şərhlər bağlıdır.