Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Mingəçevir ictimaiyyətinə ağır itki üz vermişdir

Mingəçevir ictimaiyyətinə ağır itki üz vermişdir

Niftəliyev Fazil Səbzəli oğlu 18 mart 2024-cü il tarixdə vəfat etmişdir.

Fazil Niftəliyev 1937-ci il sentyabr ayının 15-də Ağdaş rayonunun Hüşün kəndində anadan olmuşdur.

1947-1957-ci illərdə Ağdaş rayon Kükəl kənd orta məktəbində təhsil almışdır.

1958-1961-ci illərdə Leninqrad vilayətində N saylı hərbi hissədə həqiqi hərbi xidmət keçmişdir.

Fazil Niftəliyev hərbi xidmətdən sonra ÜİLKGİ-nin 50 illiyi adına Mingəçevir Toxuculuq kombinatında əmək fəaliyyətinə başlamışdır. 1962-1968-ci illərdə Mingəçevir Toxuculuq kombinatında keyfiyyət yoxlayıcısı, usta köməkçisi, usta, sex rəisi vəzifələrində çalışmışdır.

1964-1967-ci illərdə Kirovabad (indiki Gəncə) Yüngül Sənaye Texnikumu Mingəçevir filialının Axşam şöbəsində təhsil alaraq texnik-texnoloq ixtisasına yiyələnmişdir.

1969-1975-ci illərdə Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi yanında Ali Partiya məktəbinin qiyabi şöbəsini bitirib. Təhsilini başa vurduqdan sonra fəaliyyəti genişləndirilmişdir. Partiya sovet orqanlarında bir sıra vəzifələrə irəli çəkilmişdir.

1968-1974-cü illərdə Azərbaycan KP Mingəçevir ŞK-də təlimatçı, 1974-1976-cı illərdə Mingəçevir şəhər Dövlət Ticarəti və İctimai-İaşə müəssisələri Həmkarlar İttifaqı Komitəsinin sədri, 1976-1979-cu illərdə Mingəçevir Texniki-Rezin Məmulatları zavodunda partiya bürosunun katibi, 1979-1982-ci illərdə Mingəçevir Yol Maşınları zavodunun Həmkarlar İttifaqı Komitəsinin sədri, 1982-1989-cu illərdə Mingəçevir şəhər İcraiyyə Komitəsinin “Mənzil uçotu və bölgüsü” şöbəsinin rəisi, 1989-1998-ci illərdə Mingəçevir Texniki-Rezin Məmulatları İB-də standartlaşdırma üzrə aparıcı mühəndis, İTŞ-nin rəisi vəzifələrində çalışmışdır. 1998-ci ildə təqaüdə çıxmışdır.

İşlədiyi müddətdə hökumət mükafatları ilə 1969-cu ildə “Əməkdə fərqlənməyə görə”, 1970-ci ildə V.İ.Leninin anadan olmasının 100 illik yubileyi şərəfinə “Əməkdə fədakarlığa görə”, 1988-ci ildə “Əmək veteranı” medalları və Fəxri Fərmanlarla ilə təltif olunmuşdur.

Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı İctimai Birliyi Mingəçevir şəhər təşkilatı idarə heyətinin üzvü olmuşdur.

Hər zaman yüksək vəzifələrdə olsa da sadəliyi və səmimiliyi, mehribanlığı ilə ətrafdakıların hörmətini qazanan Fazil müəllim xoş zarafartları ilə sevilirdi.

Ahıl yaşlarında hara getməsindən asılı olmayaraq bu kəlmələri eşitdiridi: “Bəlkə bu yerlərə bir də gəlmədim, duman salamat qal, dağ salamat qal”.

Gənclərə həmişə tövsiyyəsi o idi ki, bu cür gözəl bir məmləkətin layiqli övladı olmaq üçün ancaq doğru yolu seçsinlər, pis vərdişlərdən uzaq olsunlar, oxusunlar, müvəffəqiyyətə doğru addımlasınlar. Hansı sahədə olsalar da ancaq sədaqət və məhəbbətlə xidmət göstərsinlər. Mingəçevir, yurdumuzun  gözəl, nur şəhərinin günbəgün gözəlləşməsi, inkişaf etməsi hər birimizin fərəhini artırır. Gəlin bir-birimizin dəyərini bilək, sevincimizə şərik olaq.

Niftəliyev Fazil Səbzəli oğlu 18 mart 2024-cü il tarixdə vəfat etmiş, 19 mart 2024-cü il tarixdə Ağdaş rayonunun Hüşün kənd qəbiristanlığında anasının yanında dəfn edilmişdir.

Fazil Səbzəli oğlu Niftəliyev mehriban, sədaqətli və təvazökar insan, yaxşı dost, gözəl ailə başçısı kimi daim xatirələrdə yaşayacaqdır.

 

ALLAH RƏHMƏT ELƏSİN!

Şərhlər bağlıdır.