Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Mingəçevir Dövlət Universitetində beynəlxalq elmi konfrans uğurla yekunlaşıb

229

2022-ci ilin 16-17 dekabr tarixlərində Mingəçevir Dövlət Universitetində (MDU) Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin, Mingəçevir Şəhər İcra Hakimiyyətinin və Fizika İnstitutunun dəstəyi ilə “Yeni dövrdə təhsil və tədqiqat fəaliyyəti: reallıqlar və çağırışlar” mövzusunda keçirilən beynəlxalq elmi konfrans (ISCERA 2022) uğurla başa çatıb.

Dekabrın 17-də beynəlxalq konfransın yekun iclası keçirilib. MDU-nun  akademik və inzibati heyət üzvlərinin iştirak etdiyi yekun iclada konfransın bölmə rəhbərlərinin hesabatları dinlənilib.

Bildirilib ki, beynəlxalq elmi konfransa həm yerli, həm də xarici ali təhsil və elm ictimaiyyəti tərəfindən böyük maraq göstərilib. Bütövlükdə, 51 yerli ali təhsil və elmi-tədqiqat müəssisəsindən, eləcə də 9 xarici ölkənin 21 universitetindən ümumilikdə 520-dən artıq tezis və məqalə daxil olub. O cümlədən, “İqtisad elmləri və idarəetmə” bölməsinə 105 yerli və 16 xarici olmaqla 121, “Təbiət və texnika elmləri” bölməsinə 138 yerli, 10 xarici olmaqla 148, “Təhsil və humanitar elmlər” bölməsinə 224 yerli və 36 xarici olmaqla 260 tezis və məqalə təqdim edilib. Diqqətə çatdırılıb ki, yerli və xarici universitetlərdən, elmi-tədqiqat institutlarından “İqtisad elmləri və idarəetmə” bölməsinin iclasında 14, “Təbiət və texnika elmləri” bölməsinin iclasında 15, “Təhsil və humanitar elmlər” bölməsinin iclasında 19 məruzəçi çıxış edib və təqdim edilən mövzular ətrafında maraqlı müzakirələr aparılıb.

Sonra, çıxışlarla davam edən yekun iclasda beynəlxalq konfransın uğurla başa çatmasından məmnunluq ifadə edilib və MDU tarixində ikinci dəfə keçirilən belə bir mötəbər elmi tədbirdə dəstəyinə görə Elm və Təhsil Nazirliyinə və onun tabeliyində olan Fizika İnstitutuna, Mingəçevir Şəhər İcra Hakimiyyətinə, tərəfdaş yerli və xarici universitetlərə, eləcə də təşkilati komitəyə və əməyi olan hər kəsə minnətdarlıq bildirilib.

Eyni zamanda, konfrans barədə ictimaiyyətin operativ və ətraflı surətdə məlumatlandırıldığı vurğulanıb və  media dəstəyinə görə Azərbaycan Dövlət İnformasiya Agentliyinə (AZƏRTAC), “Azərbaycan müəllimi” qəzetinə, Trend Müstəqil İnformasiya Agentliyinə, “Məktəb Guşəsi” jurnalına, mi-news.az, AzEdu.az, EL TV, tehsil.biz, 7news.az, Yeniavaz və “Mingəçevir” qəzetinə təşəkkür edilib.

Bununla yanaşı, nüfuzlu xarici universitetlərin alimləri və tədqiqatçılarının da təmsil olunduqları plenar və bölmə iclaslarında aktual mövzularda təqdim edilən məruzələrin və aparılan müzakirələrin böyük maraqla qarşılandığı diqqətə çatdırılıb və  konfransda iştirak edən, teziz və məqalə göndərən, məruzələrlə çıxış edən hər kəsə minnətdarlıq ifadə olunub.

Sonda respublikanın elm və təhsil ictimaiyyəti tərəfindən müsbət qarşılanan və belə bir aktual mövzuya həsr edilən beynəlxalq konfransın davamlı keçirilməsi təklif olunub.

Qeyd edək ki, dekabrın 16-da işə başlayan sözügedən beynəlxalq elmi konfrans Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin “Ali təhsil müəssisələrində 2022-ci ildə keçiriləcək beynəlxalq və respublika səviyyəli elmi konfrans, simpozium, forum və konqreslərin siyahısı”na əsasən təşkil olunub. Konfrans çərçivəsində açılış-plenar, plenar, bölmə və yekun iclasları keçirilib. Açılış-plenar iclasda MDU-nun rektoru Şahin Bayramov, Azərbaycan Respublikası Elm və təhsil nazirinin müavini Firudin Qurbanov, Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov, Fizika İnstitutunun baş direktoru, akademik Arif Həşimov və tərəfdaş xarici universitetlərin rektorları çıxış ediblər. Plenar və bölmə iclaslarında elm və təhsilin inteqrasiyası, elmi tədqiqatların nəticəyönümlüyünün artırılması, təhsil və tədqiqat fəaliyyətlərində universitet-sənaye əməkdaşlığı, müxtəlif elm sahələrinin aktual problemləri, dördüncü sənaye inqilabı dövründə kadr hazırlığı və tədqiqat potensialının inkişafı, müasir təhsil və innovasiyaları təşviq edən ekosistemin formalaşdırılması, Qarabağın dirçəldilməsi sahəsində tədqiqatların genişləndirilməsi və digər mövzularda məruzələr dinlənilib və müzakirələr aparılılıb.

Şərhlər bağlıdır.