Milli Musiqi günündə “Arşın mal alan” Mingəçevir teatrının səhnəsində
Vüsal Mehrəliyev: “Əgər nə vaxtsa dünyanı yad planetlər zəbt etsə, bizim onlarla danışmağa yalnız bir dilimiz var-musiqi!”
2023-cü il sentyabrın 18-də Mingəçevir şəhərindəki Üzeyir Hacıbəyli adına 11 illik musiqi məktəbinin müəllimləri Mingəçevir Dövlət Dram Teatrının səhnəsində dahi Üzeyir bəyin “Arşın mal alan” operettasını ikinci dəfə tamaşaçılara təqdim ediblər. Operetta adı çəkilən məktəbin direktoru Vüsal Məmmədov, bir qrup müəllim və MDDT rəhbərliyinin qarşılıqlı iş birliyi nəticəsində ərsəyə gəlib. Şəhər ictimaiyyətinin nümayəndələri bu dəfə də Ü.Hacıbəyli irsinin unudulmaz incilərindən birini izləyiblər.
Baş rejissor Vüsal Akif Mehrəliyev müəllifin əsərinə müdaxilə etmədən, süjet xəttinə maraqlı yeniliklər gətirib. Bu, 44 günlük Vətən müharibədən sonra turistlərin Qarabağa gəlməsi, işğal nəticəsində viran qalmış Şüşa musiqi məktəbində Üzeyir bəyin sözü gedən operettasının not yazılarını tapması və gənclərin xəyali olaraq əsərin qəhrəmanlarını canlandırmasıdır. Rejissor tamaşa boyu Şuşa həqiqətlərini də Azərbaycan və ingilis dilində tamaşaçılara çatdırmağın yolunu da düşünüb.
Əsas rolları Səttar Orucov (Əsgər), Pərvanə Soltanova (Gülçöhrə), Sahilə Həsənova (Asya), Elnurə Musayeva (Telli), Elvin Əkbərli (Vəli), Zülfiyyə Haciyeva (Cahan xala), Polad Osmanov (Soltan bəy), İsa Müseyibov (Süleyman) ifa ediblər. Kütləvi səhnələrə Zeynəb Allahverdiyeva, Azadə Həbibzadə, Xədicə Quluzadə və Aysu Quliyeva da qatılıb. Məktəbin müəllimi İradə Xəlilova ifaları fortepianoda müşaiyət edib, xor müəllimi Yeganə Umarova isə ariyaların peşəkar səviyyədə ərsəyə gəlməsinə xeyli əmək verib.
Məktəbin direktoru Vüsal Məmmədovun dediyinə görə, bölgənin musiqi məktəbləri arasında belə təşəbbüs ilk dəfə Üzeyir Hacıbəylinin adını daşıyan musiqi məktəbi tərəfindən irəli sürülüb. O, tamaşanın məşqləri və nümayişi üçün yaratdığı şəraitə görə teatrın rəhbərliyinə və operettada zəhməti olan müəllimlərə minnətdarlığını bildirib, onlara və teatrın baş rejissoruna təşəkkürnamələri təqdim edib.
Vüsal Mehrəliyev məmnunluğunu belə ifadə edib: “Əgər nə vaxtsa dünyanı yad planetlər zəbt etsə, bizim onlarla danışmağa yalnız bir dilimiz var-musiqi!”
Şərhlər bağlıdır.