Media təmsilçiləri başçıdan nə istədilər?
Milli Mətbuat və Jurnalistika günü bu dəfə Mingəçevirdə əvvəlki illərdəkindən fərqli şəkldə qeyd olunub. İcra Hakimiyyəti başçısı İlham İsmayılov media mənsubları ilə bərabər hökumət və ictimaiyyət nümayəndələrinin də dəvət edildiyi zalda bayramın təkcə mətbuata deyil, hamıya aid olduğunu vurğulayıb və birmənalı şəkildə deyib ki, məmurlar və digər kateqoriyadan olan insanlar yerli qəzetlərin yaşamasında maraqlı olmalıdırlar, çünki bu nəşrlər şəhərimizin salnaməsini yaradır.
Milli Mətbuatın tarixinə nəzər salan başçı son 144 ildə cəmiyyətin maarifləndirilməsində KİV-in rolundan, xüsusən ulu öndərin senzuranı ləğv etməsindən, prezident İlham Əliyevin KİV-ə Dövlət Dəstəyi Fondunu yaratmasından danışıb, şəhərdəki abadlıq-quruculuq işlərini daim və operativ işıqlandıran, problemləri qaldıran və sağlam tənqidi ilə əməli işə kömək edən jurnalistlərə təşəkkür edib və bayram günü olmasına baxmayaraq, bütün təklif və iradları eşitməyə hazır olduğunu bildirib.
Dəyirmi masa arxasında keçən görüşdə “Mingəçevir” qəzetinin redaktoru Mirsədi Daşdəmirov abunə qıtlığından gileylənib: “Siz nə qədər dəstək dursanız da, əvvəlki ilin eyni dövrü ilə müqayisədə tirajımız aşağıdır. Eyni zamanda reklam bazarımız yoxdur. Çətinliklərə baxmayaraq, ayda azı 2 dəfə qəzet buraxırıq. Yaxşı ki, sizin tapşırığınızla abunə gedir, özümüzə qalsa, indikindən 2 dəfə də az olar”.
Həmkarlarını və ictimaiyyət nümayəndələrini bayram münasibətilə təbrik edən “Mingəçevir işıqları” qəzetinin baş redaktoru Fərman Nəbiyev də diqqətə çatdırıb ki, 144 il əvvəl Zərdabinin zamanında olduğu kimi indi də qəzet çıxartmaq asan deyil, çünki abunə yazılışında çətinliklər var: “Düşünürük ki, belə davam edərsə, gələn ilin ortalarından kağız qəzeti dayandırmaqla yalnız onlayn qaydada fəaliyyətimizi davam etdirək. Çünki 300 tirajla qəzet buraxmaq xərclərimizi ödəmir. Bakıda artıq bir sıra qəzetlər yalnız onlayn yayıma keçiblər. Həm də məlumatımıza görə, gələcəkdə KİV DF onlayn qəzetləri də maliyyələşdirəcək. Biz şəhərdə TV-nin olmadığını nəzərə alaraq, mi-newstv açmağı da fikirləşirik. Ümumiyyətlə, bölgə mətbuatı çətin durumdadır. Eyni zamanda bölgə KİV-də çalışanların əməyi də lazımınca qiymətləndirilmir. Mən 2010-cu ildə fəxri ad almışam, o zamandan bəri Mingəçevirdən heç bir jurnalistə dövlət tərəfindən fəxri ad, mükafat verilməyib. Yaxşı olar ki, müəyyən təqdimatlar olsun”.
F.Nəbiyev deyib ki, jurnalistlər həmişə həm özlərinin, həm də başqalarının problemlərinin həllinə çalışıblar: “Bu gün səhər keçmiş həmkarlarımdan biri mənə zəng vurdu və dedi ki, yaşadığı evdə sayğac qoyulmasına baxmayaraq, su tapa bilmir. Ümumiyyətlə son günlər şəhər camaatı su sarıdan korluq çəkir. Biz jurnalist kimi hökumətin tədbirlərində mütəmadi iştirak edirik. Amma istərdim ki, başçının qəbullarına, hesabat xarakterli olmayan şura iclaslarına da dəvət olunaq. Çünki həmin tədbirlərdə çox vacib, maraqlı məsələlər müzakirə edilir və onların mətbuata çıxarılması faydalı olardı. Eyni zamanda İcra Hakimiyyətindən vətəndaşların müraciətlərinin əsaslı şəkildə cavablandırılmasını arzu edərdim, əks təqdirdə bu quruma təkrar müraciətlər daxil olacaq. Yəni hansısa məmurun işinə səhlənkarlığı həm işi artırır, həm də narazılıq yaradır”.
“Bənövşə” jurnalının redaktoru İsmayıl İmanzadə dünyasını dəyişmiş jurnalistləri xatırlayıb, mətbuata etinasız və diqqət yetirən insanlardan bəhs edib. Azərbaycan Televiziyasının bölgə nümayəndəsi Şahmurad Məmmədov suyun təzyiqinin aşağı olmasından narahatlığını ifadə edib. APA-nın yerli müxbiri Ehtiram Muradlı sərnişin qatarının və futbol klubunun bərpası, şəhərdə Dədə Qorqud abidəsinin ucaldılmasıyla bağlı təklif irəli sürüb. Mətbuat Yayımının işçisi Tərlan Hüseynov son illər yaradılan regional təhsil və mədəniyyət idarələrinin abunə kampaniyasına etinasız yanaşdıqlarını bildirib. “Azərbaycan işıqları” jurnalının yeni saylarını İHB-yə təqdim edən Yusif Ələkbərov Azərbaycan İES-in inşasında Heydər Əliyevin rolu ilə bağlı kitab yazdığını, yeniavaz səhifəsinin əməkdaşı Esmira Hidayətova şəhərdə aparılan abadlıq-quruculuq işlərini operativ işıqlandırdığını diqqətə çatdırıb.
Başçı bütün təklifləri qəbul etdiyini və onların həlli üçün çalışacağını, hər zaman mətbuata dəstək olacağını bəyan edib, eyni zamanda bir sıra məsələlərə açıqlama verib: “Şəhərə suyun verilişindəki problemi təxribat hesab edirəm və vəziyyətlə bağlı bu gün səhər “Azərsu” ASC rəhbərliyi ilə danışmışam. Hazırda şəhərə cəmiyyətin xəttilə xüsusi komissiya göndərilir, vəziyyəti birgə araşdıracağıq”.
Başçı Nəsimi ili çərçivəsində park salmaq istədiklərini, amma şəhərdə boş yer tapa bilmədiklərini də deyib: “Mingəçevirdəki torpaqların əksəriyyəti ayrı-ayrı sahibkarların əlindədir və onlara təklif edəndə ki, gəlin, sizə başqa yer verək, etiraz edirlər. Başqa bir narahatlıq elanların hara gəldi yapışdırılmasıyla bağlıdır. Məncə yerli qəzetlər bu elanları əhalidən çox ucuz qiymətə qəbul etsələr, həm reklam gəlirlərini artırarlar, həm də şəhərimizi səliqəsizlikdən qurtararlar”.
Tədbirin sonunda İcra Hakimiyyəti başçısı KİV nümayəndələri ilə birgə şəkil çəkdirib. Axşam isə süfrə arxasında söhbətlər davam etdirilib.
Şərhlər bağlıdır.