Bizimlə həyatınız həmişə işıqlı olacaq!

MDU və İstanbul Gedik Universiteti işbirliyi ilə Zəfər Günü qeyd olunub

151

2022-ci ilin 7 noyabr tarixində İstanbul Gedik Universiteti (İGÜN) və Mingəçevir Dövlət Universiteti (MDU) arasında əməkdaşlıq çərçivəsində Qarabağ Zəfərinin ikinci ildönümünə həsr olunan birgə tədbir keçirilib. ZOOM platforması üzərindən onlayn formatda təşkil edilən tədbirdə hər iki universitetin akademik və inzibati heyət üzvləri, tələbə, magistrant və doktorantları iştirak ediblər

Tədbirin açılışında İstanbul Gedik Universitetinin rektoru Ahmet Kesik və MDU-nun rektoru Şahin Bayramov çıxış ediblər. Açılış nitqlərində əlamətdar tarixi gün münasibətilə təbriklər ifadə edilib və  Qarabağda qazanılan şanlı qalibiyyətin bütün Türk dünyasının zəfəri olduğu diqqətə çatdırılıb. Vətən uğrunda canından keçən şəhidlərimizin dərin ehtiram və sonsuz minnətdarlıq hissləri ilə daim anıldığını bildirən rektorlar şəhidlərimizə Allahdan rəhmət, qazilərimizə isə şəfa diləyiblər. Vurğulanıb ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyətli siyasətini, Ordumuzun yenilməz gücünü, qardaş Türkiyənin mənəvi dəstəyini, xalqımızın sarsılmaz birliyini və haqlı mövqeyini özündə cəmləşdirən “Dəmir yumruq” şanlı qələbənin rəmzinə çevrildi. Türk dünyasının ulu öndərləri Mustafa Kamal Atatürkün “Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir” və Heydər Əliyevin “Biz bir millət, iki dövlətik” kəlamları səsləndirilərək qeyd olunub ki, hər iki ölkə arasında qardaşlıq münasibətləri 44 günlük Vətən müharibəsindən sonra daha da güclənib və özünün ən yüksək səviyyəsinə çatıb. Universitetlər arasında əməkdaşlığın inkişaf etdirilməsindən bəhs edən tərəfdaş ali təhsil müəsisələrinin rəhbərləri birgə tədbirin önəmindən danışıblar, təşkilatçılara, məruzəçilərə və iştirakçılara təşəkkürlərini bildiriblər.

Açılış nitqlərindən sonra tədbir MDU rektorunun müşaviri Hamiz Mahmudovun moderatorluğu ilə panel sessiyada davam edib. Panel sessiyada İGÜN-nün akademik heyət üzvlərindən professor Gülsün Ayhan Aygörmez “Zəfər Günü və dövlət müstəqilliyi”, professor Enver Alper Güvel “Müstəqilliyin bərpasından sonra Azərbaycanın iqtisadi performansı və potensialı”, MDU-nun akademik heyət üzvlərindən dosent Elgün Aslanov “Azərbaycan – Türkiyə qardaşlığı zəfərlərimizin qarantıdır” və müəllim Şəlalə Quliyeva “Regional və dünya nizamını dəyişdirən 44 günlük Vətən Müharibəsi” mövzusunda məruzələrlə çıxış ediblər. Məruzələrdə şanlı qalibiyyətin tarixi, hüquqi, siyasi və iqtisadi aspektlərindən bəhs edilib.

İştirakçılar tərəfindən maraqla qarşılanan tədbir müzakirələrdən sonra öz işinə yekun vurub.

Qeyd edək ki, Vətən müharibəsində qazanılan tarixi Zəfərin ikinci ildönümü münasibətilə MDU-da qardaş ölkənin tərəfdaş universitetləri ilə birlikdə silsilə tədbirlər keçirilir.

Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.