Bizimlə həyatınız həmişə işıqlı olacaq!

MDU-nun müəllimləri: Qarabağda yaşıl konsepsiya: ekoloji baxış və sağlam gələcək üçün həmrəylik tendensiyaları

Son zamanlar enerjiyə tələbat artdığından və yaranan enerji qıtlığına əsasən “yaşıl enerji” məsələsi aktual məsələlərdəndir. Enerji resursları və potensialı ilə zəngin olan ölkəmiz isə bu mənada bir sıra dövlətlərin maraq dairəsindədir. Azərbaycanla tərəfdaşlıqda maraqlı olan ölkələrin sayı artır, çünki ölkəmiz dünyanın enerji tələbatını, həmçinin, öz potensialını nəzərə alaraq, bu sahədə mövcud təlabata uyğun olaraq məqsəd və planlarını həyata keçirir. Enerji ehtiyatı ilə zəngin olan rayonlarımıza nəzər saldıqda, bu rayonlarımızdan biri də işğaldan azad olunmuş Qarabağ ərazisidir. Qarabağ zonasının münbit şəraitini və kifayət qədər enerji potensialını nəzərə alan dövlət başçısı İlham Əliyev öz çıxışında bunu xüsusi vurğulayıb: : “Mən artıq işğaldan azad edilmiş əraziləri “yaşıllaşdırma” ilə təmin olunacaq rayon kimi rəsmən bəyan etmişəm. Biz artıq baş plan və nəhəng su üzərində işləyirik, günəş və külək potensialından istifadə etməklə həmin layihələri həyata keçirəcəyik”.

“Azərbaycan 2030: Sosial-iqtisadi inkişafın Milli Prioritetləri”ndə ölkəmizdə yaşıl enerji istehsalının genişləndirilməsi məsələsi xüsusi yer tutur. Bu səbəblə Qarabağ ərazisinin enerji potensialı nəzərə alınmaqla tətbiq ediləcək müxtəlif yaşıl texnologiyalar üzrə təhlillər aparılıb, belə ki, Azərbaycanın bərpa olunan enerji mənbələrindən geniş istifadə planları ölkəmizin inkişaf strategiyasına tam uyğundur. Qeyd edilməlidir ki, işğaldan azad edilmiş ərazilərdə alternativ enerji mənbələri kifayət qədər çoxdur. Bölgədə 7200 MVt-dan çox günəş və 2000 MVt-a qədər külək enerjisi potensialı vardır.

“Yaşıl enerjinin yaradılması ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 3 may 2021-ci il tarixli Fərmanının icrası istiqamətində Yaponiyanın TEPSCO şirkəti ilə əməkdaşlığa başlanılıb və müvafiq konsepsiya hazırlanıb. Bu konsepsiyanın məqsədi işğaldan azad edilmiş ərazilərdə mövcud olan yüksək bərpa olunan enerji potensialından istifadə etməklə ərazini ekoloji cəhətdən təmiz yaşıl enerji ilə təmin etmək, həmçinin, ekoloji cəhətdən təmiz və enerjiyə qənaət edən yaşıl texnologiyaların tətbiqi perspektivlərini araşdıraraq təkliflər formalaşdırmaqdır.

Eyni zamanda, bu regionlarda su, günəş, külək, biokütlə, geotermal və digər bərpa olunan enerji potensialının öyrənilməsi, mövcud ehtiyatlardan istifadə etməklə külək və günəş elektrik stansiyalarının tikintisi, həmçinin su elektrik stansiyalarının tikintisi üçün davamlı tədqiqatlar aparılır. Yer səthinə düşən günəş radiasiyasının miqdarına görə Füzuli, Cəbrayıl və Zəngilan rayonları üstünlük təşkil edir, qeyd edə bilərik ki, bu ərazilər Naxçıvandan sonra ikinci yerdədir. Həmçinin rayonda günəş enerjisindən başqa külək enerjisindən də istifadə üçün münbit şərait mövcuddur. Dağlıq hissədə küləyin orta illik sürəti 100 metr yüksəklikdə saniyədə 7-8 metr təşkil edən əlverişli ərazilər çoxdur. Kəlbəcər və Laçın rayonlarında küləyin orta illik sürəti saniyədə 10 metrə çatır.

Respublikamızın yerli su ehtiyatlarının 25 faizi, yəni ildə 2 milyard 560 milyon kubmetri Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının zəngin su ehtiyyatlarının payına düşür. Sözügedən ərazilərdə hal-hazırda 14 çay və 9 su anbarı var. . Ötən müddətdə həmin ərazilərdə 30-a yaxın su elektrik stansiyası bərpa edilib. Yaxın vaxtlarda isə Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının ərazilərində 237 meqavat gücündə 38 yeni su elektrik stansiyasının tikintisi ilə bağlı layihələrin hazırlanması nəzərdə tutulur. Hazırda Cəbrayıl rayonunun Araz çayı üzərində tikilməkdə olan və 200 meqavat qoyuluşlu “Xudafərin” və 80 meqavatlıq “Qız qalası” su elektrik stansiyaları rayonun mühüm enerji obyektlərindəndir. Həmin obyektlərin 2-2,5 il müddətinə istifadəyə verilməsi nəzərdə tutulur. Bundan başqa, rayonun Tərtərçay, Bərgüşadçay, Hekəri çaylarında və onların qollarında kifayət qədər böyük enerji istehsalı imkanları yaratmaq mümkündür. 30 meqavatlıq Bərgüşadçay və 43 meqavatlıq Hekəriçay kiçik su elektrik stansiyalarının tikintisi ilə bu çayların su enerji potensialından istifadə edilməsi nəzərdə tutulmuşdur. Aparılan ilkin təhlillərə təhlillərə görə, Kəlbəcərdə sutkada 3093 kubmetr, Şuşada isə 412 kubmetr termal su olduğu ehtimal edilir.

Prezident İlham Əliyevin açılış mərasimində iştirak etdiyi, Xəzər regionunda və MDB ölkələri arasında ən böyük günəş elektrik stansiyası olan Qaradağ Günəş Elektrik Stansiyasının əhəmiyyətindən də danışmalıyıq, hansı ki, bu stansiyanın tikintisinə 262 milyon ABŞ dolları investisiya ayrılıb. Onu da qeyd etməliyik ki, Qaradağ Günəş Elektrik Stansiyası xarici sərmayələrin cəlb edilməsi ilə reallaşdırılan sənaye miqyaslı ilk günəş elektrik stansiyasıdır. Bu stansiya hər il 500 milyon kilovat-saat elektrik enerjisi verməklə, 110 milyon kubmetr təbii qaza qənaət etməyə imkan verəcək və karbon emissiyaları 200 min ton azalacaqdır. Hal-hazırda sahəsi 550 hektar olan elektrik stansiyasında 570 min günəş paneli qoyulmuşdur.

Yaşıl Enerji Zonasının yaradılması çərçivəsində işğaldan azad edilmiş ərazilərdə bərpa olunan enerji mənbələrindən elektrik enerjisi istehsalı, enerji səmərəliliyi tədbirləri, elektrik nəqliyyat vasitələrinin istifadəsi, binaların damlarında bərpa olunan enerji cihazlarının (xüsusilə günəş panellərinin) quraşdırılması, kimi o cümlədən küçə və yolların işıqlandırılması üçün günəş enerjisinə əsaslanan LED lampaların istifadəsi, istilik, soyutma və isti su təchizatında bərpa olunan enerji texnologiyalarından istifadə, enerjinin intellektual idarə olunması texnologiyalarının tətbiqi və enerji yönümlü tullantıların idarə edilməsi kimi tədbirlər nəzərdə tutulur və planlaşdırılır.

Qeyd etmək lazımdır ki, enerji regionun gələcək inkişafının əsas açarıdır, ona görə də enerji sənayesinin tikintisi birinci yerdə dayanır. Qısa müddətdə Qarabağda və Şərqi Zəngəzurda genişmiqyaslı işlərin görülməsi – minaların təmizlənməsi, həyati vacib infrastrukturun yaradılması Azərbaycan dövlətinin gücünü, niyyətini və iradəsini göstərir. İnanırıq və əminik ki, Qarabağın və Şərqi Zəngəzurun böyük enerji potensialı Azərbaycana dünyanın ən etibarlı enerji istehsalçısı kimi mövqeyini daha da möhkəmləndirməyə imkan verəcəkdir.

İşğaldan azad edilmiş torpaqlar dirçəldilir, erməni vəhşiliyinin izləri silinir, yeni şəhər və kəndlər salınır, hər bir iş zərgər dəqiqliyi, yüksək keyfiyyət və müasir texnologiyalarla həyata keçirilir. Dövlətimizin başçısının qətiyyət və qəti əminliklə söylədiyi “Biz Qarabağa, Şərqi Zəngəzura əbədi qayıtdıq” sözləri gələcək uğurlardan xəbər verir.

 

2024-cü ilin aprelin 17-də Mingəçevir Dövlət Universitetinin (MDU) Türkiyənin İqisadi İnkişaf və Sosial Tədqiqatlar İnstitutu (İKSAD) ilə birgə təşkil etdiyi “MAS-19 Riyaziyyat, mühəndislik, təbiət və tibb elmləri üzrə” Beynəlxalq Elmi Konfransın bölmə iclasında MDU-nun Fizika və ekologiya kafedrasının müəllimləri Aytac Cavad, Fəridə Həsənlinin təqdim etdiyi məqalə

Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.