AzərbaycanElm və təhsilMDUMingəçevirXəbərlər

Mingəçevir Dövlət Universitetində vaksinasiya ilə bağlı maarifləndirmə və təbliğat işlərinə dair tədbir keçirilib

2021-ci ilin 20 may tarixində Mingəçevir Dövlət Universitetində (MDU) vaksinasiya ilə bağlı maarifləndirmə işlərinin gücləndirilməsi məqsədilə iclas keçirilib. “Microsoft Teams” platforması üzərindən onlayn formatda təşkil edilən iclasda MDU-nun struktur bölmələrinin rəhbərləri, tələbə təşkilatlarının fəalları, akademik və inzibati heyət üzvləri iştirak edib.

İclasda çıxış edən MDU-nun rektoru Şahin Bayramov pandemiya şəraitində Azərbaycanda dövlət tərəfindən həyata keçirilən məqsədyönlü və sistemli tədbirlərdən danışıb. Dövlət siyasətinin mərkəzində insan amilinin, o cümlədən vətəndaşlarımızın sosial rifahı və sağlamlığının dayandığını qeyd edən rektor vaksin əldə edən ilk ölkələrdən biri olaraq respublikamızda koronavirusa qarşı aparılan mübarizə modelinin dünyada nümunəvi qəbul edildiyini diqqətə çatdırıb.

Vaksinasiya prosesinə, ilk növbədə, xüsusi həssas qruplara aid və yaşı 65-dən çox olan insanlardan başlanıldığını bildirən Ş.Bayramov, hazırda, digər yaş kateqoriyaları, o cümlədən 18 yaşdan yuxarı vətəndaşlarımızın peyvənd olunması üçün bütün zəruri imkanların yaradıldığını bildirib.

Digər məsələlərdə olduğu kimi, vaksinasiya prosesində də MDU kollektivinin fəallıq nümayiş etdirdiyini vurğulayan rektor universitetin 90 faizdən çox əməkdaşının peyvənd olunduğunu təqdirəlayiq hal kimi qiymətləndirib.

Pandemiya şərtlərinin yüngülləşməsində, eləcə də ənənəvi təhsilin bərpa olunmasında vaksinasiyanın əhatə dairəsinin genişlənməsinin önəmindən bəhs edən Ş.Bayramov bununla əlaqədar maarifləndirmə işlərində MDU ailəsinin bütün üzvlərini daha fəal olmağa çağırıb və bu istiqamətdə müvafiq tövsiyələrini verib.

Qeyd edək ki, MDU-da həm COVID-19 pandemiyasına qarşı mübarizə sahəsində, həm də vaksinasiya ilə bağlı həyata keçirilən təbliğat və maarifləndirmə tədbirlərində universitetin professor-müəllim və tələbə heyəti üzvlərinin fəal iştirakının təmin edilməsinə xüsusi diqqət yetirilir.

Daha çox

Oxşar yazılar

Close