Mingəçevir Dövlət Universitetinin (MDU) rektoru Şahin Bayramov bu ali təhsil müəssisəsinin tərəfdaşlıq etdiyi Lüksemburq Universitetində olub.
Ziyarət zamanı rektor Ş.Bayramov Lüksemburq Universitetinin tədris işləri üzrə prorektoru Catherine Léglu ilə görüşüb. Görüşdə iki universitet arasında əməkdaşlığın potensial inkişaf istiqamətləri barədə fikir mübadiləsi aparılıb və perspektiv birgə fəaliyyətlərlə bağlı müvafiq təkliflər diqqətə çatdırılıb.
Sonra Ş.Bayramov beynəlxalq əlaqələr ofisində, biznes inkubatorda, tədris mərkəzində, kitabxanada və məzunlarla işin təşkili bölməsində görüşlər keçirib və müvafiq istiqamətlər üzrə Lüksemburq Universitetinin təcrübəsi ilə yaxından tanış olub. Tələbə və müəllim mübadiləsi, ortaq elmi fəaliyyətlər, Erasmus+ layihələrində birgə iştirak, innovasiya və startap ekosisteminin inkişafı, müasir kitabxana modeli, sənaye müəssisələri və məzunlarla işin təşkili barədə məlumat alan rektor qarşılıqlı faydalı əməkdaşlıq üçün geniş imkanların olduğunu diqqətə çatdıraraq qonaqpərvərliyə görə Lüksemburq Universitetinin rəhbərliyinə və əməkdaşlarına təşəkkürünü bildirib.
Qeyd edək ki, hazırda modernləşməkdə olan MDU-da universitetin strateji məqsədlərindən irəli gələn vəzifələrin effektiv şəkildə reallaşdırılması məqsədilə beynəlxalq əməkdaşlığın inkişafına və beynəlxalq layihələrdə fəal iştiraka xüsusi önəm verilir.
Şərhlər bağlıdır.