Bizimlə həyatınız həmişə işıqlı olacaq!

MDU-da Xocalı soyqırımına həsr olunan mühazirə keçirilib

13

2023-cü il fevralın 23-də Mingəçevir Dövlət Universitetində (MDU) Humanitar fənlər kafedrasının təşkilatçılığı ilə Xocalı soyqırımının 31-ci ildönümünə həsr olunmuş “Azərbaycan xalqının yaddaşına yazılmış qanlı səhifə: Xocalı faciəsi” adlı mühazirə keçirilib. Mühazirədə MDU-nun bir qrup akademik və inzibati heyət üzvü, tələbə və magistrantları iştirak edib.

MDU-nun Humanitar fənlər kafedrasının müdiri, dosent Esmira Cəfərova giriş sözü ilə çıxış edərək xalqımızın qan yaddaşına əbədi həkk olan Xocalı faciəsinin XX əsrin ən dəhşətli soyqırım cinayətlərindən olduğunu bildirib və faciə qurbanlarına Allahdan rəhmət diləyib. 31 il əvvəl xalqımıza qarşı törədilmiş amansız qətliamın heç zaman unudulmayacağını qeyd edən E.Cəfərova Xocalı həqiqətlərinin gənc nəsilə çatdırılmasının vacibliyindən danışıb və bu baxımdan mühazirənin önəmini vurğulayıb.

Sonra, Humanitar fənlər kafedrasının müəllimi Tahirə Quliyevanın mühazirəsi dinlənilib. Mühazirədə faciənin baş vermə səbəbləri, amansız qətliamın miqyası və dəhşətləri barədə ətraflı məlumat verilib, Xocalı soyqırımının dünya miqyasında tanıdılması istiqamətində həyata keçirilən dövlət tədbirlərindən və Heydər Əliyev Fondunun təşkilatçılığı ilə görülən işlərdən danışılıb. Bildirilib ki, illərlə bu soyqırım cinayəti əsl beynəlxalq hüquqi-siyasi qiymətini almasa da, müzəffər Ali Baş Komandanımızın qətiyyətli siyasəti və rəşadətli Azərbaycan Silahlı Qüvvələrinin əsgər və zabitlərinin qəhrəmanlığı sayəsində 44 günlük Vətən Müharibəsində qazanılan şanlı Zəfərlə tarixi ədalət bərpa edildi və şəhidlərimizin qanı yerdə qalmadı.

Mövzu ətrafında aparılan müzakirələrdən sonra, tələbə və magistrantların sualları cavablandırılıb.

Qeyd edək ki, MDU-da Xocalı soyqırımının 31-ci ildönümü ilə əlaqədar olaraq müxtəlif tədbirlərin keçirilməsi nəzərdə tutulub.

 

Şərhlər bağlıdır.