2023-cü ilin yanvarın 30-da Mingəçevir Dövlət Universitetində (MDU) Karyera və İnkişaf Mərkəzinin (KİM) təşkilatçılığı ilə “Karyeramın zirvəsi Qarabağda” adlı təqdimat keçirilib. “Heydər Əliyev İli” və 2 Fevral – Azərbaycan Gənclər Gününə həsr olunan tədbirdə universitetin bir qrup akademik-inzibati heyət üzvü, tələbə və magistrantları iştirak ediblər.
Tədbirdə Zəngilan rayonu Ağalı kəndində aparılan quruculuq işlərindən, Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə keçirilən bir sıra obyektlərin, o cümlədən tam orta məktədin açılış mərasimlərindən bəhs edən videoçarx nümayiş olunub.
Sonra, MDU məzunu, Ağalı kənd tam orta məktəbin müəllimi Şəmsiyyə Şəmsəddinova çıxış edib. Məzunu olduğu universitetdə müəllim və tələbələrlə görüşdən məmnunluğunu ifadə edən S.Şəmsəddinova son dövrdə müasirləşmə yolunda önəmli addımlar atan MDU-da təhsil alanlar üçün yaradılan imkanların onun pedaqoji karyerasında və şəxsi inkişafında oynadığı əhəmiyyətli roldan danışıb. Müəllimlərin işə qəbulu (MİQ) müsabiqəsinə hazırlıqla bağlı təcrübələrini bölüşən MDU məzunu işğaldan azad edilmiş doğma torpaqlarda əmək fəaliyyətinə başlamaqdan qürur duyduğunu bildirib. Tarixi Zəfərdən sonra ilk məskunlaşmanın reallaşdırıldığı və müasir standartların tətbiq edildiyi Ağalı kəndində mövcud yaşayış və iş şəraitindən söhbət açan S.Şəmsəddinova burada müəllimlik fəaliyyəti ilə məşğul olmanın üstünlüklərindən və məsuliyyətindən bəhs edib. Eyni zamanda, Qarabağ və Şərqi Zəngəzurun sürətlə dirçəldilməsi və Böyük Qayıdış prosesinin doğma ərazilərdə məşğulluq və karyera inkişafı üçün böyük potensial yaratdığı diqqətə çatdırılıb, bu məqsədlə tələbə gənclərin müvafiq istiqamətlər üzrə bilik və bacarıqlarını davamlı artırmaları tövsiyə olunub.
Daha sonra, KİM-in mütəxəssisi İlhamə Məmmədovanın moderatorluğu ilə təqdimatda qeyd edilən məsələlərlə bağlı fikir mübadiləsi aparılıb və iştirakçıların sualları cavablandırılıb. Görüşdə çıxış edən universitetin professor-müəllim heyəti üzvləri MDU məzunlarının Qarabağda aparılan quruculuq işlərində fəal iştirakına əminliklərini bildiriblər.
Təqdimat iştirakçılar tərəfindən maraqla qarşılanıb.
Qeyd edək ki, MİQ imtahanlarında uğurlu nəticə göstərərək hazırda Ağalı kənd orta məktəbində müəllim vəzifəsində çalışan S.Şəmsəddinova 2020-ci ildə MDU-nun “İbtidai sinif müəllimliyi” ixtisasından məzun olub.
Şərhlər bağlıdır.