Bizimlə həyatınız həmişə işıqlı olacaq!

MDU-da “Şəxsiyyət, cəmiyyət, dövlət: qarşılıqlı münasibətlərə müasir yanaşmalar” mövzusunda respublika elmi konfransı keçirilib

Dekabrın 7-də Mingəçevir Dövlət Universitetində bu mövzuda respublika elmi konfransı keçirilib. Açılış mərsimində Mingəçevir Dövlət Universitetinin rektoru Şahin Bayramov elmi konfransa böyük maraq göstərildiyini qeyd edib, doqquz elmi istiqaməti əhatə edən tədbirə respublikanın 22 ali təhsil müəssisəsindən, AMEA-nın 16 sahə elmi-tədqiqat institutundan və 5 digər təşkilatdan 300-ə yaxın məqalə və tezis daxil olduğunu diqqətə çatdırıb.

Plenar iclasda Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov “İctimai-siyasi proseslərin inkişafında postmodern şəxsiyyətin rolu və əhəmiyyəti” mövzusunda məruzə edib. Natiq müasir cəmiyyətin inkişafında mühüm rol oynayan şəxsiyyət amili barədə ətraflı məlumat verib, xüsusilə ümummilli lider Heydər Əliyevin postmodern şəxsiyyətlər arasında müstəsna yer tutduğundan, müasir Azərbaycan cəmiyyətinin uzunmüddətli və davamlı inkişafı istiqamətində misilsiz xidmətlərindən danışıb. Eyni zamanda XXI əsrdə Azərbaycanın yeni dövrün tələblərinə uyğun hərtərəfli tərəqqisinin təmin olunmasında Prezident İlham Əliyevin həlledici rolundan bəhs olunub.

MDU-nun rektoru Şahin Bayramov “Müasir dünyanın multikultural xarakteri: mövcud vəziyyət və Azərbaycan reallıqları”ndan söhbət açıb. Müasir dünyada daimi sülh, davamlı tərəqqi və qarşılıqlı anlaşma mühitinin formalaşması və dayanıqlı inkişafın təmin olunması zərurəti nəticəsində yaranan multikulturalizm fenomenindən bəhs edən rektor  bildirib ki, Heydər Əliyev hələ XX əsrin 60-cı illərində multikulturalizmin alternativsiz olduğunu bəyan etmiş,   tolerantlığı və multikulturalizmi müstəqil Azərbaycanın demokratik inkişafının əsas tərkib hissəsinə çevirməyə nail olmuşdu.   Məruzəçi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi altında artıq tarixi həqiqətə çevrilmiş Azərbaycan multikulturalizminin xüsusiyyətlərindən, 2016-cı ilin ölkəmizdə “Miltikulturalizm ili” elan edilməsinin əhəmiyyətindən də  bəhs edib.

Azərbaycan İlahiyyat İnstitutunun rektoru Ceyhun Məmmədov “Qloballaşma şəraitində dinin cəmiyyətdə yeri və rolu”na toxunub. O, dini fəaliyyətin idarə edilməsi sahəsində bir sıra ölkələrdə mənfi təcrübənin mövcudluğunu,  Azərbaycanda isə dözümlülük və milli-mənəvi dəyərlərə yüksək diqqət göstərildiyini, xüsusilə İlahiyyat İnstitutunun yaradılmasının əhəmiyyətini nəzərə çatdırıb.  Məruzəçi sağlam nəslin yetişdirilməsinin vacibliyi, dini sahədə maarifləndirmə işinin gücləndirilməsi ilə bağlı məsələləri də qabardıb.

“Müasir dövrdə Azərbaycanın milli iqtisadi inkişaf modelinin formalaşma-sında şəxsiyyət, cəmiyyət və dövlət amilləri” barədə Mingəçevir Dövlət Universitetinin Elmi işlər üzrə prorektor əvəzi professor Veysəl Əyyubov çıxış edib. O, milli iqtisadi inkişafımızın xarakterik xüsusiyyətləri barədə fikirlərini açıqlayıb.

Azərbaycan Dövlət İqtisad Universitetinin İqtisadi Araşdırmalar Elmi Tədqiqat İnstitutunun direktoru professor Yadulla Həsənli konfransda müzakirə olunan mövzunun əhəmiyyətindən, bu məsələyə müasir nəzəri yanaşmalar və praktiki təcrübələrdən danışıb. O, xüsusilə qeyd edib ki, müasir həyatın uğuru sayılan üçbucaq düsturu özündə bilik, münasibət və əlaqəni ehtiva edir: “Təhsil, biznes və dövlətin əlaqələri də bu üçbucağın müxtəlif tərəflərini təşkil edir. Dünyada keyfiyyətli təhsilə ona görə önəm verilir ki, hər bir təhsil alan ən azı 3 yeni iş yeri yaratmağa müvəffəq olur. “

Tədbirdə Azərbaycan İlahiyyat İnstitutu adından Mingəçevir Dövlət Universitetinə hədiyyələr təqdim olunub. Konfrans işini bölmələrdə davam etdirib.

Şərhlər bağlıdır.