2023-cü il martın 14-də Mingəçevir Dövlət Universitetində (MDU) Novruz bayramı münasibətilə tədbir keçirilib. Universitetin həyətində təşkil olunan tədbirdə MDU-nun Vətən müharibəsində şəhidlik zirvəsinə ucalmış məzunlarının valideynləri, İctimai Nəzarət Şurasının üzvləri, əməkdaşlar, tələbə və magistrantlar iştirak ediblər.
Tədbirin açılışında universitetin rektoru Şahin Bayramov çıxış edərək İlaxır çərşənbəsi və Novruz bayramı münasibətilə bütün MDU ailəsi üzvlərini və qonaqları təbrik edib, onlara ən xoş arzularını bildirib. Rektor qeyd edib ki, Müzəffər Ali Baş Komandanımız İlham Əliyevin rəhbərliyi ilə Rəşadətli Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində qazandığı şanlı Zəfərdən sonra işğaldan azad edilmiş doğma yurdlarımızda Novruz tonqallarının qalanması hər birimizdə sonsuz sevinc və qürur hissləri yaradır. Ölkəmizdə bayram tədbirlərinin yüksək əhval-ruhiyyədə və ərazi bütövlüyü şəraitində qeyd edilməsində məhz qəhrəman Vətən övladlarına borclu olduğumuzu vurğulayan rektor şəhidlərimizə Allahdan rəhmət, qazilərimizə isə şəfa diləyib. Tədbirdə dəvəti qəbul edib iştirak etdikləri üçün universitetin şəhid məzunlarının ailə üzvlərinə minnətdarlığını ifadə edən Ş.Bayramov bütün şəhid valideynlərinə dərin hörmət və ehtiramını bildirib.
Tədbirdə çıxış edən MDU-nun Humanitar fənlər kafedrasının əməkdaşı Rahilə Məmmədova Novruz bayramının tarixi, əsas xüsusiyyətləri, adət və ənənələri barədə ətraflı məlumat verib.
Sonra, Vətən müharibəsi iştirakçısı olmuş MDU əməkdaşlarına Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı tərəfindən çap olunan “Qəhrəman təhsil işçiləri” kitabı hədiyyə edilib və bayram tonqalı yandırılıb. MDU-nun gənc əməkdaşları və tələbələrinin təqdimatında Novruz bayramına həsr olunan müxtəlif musiqilər səsləndirilib, rəqslər ifa olunub və səhnəciklər nümayiş etdirilib. Böyük maraqla qarşılanan tədbirin sonunda xatirə şəkilləri çəkdirilib.
Qeyd edək ki, tədbirdən əvvəl yazın gəlişi münasibətilə universitetin həyətində ağacəkmə aksiyası da keçirilib.
Şərhlər bağlıdır.