Bizimlə həyatınız həmişə işıqlı olacaq!

MDU-da Elm günü qeyd edilib

211

Mingəçevir Dövlət Universitetində “Elm günü”nə həsr olunmuş “Elmin uğurları” mövzusunda elmi-nəzəri konfrans keçirilib.

Konfransı giriş sözü ilə professor Veysəl Əyyubov açıb. Veysəl Əyyubov universitetin rektoru Akif Hacıyevin konfrans iştirakçılarına salamını çatdırıb və konfransın işinə uğurlar arzuladığını bildirib. Sonra prof. V.Əyyubov qeyd edib ki, bir çox ölkələrdə 10 Noyabr – Sülh və İnkişaf Naminə Ümumdünya Elm Gününə həsr olunmuş tədbirlər keçirilməkdə davam edir. Elmi əməkdaşlıq əlaqələrinin genişləndirilməsində əhəmiyyətli rola malik konfrans, seminar, dəyirmi masa və sərgilərdə dünya alimləri bir araya gələrək qlobal problemlərə elmi dəstək verməyə çalışırlar. Ümumdünya elm günü ilə yanaşı bir çox ölkələrdə milli elm günü, həftəsi də keçirilir. Hər bir ölkə bu əlamətdar hadisəni fərqli zamanlarda qeyd edir.

Professor Veysəl Əyyubov dünya elminə töhfələr bəxş etmiş ölkəmiz də təbii ki, bu proseslərdən kənarda qalmadığını bildirib. Elmin cəmiyyətin inkişafında xüsusi rolu və əhəmiyyəti nəzərə alınaraq, Prezident İlham Əliyevin 2018-ci il 9 aprel tarixli Sərəncamı ilə respublikada 27 Mart – Elm gününün təsis edilməsinin bu diqqətin bariz nümunəsi olduğunu söyləyib. O, Elm günü üçün məhz 27 mart tarixinin seçilməsi heç də təsadüfi olmadığını bildirib. Belə ki, Azərbaycan SSR Xalq Komissarları Sovetinin sədrinin imzaladığı “Azərbaycan SSR Elmlər Akademiyasının yaradılması haqqında” 27 mart 1945-ci il tarixli qərarla ölkəmizdə Elmlər Akademiyasının təsis edilməsi rəsmiləşdirilmiş və Akademiyanın ilk nizamnaməsi təsdiq olunmuşdu. Elmlər Akademiyasının ilk təsisçiləri olan görkəmli elm xadimləri Azərbaycan elminin və ictimai-ədəbi fikrinin inkişafında əvəzsiz xidmətlər göstərdiklərini vurğulayıb.

Professor Veysəl Əyyubov qeyd edib ki, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) yaradılması ölkəmizin elm həyatında baş verən ən önəmli və şərəfli hadisəsidir. Azərbaycan cəmiyyətinin sonrakı bütün inkişaf mərhələsində Elmlər Akademiyası mühüm rol oynamışdır. Bu elm ocağı ölkəmizdə ziyalı qüvvələrin formalaşdırılması, dünya elminə inteqrasiya, mühüm elmi nailiyyətlərin əldə olunması işinə töhfələr vermişdir. Azərbaycanın inkişafına dair həyata keçirilən bütün dövlət proqramlarının icrasında AMEA mühüm vəzifələrin əsas daşıyıcılarından biri kimi yaxından iştirak etmişdir.

Veysəl Əyyubov ulu öndər Heydər Əliyevin ölkə həyatının bütün sahələrinə, o cümlədən elmə böyük diqqət yetirdiyini bildirib. O, ulu öndər Heydər Əliyevin 1993-cü ildə birinci görüşünü məhz Elmlər Akademiyasında Azərbaycan ziyalıları ilə keçirdiyini xatırladıb, dahi liderin həmin görüşdə söylədiyi fikri yada salıb: “Elmlər Akademiyası Azərbaycan xalqının bir neçə nəsli tərəfindən yaradılmış milli sərvətidir, biz onu qoruyub yaşatmalıyıq”.

Sonra “Fizika və ekologiya” kafedrasının dosenti, kimya üzrə fəlsəfə doktoru Məhyəddin Mehdiyev “Kimya elminin inkişafında müasir tendensiyalar”, “İnformasiya texnologiyaları” kafedrasının müdiri, texnika üzrə fəlsəfə doktoru Aidə Mustafayeva “Azərbaycanda elektron elm konsepsiyasının reallaşdırılması istiqamətləri”, “Energetika” kafedrasının müəllimi, Azərbaycan Yazıçılar Birliyinin üzvü, tədqiqatçı şair, “Qızıl qələm” mükafatçısı Əbülfət Həsənoğlu “Nəsimi fəlsəfəsinin sirləri”, “Mexanika” kafedrasının dosenti, texnika üzrə fəlsəfə doktoru, Mingəçevir “Tekstil” MMC-nin texniki direktoru Mustafa Məmmədov “Mingəçevir Sənaye Parkı: reallıqlar və perspektiv inkişaf”, “İqtisadiyyat” kafedrasının müdiri, iqtisad üzrə fəlsəfə doktoru, dosent Cəmilə Musayeva “Azərbaycanın iqtisadi inkişafında elm və innovasiyaların rolu” mövzularında çıxış ediblər.

Məruzələr dinlədildikdən sonra elm aylığında universitetdaxili olimpiadalarda fərqlənən tələbələr mükafatlandırılıb:

Fizika fənnindən – Mühəndislik fakültəsi, Yerüstü nəqliyyat vasitələrinin mühəndisliyi ixtisasının tələbəsi İlkin Nəsibov – I yer; İnformasiya texnologiyaları ixtisasının tələbəsi Aidə Heydərova – II yer; İstilik energetikası mühəndisliyi ixtisasının tələbəsi Mübariz Sadıqov – III yer;

Kimya fənnindən – Mühəndislik fakültəsi, Çoxişlənən malların texnologiyası mühəndisliyi ixtisasının tələbəsi Rüfət İlyasov – I yer; Ekologiya mühəndisliyi ixtisasının tələbəsi Çinarə Ərəbova – II yer; Ekologiya mühəndisliyi ixtisasının tələbəsi Muraz Abuzərov – III yer;

Riyaziyyat fənnindən, I kurslar üzrə – Pedaqoji fakültə, Riyaziyyat və informatika müəllimliyi ixtisasının tələbəsi Zülfiyyə Məmmədova – I yer; Natəvan Vəliyeva – II yer; Riyaziyyat müəllimliyi ixtisasının tələbəsi Gülbəniz Dadaşova – III yer;

Riyaziyyat fənnindən, II-III kurslar üzrə – Pedaqoji fakültə, Riyaziyyat müəllimliyi ixtisasının tələbəsi Rüstəm Rəsulov – I yer; Aidə Yusibova – II yer; Riyaziyyat və informatika müəllimliyi ixtisasının tələbəsi Leyla Xəlilova – III yer;

Azərbaycan tarixi fənnindən – İqtisadiyyat və idarəetmə fakültəsi, Sənayenin təşkili və idarə olunması ixtisasının tələbəsi Ramal Mikayılov – I yer; Camal Rəhimov – II yer; Pedaqoji fakültə, Tarix müəllimliyi ixtisasının tələbəsi Ülviyyə Edilxanova – III yer.

Konfransın işində universitetin professor-müəllim və tələbə heyəti, KİV nümayəndələri iştirak ediblər.

Şərhlər bağlıdır.