Bizimlə həyatınız həmişə işıqlı olacaq!

MDU-da dəyirmi masa: “Heydər Əliyev və müasir Azərbaycan”

14

2023-cü il iyunun 12-də Mingəçevir Dövlət Universitetində (MDU) “Heydər Əliyev İli” çərçivəsində 15 İyun – Milli Qurtuluş Gününə həsr edilmiş “Heydər Əliyev və müasir Azərbaycan” mövzusunda dəyirmi masa keçirilib. MDU-nun Humanitar fənlər kafedrasının təşkilatçılıq etdiyi dəyirmi masada universitetin bir qrup professor-müəllim heyəti üzvü, tələbə və magistrantlar iştirak ediblər.

Əvvəlcə, ümummilli lider Heydər Əliyevin və qəhrəman şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Sonra Humanitar fənlər kafedrasının müdiri Esmira Cəfərova giriş sözü ilə çıxış edərək 15 iyun tarixinin böyük ictimai, siyasi və tarixi əhəmiyyətindən bəhs edib. Bildirib ki, məhz ümummilli lider Heydər Əliyevin misilsiz xilaskarlıq missiyası sayəsində Azərbaycan müstəqil dövlət kimi mövcudluğunu qoruyub saxlaya bilib, hərtərəfli, dayanıqlı və dinamik inkişaf yoluna qədəm qoyub. Hazırda Ulu Öndərin siyasi kursunu layiqli şəkildə davam etdirən Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz müstəqillik tarixinin ən qüdrətli və şanlı dövrünü yaşayır. Ən yeni tariximizlə bağlı həqiqətlərin, əbədiyaşar lider Heydər Əliyevin zəngin dövlətçilik irsinin öyrənilməsi və təbliğinin önəmini diqqətə çatdıran E.Cəfərova tələbələrin iştirakı ilə keçirilən hazırki dəyirmi masanın əhəmiyyətini vurğulayıb.

Milli Qurtuluş Gününə həsr olunmuş videoçarxın nümayişindən sonra MDU-nun Humanitar fənlər kafedrasının baş müəllimi İlham Məmmədovun moderatorluğu ilə tələbələrin çıxışları dinlənilib.

MDU tələbələrindən Nərgiz Rüstəmova “Qurtuluş missiyasının baş verdiyi tarixi şərait”, Leyla Manafova “Taleyinə xilaskarlıq yazılmış milli lider”, Sevinc Məmmədova “Böyük siyasətə aparan yolun ilk cığırları”, Səbinə Əliyeva “Birinci qurtuluş missiyası (1969, 14 iyul)”, Nurlana Allahverdiyeva “Dünya miqyaslı siyasi lider (XX əsrin 80-ci illəri)”, Rəsul Mirzəyev “Vətənə qayıdış (1990)”, Hikmət Qaffarov “Böyük həyat yolunun Naxçıvan dönəmi (1991-1993)”, Sübhan Camalov “Təlatümlərlə dolu Azərbaycan (1992-1993)”, Nərgiz Rəsulzadə “Yeni Azərbaycanın xilaskar partiyası (YAP, 1992, 21 noyabr)”, Sədiqə Sadıqova “Xalqın ümid yeri. Böyük siyasətə qayıdış”, İlahə İbrahimova “Ümummilli lider və Böyük xilaskar” və Uğur Hüseynov “Qurtuluşdan doğan bütöv və yenilməz Azərbaycan” mövzusunda məruzələrlə çıxış ediblər.

Dəyirmi masa iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb.

Qeyd edək ki, MDU-da “Heydər Əliyev İli” çərçivəsində müxtəlif tədbirlər keçirilir.

Şərhlər bağlıdır.