Bizimlə həyatınız həmişə işıqlı olacaq!

MDU əməkdaşları Naxçıvanda beynəlxalq konfrasda fəal təmsil olunub

186

Mingəçevir Dövlət Universitetinin (MDU) bir qrup akademik heyət üzvü Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin və Türkiyə Respublikasının Orta Şərq Texniki Universitetinin birgə təşkilatçılığı ilə “Naxçıvan” Universitetində keçirilən “İnsan-kompüter qarşılıqlı əlaqəsi” mövzusunda Beynəlxalq Şərq Konfransında fəal iştirak edib.

Azərbaycan, Türkiyə, Qırğızıstan, Malayziya, Tailand və İtaliyadan, ümumilikdə, 160 müəllifin 91 məqaləsinin daxil olduğu Konfransın bölmə iclaslarında MDU-nun 10 əməkdaşının elmi məruzələri dinlənilib.

MDU-nun akademik heyət üzvlərindən A.Mustafayeva, E.İsrafilova, E.Əliyev, E.Xəlilov və G.Baxşiyevanın “Aqrar sektorlarda tətbiq olunan mobil platformaların UX dizaynı əsasında təhlili”, R.Əmiraslanovanın “Kompüter riyazi sistemlərinin tətbiqilə informasiya təhlükəsizliyi risklərinin qiymətləndirilməsini realizə edən qeyri-səlis modelin yaradılması”, A.Abdurrahmanova və Ş.Nəsirovanın “Veb-sistemlərdə insan-kompüter qarşılıqlı əlaqəsinin təmini vasitələri”, D.İslamova və N.Əhmədovanın “Müasir proqram tətbiqlərində istifadəçi interfeysi məmnunluğu problemlərinin təhlili” mövzularında təqdimatları konfrans iştirakçıları tərəfindən maraqla qarşılanıb.

Konfrans çərçivəsində MDU təmsilçiləri sahə üzrə dünya şöhrətli alim – Türkiyənin Orta Şərq Texniki Universitetinin professoru Kürşat Çağıltayın Azərbaycan dilinə tərcümə olunmuş “Nəzəriyyədən təcrübəyə insan-kompüter qarşılıqlı əlaqəsi və istifadəyə yararlılıq mühəndisliyi” kitabının təqdimatında da iştirak ediblər.

Konfransın yekununda MDU əməkdaşları müvafiq sertifikatlarla təltif olunub.

Qeyd edək ki, beynəlxalq konfrans Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin 5 oktyabr 2021-ci ildə elan etdiyi “Ali və orta ixtisas təhsilinin 2021-2022-ci illər üzrə inkişafı” qrant müsabiqəsinin qalib olan “İnsan-kompüter interfeysləri” sahəsində təhsilverənlərin peşəkarlığının yüksəldilməsi və beynəlxalq təcrübənin öyrənilməsi” layihəsinin yekunu olaraq təşkil edilib. Sözügedən layihə çərçivəsində həyata keçirilən müxtəlif tədbirlərdə MDU əməkdaşları da fəal təmsil olunub.

MDU_Naxchivan_beynelxalq konfrans

Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.