Qapını döyən kimdir?
Kür çayı ətrafındakı mülk sahibləri son günlər səksəkəlidirlər. Mingəçevirdə beynəlzxalq səviyyəli Olimpiya Təlim İdman Mərkəzinin inşası ilə əlaqədar vətəndaşların sahil boyu torpaqlarının əllərindən alınacağı, o çümlədən tikililərinin, yaşayış evlərinin tezliklə söküləcəyi barədə söhbətlər səngimək bilmir. Şəhər İcra Hakimiyyəti başçısının müavini Valeh Əliyevin bəyanatı isə ciddi narahatlıq yaradıb: “Keçmış “Kümbəzin” yalnız bir hissəsinə Sovetlər dövründə sənəd verilib., artırmaları və əlavələri isə qeyri-qanuni tikilib. Əksər iaşə obyektlərinin ümumiyyətlə sənədi yoxdur. Ətrafı hasara alınmış və içərisində böyük evlər ucaldılmış ərazidə isə yalnız bağ sahələri salmağa icazə verilib”. Onun dediyinə görə, bu obyektlər qeyri-qanunidir və söküləcəyi halda sahiblərinə heç bir kompensasiya ödənilməyəcək.
V.Əliyev bağ torpaqlarına və evlərinə Prezidentin sərəncamı ilə artıq ləğv edilmiş Bağlar Təsərrüfatı İdarəsinin (BTİ) verdiyi texniki pasportların hüquqi qüvvəsi olmadığını, indiyədək Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən mülkiyyətlə bağlı çıxarışlar alınmadığını əsas gətirir: “Bu obyektlər qanuni tikilsəydi, indi ortalığa dövlətin sənədini qoyardılar”.
“Valeh müəllimin bəyanatını ciddi qəbul etməzdim, əgər İcra Hakimiyyətinin məsul işçiləri gəlib qapımızı döyməsəydilər… Tələb edirlər ki, 10 günə yeri boşaldaq…”- “Kür-nur” kafesinin sahibi Arif Nuriyev belə deyir. Sonra da əlavə edir ki, üç ildir hamının gözü qabağında tikinti işləri aparır: “İki həftədir işə başlamışam. Torpağı da bələdiyyədən 10 illiyə icarəyə götürmüşəm”.
Əlyar Rəhimov isə kafe üçün yeri İcra Hakimiyyətinin sərəncamı əsasında 15 il qabaq aldığını, inişil isə yeni başçının sərəncamı ilə sənədlərini təzələdiyini bildirir: “Dedilər ki, işləmək istəyirsənsə, yenidən sərəncam verilməlidir. Bu dəfə çertyoj və pasportun alınması mənə 580 dollara başa gəldi. Hələ vaxtaşırı verdiyim xırda xərcləri saya almıram”.
İH-də qapıların döyülməsinin səbəbini sahil boyu ərazidəki obyektlərin inventarizasiya edilməsi ilə əlaqələndirdilər. Mingəçevir İcra Hakimiyyətinin başçısı Lütvəli Babayev isə müxbirimizlə söhbətində bildirdi ki, şəhərdəki tikililərin müəyyən hissəsi yüksək gərginlikli elektrik xətlərinin altında və Su Elektrik Stansiyası bəndinin mühafizə zonasında yerləşdiyindən “Azərenerji” ASC və Fövqəladə Hallar Nazirliyi İH-nə rəsmi məktub göndərib: “Biz qanunsuz tikililərlə bağlı məhkəmədə iddia qaldırmışıq. Lakin proses uzanır”.
Prezident bağları istifadəçılərinə bağışlayıb
Onlarla imkanlı ailənin bağ yeri kimi aldığı mövcud ərazidə bu gün dəyəri yüz min dollardan artıq qiymətləndirilən daşınmaz əmlakı var. “Mənim mülküm – mənim qalamdır, onu heç kim dağıda bilməz. O ki, qaldı sənədlərə, hamısı yerindədir” – bunu deyən Rəhman Qurbanov bildirir ki, Su Elektrik Stansiyasının “Bahar” kollektiv bağçılıq təsərrüfatına daxil olub, sonradan həmin ərazi üçün BTİ-dən texniki pasport da alıb: “Bu idarə hökumət təşkilatıydı, İcra Hakimiyyəti özü yaratmış və səlahiyyətlər vermişdi. Biz də onun razılığı ilə evi tikmişik və sənədlərimizin hazırlanması üçün idarənin hesabına vəsait də köçürmüşük. Məgər burdakı mülkə sahib olmağımızı Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən veriləsi bir parça kağız həll edir?”
Səksən beş yaşlı Süleyman və 72 yaşlı Xatun Hüseynovlar da həmin ərazidə 30 il qabaq bağ sahəsi alanlardandır. Şəhər evində ailə qurmuş övladları yaşayır, burda isə həyət evi tikiblər: “Adam qocaldıqca, istəyir ki, ayağı torpağa daha yaxın olsun. İndi bu yaşımda məni dağa-daşa salmaq istəyirlər. Öldürsələr də, gedəsi deyiləm” – Süleyman kişi dərdini bizimlə bölüşür.
BTİ-dən malik olduğu bağ sahəsinə və həmin torpaqda tikdiyi evə görə ayrı-ayrılıqda pasport alan Elçın Məmmədov da əmlakını qorumaq əzmindədir. Ona görə də mövcud qanunvericiliyi öyrənib. O, bizə Torpaq Məcəlləsini, “Torpaq islahatları haqqında Azərbaycan Respublikası Qanunu”nu, Azərbaycan Respublikası Prezidentinin 10 yanvar 1997-ci il tarixli 534 saylı fərmanı ilə təsdiq edilmiş “Vətəndaşların qanuni istifadəsindəki (fərdi yaşayış evlərinin, həyətyani sahələrinin, fərdi, kollektiv və kooperativ bağçılıq) torpaqların onların mülküyyətinə verilməsi haqqında Əsasnamə”ni göstərir: “Əgər prezident bağ sahələrini istifadəçilərinə bağışlayıbsa, təzədən uzun-uzadı sənədləşmə və süründürməçilik nəyə lazımdır?”
Vətəndaş öz evinə qeydiyyata dura bilmir
1999-cu ildən 2007-ci ilin martına qədər (bağ təsərrüfatlarının ləğvi ilə bağlı prezident fərmanınadək) İH yanında BTİ-nin rəisi işləmiş Eyyub Rəşidov ərazidəki bağ evlərinin bu günədək mülkiyyət hüququnu təsdiq edən sənədə malik olmadığını qabartdı. Onun fikrincə, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsindən Dövlət torpaq aktının, Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətindən mülkiyyət şəhadətnaməsinin alınması müşküldür. Bağlar ərazisində əksər küçələrə ad verilmədiyindən ünvan yoxdur, buna görə də vətəndaşlar daimi yaşadıqları bağ evlərinə qeydiyyata götürülmür.
Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Yevlax Ərazi İdarəsi Mingəçevir şəhər şöbəsinin rəisi Fəxrəddin Əliabbasov bildirir ki, 1979-cu ildən başlayaraq, təxminən 270 ha ərazidə 58 müəssisəyə – 5900 ailəyə torpaq ayrılıb. 1991-ci ildə isə hökümət tikinti işlərini dayandırdığından Mingəçevirdə 349 ailə mənzil növbəsindən çıxmaqla bağ torpaqlarında şəxsi ev tikmək üçün torpaq sahəsi alıb: “Torpaq Məcəlləsinin 67.1 maddəsinin tələbinə görə, torpaq sahələri üzərində hüquqlar, onları yaradan əsaslar müdafiə olunmaq məqsədilə dövlət torpaq kadastrında və dövlət torpaq reyestrində, habelə qanunvericilikdə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçirilməlidir. Mülkiyyət şəhadətnaməsi vermək üçün evlər pasportlaşdırılmalı, küçələrə ad və evlərə nömrələr verilməlidir. Bu məqsədlə ya İcra Hakimiyyətinin sərəncamına , ya da məsələnin birdəfəlik həlli üçün Nazirlər Kabinetinin qərarına ehtiyac var. Biz heç bir ilkin sənədi olmadan tikilən evləri nəyə əsasən rəsmiləşdirə bilərik? ”
F.Əliabbasov onu da qeyd etdi ki, son illərdə bağlara axın çoxalıb, imkansız, əsasən işsiz ailələr hündürmərtəbəli yaşayış binalarındakı mənzillərini baha qiymətə satıb bağ torpaqlarına gəlməklə təsərrüfatla məşğul olmaq şansı qazanırlar. İmkanlılar da “kibrit qutularındakı” mənzillərini bağların daha sərfəli, əsasən Kür çayı boyunca uzanan ərazilərindəki imarətlərlə əvəz edir və il boyu burada yaşayırlar: “Problem bundadır ki, şəhərdəki bağ evlərinin xeyli hissəsi ötən illər ərzində əldən-ələ keçib. İlkin sənəddə kollektiv bağçılığından yer alanların adları göstərilsə də, faktiki istifadəçilər başqalarıdır. İndiyədək bağların alqı-satqısı qeyri-rəsmi ödənişlərlə aparılıb. Satan tərəf BTİ-nin adına ərizə yazaraq, yerdən istifadə etmədiyini, alan tərəfə təmənnasız verdiyini və gələcəkdə heç bir iddiası olmayacağını bildirir, bundan sonra BTİ-nin adından yeni sahibin adına texniki pasport tərtib edilirdi”.
Mingəçevirdəki 2 saylı Notariat Kontorunun notariusu Nidayət Rzayev isə vətəndaşların bağ sahələrinin alqı-satqısı ilə bağlı ona tez-tez müraciət etdiklərini nəzərimizə çatdırdı: “Qanuna görə, xüsusi mülkiyyətdə olan torpaqlar üzərində bütün hüquqların başqasına keçməsi tərəflər arasında bağlanmış və notarial qaydada təsdiq edilmiş müqavilə əsasında həyata keçirilir. Lakn biz onlara kömək göstərə bilmirik. Çünki vaxtilə həmkarlar təşkilatından, son illərdə BTİ-dən alınan pasportlar mülkiyyət hüququnu təsdiq edən sənədlər deyil”.
Hökumətlə hökumətlik edəndə…
Şəhər sakinləri 5 il qabaq baş verənləri yaxşı xatırlayırlar. Heydər Əliyevin 2002-ci ilin sentyabrında Gəncəyə səfərindən və şəhərsalma tələblərinin pozulması ilə bağlı iradlarından sonra Azərbaycanın bir çox yerlərində olduğu kimi Mingəçevirdə də yerli icra hakimiyyətinin sərəncamı əsasında söküntülərə başlandı. O zaman M.Ə.Rəsulzadə (hazırda Heydər Əliyev) prospekti boyunca uzanan ərazidə 40-dan çox köşk və çayxana bir neçə gün ərzində götürülərək, mərkəzdən kənara daşındı. Hakimiyyət nümayəndələri bu prosesə polis işçilərini də cəlb etmişdilər. Onlar kran və buldozerin qabağını kəsmək istəyən mülk sahiblərinin qolundan tutub kənara çəkirdilər. Sahibkarların tələblərinə baxmayaraq, onlara konpensasiya da ödəmədilər.
Azərbaycan Vəkillər Kollegiyasının üzvü, hüquq müdafiəçisi Cianşa Ömərovun fikrincə, əksər vaxtlarda söküntülər mülkiyyətçilərin hüquqlarının pozulması şəraitində baş verir. Onun izahatına görə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.9 maddəsinə (01.08.2004-cü il tarixli 667 nömrəli Qanun ilə verilmiş redaksiyada) və Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 17 iyun 78 nömrəli Fərmanına uyğun olaraq, dövlət ehtiyacları və ya ictimai ehtiyaclar tələb etdikdə, dövlət tərəfindən mülkiyyət yalnız qanunla icazə verilmiş hallarda yolların və digər kommunikasiya xətlərinin çəkilməsi, sərhəd zolağının müəyyən edilməsi və ya müdafiə əhəmiyyətli obyektlərin tikilməsi məqsədilə Naizrlər Kabinetinin qərarı ilə və yalnız bazar dəyəri miqdarında qabaqcadan əvəzi ödənilməklə özgəninkiləşdirilə bilər. C.Ömərov təəsüf edir ki, sahibkarlarımızın əksəriyyəti hüquqlarının müdafiəsinə qalxmırlar.
Lakin Qarabağ Müharibəsi iştirakçısı, ikinci qrup əlil Vahid Əliyev belələrindən deyil. 2002-ci ildə söküntüyə onun obyekti də məruz qalıb. Müsahibimin dediyiə görə, ona köşk yeri ayrılması barədə İcra Hakimiyyəti başçısının imzaladığı sərəncamı və baş memarın verdiyi eskizi söküntü işlərini icra edən “Rahim” kiçik müəssisəsinin mümayəndələrinə, hətta başçının müavininə göstərib.
O, 13 min dollar xərc çəkdiyini də bildirib. Amma bütün bunlara məhəl qoyulmayıb: “Mən mağazamın çöldən və içəridən şəkillərini çəkəndə, qanunsuz söküntü aparılması prosesini videolentə alanda obyektləri dağıdılanlar yaxınlaşıb deyirdilər ki, boş yerə özünə əziyyət vermə, hökumətlə hökumətlik edəsi deyilsən ki… Sonradan ombudsmana və beynəlxalq təşkilatlara müraciətim zamanı bu dəlillər karıma gəldi. Mingəçevir İcra Hakimiyyəti bir az aralıda öz vəsaiti ilə mənə obyekt tikib verdi”.
Qısa arayış: Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə görə, hər kəsin mülkiyyət hüququ vardır və bu hüquq mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüququndan ibarətdir və heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətdən məhrum edilə bilməz.
İnsan hüquqularının və Əsas Azadlıqların Müdafiəsi Haqqında Konvensiyaya əlavənin 1 saylı protokolunun 1-ci maddəsində deyilir: “Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir
Heç kəs, cəmiyyətin maraqları naminə, qanunlavə beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz”.
Mülkiyyət hüquqlarının pozulması Azərbaycana başağrısı gətirəcək
Kümbəz şadlıq evinin sahibi Çingiz Allahverdiyev onu gözləyən təhlükələrə hazır olduğunu bildirir. Həm də deyir ki, İHB-nın müavini Valeh Əliyevin ona məxsus obyekt barədə dediklərinin hüquqi əsası yoxdur: “Valeh müəllim iddia edir ki, “Kümbəz”in yalnız bir hissəsinə Sovetlər dövründə sənəd verilib, artımaları və əlavələri isə qeyri-qanuni tikilib. Mən Mingəçevir İcra Hakimiyyətinin 1998-ci ildə 10 fevral tarixli 54 və 29 may tarixli 347 saylı sərəncamları əsasında obyektimi böyütmüşəm, bundan sonraDövlət Əmlak Komitəsindən texniki pasport alıb, özəlləşdirmişəm. 11 iyul 2007-ci ildə isə Daşınmaz Əmlakın Dövlət Reyestri İdarəsi mənə əmlakın mülkiyyətimə keçməsi barədə 902011000224-06301 nömrəli reystrdən çıxarış verib”.
Ç.Allahverdiyev həm də əlavə edir ki, onun ailəsi bütün ömrü boyu qazandığını bura qoyub və onu itirmək fikrində deyillər: “Lazım gəlsə, Avropa məhkəməsinə qədər çıxacam”.
Hüquq Maarifçilik Cəmiyyətinin prezidenti İntiqam Əliyev yerli icra strukturlarının mülkiyyət hüququnun pozulmasına gətirib çıxaran qanunsuz əməllərinin Azərbaycan dövlətinə problem yaradacağını vurğulayır. Müsahibim ölkədəki bütün məhkəmə mərhələlərini keçən və artıq Avropa Məhkəməsinin icraatına qəbul olunan Gəncə işini yada salır.
Gəncənin Əttarlar küçəsi, 32 ünvanında yerləşən mağaza 30 oktyabr 2003-cü il tarixli 001253 saylı Dövlət Əmlakının hüquqi və fiziki şəxslərə satılması haqqında şəhadətnaməyə əsasən 2 milyon 200 min manata İlqar Məhərrəmov tərəfindən alınıb və onun şəxsi mülkiyyətindədir. Söküntüdən bir qədər qabaq sahibkar qiymətləndirmə firmasından sənəd alaraq, obyektinin dəyərinin 580 milyon manat və ya 120 min ABŞ dolları olduğunu müəyyən edib, eyni zamanda söküntü aparılarkən bütün prosesi foto və videokadrlara köçürüb. Həmin mağaza Gəncə şəhər İcra Hakimiyyətinin vəzifəli şəxsləri tərəfindən 2004-cü ilin dekabr ayında sökülüb və İcra Hakimiyyəti Azərbaycan məhkəmələrinə obyektin dəyəri haqqında arayış təqdim edə bilməyib (çünki obyekt artıq sökülmüşdü). Eyni zamanda mövcud ərazidə İH-nin gördüyü işlərlə əlaqədar Nazirlər Kabinetinin rəsmi göstərişi olmayıb.
İ.Əliyevin dediyinə görə, söküntü qanunla müəyyən edilmiş əmlakın satın alma qaydaları tamamilə pozulmaqla aparılıb: “Rusiyada da əvvəllər belə hərəkətlər edilirdi. Lakin Burdovun işi ilə bağlı Avropa Məhkəməsinin 7 may 2002-ci il tarixli qərarından sonra Rusiya hökuməti səhvini başa düşdü, ərizəçinin və digər iddiaçıların tələbini ödəmək yolunu seçdi. İlqar Məhərrəmovla bağlı Azərbaycan hökumətinə qarşı çıxarılacaq qərar mülkiyyət hüququnun pozuntusu ilə bağlı saysız-hesabsız işlərə də şamil ediləcək”.
Şərhlər bağlıdır.