Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Mənim gözəl ŞUŞAM, sən azadsan və yeni nəsil sənin qucağında böyüyəcək

328

Gözəl Şuşamız 1992-ci il mayın 8-dən dünənə kimi düşmən tapdağında idi. Ata-babalarımız, ana və nənələrimiz bu əvəzsiz şəhərlə bağlı xatirələrini bölüşəndə gözlərinin yaşını saxlaya bilmirdilər. Mən və yaşıdlarım isə onu böyüklərin söhbətlərindən, ekranlarda nümayiş etdirilən filmlərdən tanıya-tanıya sevirdik.

Şuşa işğal olunanda mənim cəmi bir yaşım vardı. Həmişə mayın 8-də doğulmağımdan utanırdım. 27 il idi ki, doğum günümü bir nisgillə qeyd edirdim. Böyük bacımın və kiçik qardaşımın ad günlərində evimizdə şadyanalıq olurdu. Hamımız TV kanallarında konsert proqramlarını izləyib, doyunca əylənirdik. 8 may isə evimizdə kədərlə qarşılanırdı.

Bir gün, 4-5 yaşım olardı, anama dedim: “Niyə bugün konsert yoxdur? Nədən hamı ağlayır?”

Mən uşaq marağı ilə tv-də əyləncəli verilişlər axtarırdım. Amma hara çevirirdimsə, ah-fəğan eşidir, göz yaşı görürdüm. Niyə bu gün həyata gəldiyimə görə açıqca üsyan edib ağlayırdım.  Hətta özümü dərk edəndən sonra həmin gün ümumiyyətlə tv-ni açmırdım.  Çünki ailəmin və mənim ümumi əhval ruhiyyəmə pis təsir edirdi. Ən böyük arzum bu işğal tarixinə son qoyulacaq günü görmək idi…

Dünən müzəffər ordumuz mənim arzumu həyata keçirdi. 2020-ci il noyabrın 8-də igid oğullarımızın sayəsində Şuşa işğaldan azad olundu. Cənab Prezidentimizin elan etdiyi sevincli xəbərdən sonra  göz yaşlarımı saxlaya bilmədim. İlahi, bütün ömrüm boyu bu xəbəri gözləmişəm. Qarabağda doğulmasam da indi özümü Şuşalı, Qarabağlı hesab edirəm.  Şükür Allaha ki, mənə evimizə qayıtmaq şansı verib. Yenidən sahib olduğumuz Şuşanı görmək üçün daha səbr etmək istəmirəm.. Yeni nəslimiz sənin qucağında böyüyəcək, Şuşa!

Şərhlər bağlıdır.