Cəmiyyətin ictimai həyatında qadının mövqeyi uzun tarixi bir dövr keçərək formalaşmış və inkişaf edərək günümüzə qədər gəlib çıxmışdır. Lakin bu inkişaf asan əldə olunmamış, qadınlar özlərini təsdiq etmək üçün bir sıra çətinlikləri aradan qaldırmaq uğrunda mübarizə aparmışlar. Zaman-zaman qadınlar həm ailədaxili, həm də ümumi zorakılıqlara məruz qalıblar. Qadınlara qarşı zorakılığın qarşısının alınması müasir dövrün mühüm məsələlərindəndir. Bəzən də qadınlara qarşı zorakılıq ilk növbədə ondan irəli gəlir ki, qadınların bir çoxu öz hüququnu bilmir və dövlətin verdiyi imkanlardan istifadə etməyi bacarmır.
Məişət zorakılığı, qadın hüquqlarının pozulması, gender bərabərsizliyi, erkən evililik, cinsi ayrıseçkilik, seksual təcavüz kimi ifadələr son zamanlar sosial həyatımızda çox işlənir. Statistik məlumatlara görə bütün dünyada qadınların 60 faizi öz ailələri tərəfindən zorakılığa məruz qalırlar. Nəticədə isə insan alveri qurbanına çevirilmə təhlükəsinin bir addımlığına gəlirlər. Qeyd edim ki, insan alveri Adəm övladlarının gizlində-aşkarda törətdikləri növbənöv cinayətlərin bəlkə də ən üzdə olanıdır. İqtisadi çətinlik, işsizlik və digər səbəblərdən xüsusilə qadınlara şou-biznesdə rəqqasəlik, menecerlik və mehmanxanalarda xidmətçilik və s. kimi işlər təklif olunur. Çox vaxt sərhəddi keçmək, məntəqəyə çatdırılma və digər xərclər bu üzdəniraq “işverənlər” tərəfindən ödənilməklə onlarla müqavilə imzalanır. Bu bəlanın qurbanına çevrilmiş insanlar aldadıldıqlarını başa düşdükdən sonra isə geri qayıtmaq haqqında düşünürlər, bunu isə həyata keçirmək mümkün olmur. Onların sənədləri, pulları əllərindən alınır başqa ölkədə onlar yerli dili bilmir və çox vaxt qapalı yerdə saxlanılır ki, heç kimlə əlaqə saxlaya bilməsinlər və təbii ki qaçdıqları halda yaxın qohumlarını öldürəcəkləri ilə hədələyir və onlara amansız işgəncələr verirlər. Hətta onları günlərcə ac saxlayır, narkotik maddələr qəbul etməyə məcbur edir və döyürlər.
Bu sahənin qurbanları dünyanın istənilən ölkəsində var. Bu ölkələr arasında Azərbaycan da istisna deyil. Müasir dövr köləliyi olan insan alverinin tranzit ölkəsi olduğu kimi, həm də kişi, qadın və uşaqların cinsi istismarı, onların məcburi əməyə cəlb edilmələri üçün mənbədir. Qadınlar Azərbaycandan daha çox Türkiyəyə və Birləşmiş Ərəb Əmirliklərinə aparılır. Bundan başqa cinayətkar şəbəkələr həm qadınları, həm də kişiləri seksual istismar üçün və məcburi işçi qüvvəsi kimi İran, Pakistan və Hindistana da göndərirlər.
Daha dəhşətli faktlar uşaqlarla bağlıdır. Azərbaycandan onları cinsi istismar məqsədilə Türkiyəyə, işçi qüvvəsi kimi isə Rusiyaya göndərirlər. Ancaq bir reallıq var. Azərbaycanda heç bir zaman ailədə zorakılığın real miqyası tam şəkildə aydın deyil. Oxumaqdan məhrum edilən qızlar, zorlanan həyat yoldaşları milli mentalitetimizə uyğun olaraq statistik göstəricilərimizdə real formada öz əksini tapa bilmir.
Müstəqil dövlətimizin ali qanunları dövlət -qadın siyasətinin həyata keçirilməsi üçün hüquqi müstəvidə böyük imkanlar açır. Baxmayaraq ki, bu gün ölkədə qadın hüquqlarının müdafiəsi üçün vacib addımlar atılır. Ancaq bütün bunlara baxmayaraq, məişət zorakılığı halları getdikcə artmaqdadır.Və bu xoşagəlməz prosesin davamı açıq şəkildə insan alverinə, bir az da konkret desək qadın alverinə yol açır. Araşdırmalar göstərir ki, qadın alverinin qurbanı olanların böyük əksəriyyəti məhz məişət və ailədaxili zorakılığa məruz qalanlardı. Yerdə qalanlar isə sosial çətinliklər ucbatından maddi təminatını ödəmək və iş tapmaq üçün göstərdikləri cəhdin sonunda tora düşənlərdi.Çünki bu qəbildən olan qadınlar insan alveri ilə məşğul olan transmilli cinayətkar qruplaşmaların qurbanına daha tez çevrilə bilir.
Nə qədər acı olsa da, bu gün ölkəmizdə də adıçəkilən kateqoriyalardan olan qadınların alver predmetinə çevirilməsi faktları durmadan artır. Qadınların aldadılaraq bir sıra xarici ölkələrə (xüsusən Türkyə, Birləşmiş Ərəb Əmirlikləri, Pakistan və.s.) aparılması və orda əməyi istismar olunmaqla yanaşı cinsi istismara da məruz qalması ilə bağlı yüzlərlə fakt var. Hətta açılmış cinayət işləri də bu rəqəmlərin dinamikasından xəbər verir. Baxmayaraq ki, əvvəlki illərlə müqayisədə Azərbaycan dövləti insan alverinə qarşı mübarizə və məişət zorakılığının qarşısının alınması istiqamətində bir sıra vacib addımlar atıb.Və proses davam etdirilməkdədir. Bunun real nümunəsi kimi Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin və DİN-nin İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin fəaliyyətindəki bir neçə mühüm prioritet addımları qeyd etmək olar. Həmçinin bu sahə ilə aktiv şəkildə məşğul olan QHT-lərin fəaliyyətini vurğulamaq yerinə düşər. Çünki cəmiyyətin inkişafında xüsusi əhəmiyyətə malik olan mübarizə tədbirlərində dövlət siyasətinin tərkib hissəsi olan ailə, qadın və uşaq məsələləri aktuallığı və dinamikliyi ilə seçilir.Ancaq nə yerli icra hakimiyyətlərində məişət zorakılığı ilə mübarizə üzrə məsul şəxslərin, nə də məişət zorakılığından zərər çəkmiş şəxslərə sosial xidmət göstərilməsi üçün qeyri-dövlət yardım mərkəzlərinin mövcud fəaliyyəti yetərli səviyyədə deyil.
İnqilab Şirinbəyli
Şərhlər bağlıdır.