Məcburi köçkünlərlə Mingəçevirdə növbəti dialoq
Xocalı köçkünü Zahir Usubov: “Əgər ermənilər bizimlə birgə yaşamaq istəyirlərsə, bütün azərbaycanlılar və digər azsaylı xalqlar kimi ölkəmizin qayda-qanunlarına əməl etməlidirlər”.
Martın 2-də Mingəçevir Media Mərkəzində dördüncü dialoq Xocalı və Şuşadan köçkün düşmüş insanlarla keçirilib. Onlar 30 il qabaq doğma yurdlarının düşmən tapdağına keçməsi zamanı yaşadıqları ağrılardan danışıb və azad edilmiş torpaqlarına dönəcəkləri günü səbirsizliklə gözlədiklərini bildiriblər.
Köçkünlər erməni silahlı birləşmələrinin Xankəndi və Xocalıda, Şuşanın kəndlərində qaldığı hazırkı şəraitdə birgəyaşayışın mümkün olmadığını vurğulayıblar. Xocalı köçkünü Zahir Usubov düşünür ki, hökumət təhlükəsizliklə bağlı məsələləri yaxın vaxtlarda həll edəcək: “Əgər ermənilər bizimlə birgə yaşamaq istəyirlərsə, bütün azərbaycanlılar və digər azsaylı xalqlar kimi ölkəmizin qayda-qanunlarına əməl etməlidirlər”.
Zahirlə birgə Xocalının müdafiəsində son günədək döyüşən mayor Şahmalı Quliyev isə deyib ki, doğma yurduna ayaqyalın da qayıtmağa hazırdır: “Amma bizə yenə də xəncər vurmaq istəyənlərlə bir yerdə həyat sürməyimiz mümkün deyil”.
51 yaşlı Əşrəf Hüseynovun 21 yaşında tərk etdiyi doğma kəndi üçün burnunun ucu göynəyir: “Allaha şükür ki, Şuşamızı azad gördük. Şuşanın kəndlərini də tezliklə azad görəcəyimizə inanıram”.
Dialoq iştirakçılarının fikrincə, torpaqların minalardan təmizlənməsi prosesi uzun çəkə bilər. Buna görə də onlar təklif ediblər ki, sonu gözləmək lazım deyil, təmizlənməyən əraziləri hasarlamaqla digər ərazilərə köçürülməyə tezliklə başlanmalıdır. Eyni zamanda əsasən kənd təsərrüfatı ilə məşğul olmuş köçkünlərə qayıdışdan sonra əvvəlki vərdişləri üzrə çalışmaq imkanı yaradılmalıdır.
“Mingəçevir Valideynlər Assosiasiyası” İctimai Birliyinin prezidenti Fərman Nəbiyev diqqətə çatdırıb ki, təmsil etdiyi qurum fevralın 1-dən Azərbaycan Respublikasının Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə “Məcburi köçkün icmalarında yaşlılar və gənclər arasında qayıdış perspektivi ilə bağlı sorğu və dialoqların keçirilməsi” adlı layihəni həyata keçirir: “Məqsədimiz qayıdış ərəfəsində tıxac yarada biləcək məsələləri köçkünlərin iştirakilə müzakirə etmək və sonda hökumətə ismarıclar verməkdir”.
2022-ci il mayın 1-dək davam edəcək layihə çərçivəsində indiyədək qayıdışla bağlı 3 dialoq keçirilib və 11 məcburi köçkün məntəqəsində 110 nəfər arasında sorğular aparılıb. Mart ayında 3 kiçik sənədli filmin çəkilməsi də nəzərdə tutulub.
Şərhlər bağlıdır.