İmişli rayonu Kür-Araz ovalığı Mil düzünün Şimali və Muğan düzünün bir hissəsində yerləşir. Ümumi ərazisi 1890 km² olan rayonun yayı quraq keçən mülayim isti, yarımsəhra və quru çöl iqlimidir. Şimal sərhəddi boyunca Kür çayı, mərkəzi hissəsindən isə Araz çayı axır. Bitki örtüyü yarımsəhra tipidir. Quru çöl iqlimi şəraitində landşaftda bitkilər aləmində Tuqay meşələri xüsusi yer alır. Uzun illər 3-5 kilometr enində olan Tuqay meşələrinin əsas cins tərkibi söyüd, ağyarpaq qovaq, qaraağac, tut, üzüm, kollardan isə yemişan, murdarça, yulğun, cır nar, böyürtkən, qaratikan və s. Ibarət olmuşdur. Yerli əhalinin “Toğay” adlandırdığı bu subasar zolaqlar çayətrafı əraziləri zəngin oksigen ehtiyatı ilə təmin etməklə yanaşı, həm də əhalinin yaşam mənbəyi idi. Xüsusən də Arazqırağı meşələr hər il demək olar ki, daşqınlara məruz qalır, torpaq münbitləşir, nəticədə bitki örtüyü ildən-ilə daha da sıxlaşırdı.
İmişli rayonunda Araz çayına yaxın məsafədə yerləşən kəndlərdən biri də Mirili kəndidir. Çay kəndin cənubundan-bir kilometrlikdən axır. Kənd sakini Tahir Əhmədovun söylədiyinə görə, bir zamanlar, yəni təxminən yarım əsr əvvəl Araz qırağında sıx və keçilməz meşə massivi var idi. Kənd sakinləri üçün həmin meşə bitməz-tükənməz göbələk, giləmeyvələrdən böyürtkən, meyvələrdən isə cır üzüm və tutla zəngin depo rolunda idi. Həmin meşələrdə çoxluq təşkil edən cır söyüd ağacları isə oduncağının möhkəmliyinə görə silah sənayesində istifadə edilirdi.
Təəssüf ki, sözügedən Arazqırağı Tuqay meşələri son 50 ildə cins tərkibini azaltmaqla yanaşı, əraziləri bəzi yerlərdə boş talalara çevrilməkdədir. Belə ki, Kür-Araz ovalığında səhralaşma prosesi sürətlə artmaqdadır. Əvvəllərdə isə bu meşələr öz təbii bərpasını yerinə yetirməklə zəngin cins tərkibini də qoruyub saxlayırdı. Meşə fondu mövsümü daşqın suları ilə, payız yağışları ilə rütubətlənir, yaşlı ağaclar yeniyetmə ağac və kollarla əvəz edilirdi.
Hal-hazırda Arazqırağı Tuqaylardan əsər-əlamətlər qalmaqdadır. “Əriyən” meşə zolağı bəzi ərazilərdə qırılmaqda olan nazik sapı andırır. Səbəblər isə çox müxtəlifdir.
Birinci əsas səbəb Azərbaycanın digər meşələri kimi Arazqırağı və Kürqırağı Tuqaylara qarşı törədilən, sözün həqiqi mənasında terrordur. Bu terror 1990-cı illərdə daha güclü xarakter aldı. Yerli əhalinin yaşayış səviyyəsi çox aşağı göstəricidə idi. Kəndlər qazlaşdırılmamış, evlər istiliksiz qalırdı. 1996-cı ildə rayonun kəndlərində mövcud meşə massivində yüzlərlə irigövdəli ağyarpaq qovaq və söyüd ağacları qırıldı. Ağacların əksəriyyəti troslarla iri traktor və maşınlara bağlanır, köklü-köməcli çıxarılır, beləliklə, həmin ağacların yenidən göyərmə ehtimalı da sıfırlanırdı. Sakinlər təbiətə oksigeni səxavətlə paylayan yulğun kollarını qırır, bəzən isə köklərini belə çıxarır və evləri qızdırmaq məqsədilə yanacaq kim istifadə edirdilər. Nəticədə qısa zamanda adı “Qırmızı kitaba” düşən bu qiymətli çöl bitkisi nəzərə çarpacaq dərəcədə azaldı. Birdən-birə yulğuna kollarının azalmasının fəsadları da oldu. Belə ki, həmin zamanlarda vərəm xəstəliyinin sürətlə yayılmasını həkimlər bu faktla da əlaqələndirirdilər. Beləliklə, bu meşələrin qoruyucu xüsusiyyəti olduğu bir daha sübut olundu. Üstəlik mühafizə zolağı olan Tuqayların seyrəlməsi yaxınlıqda yerləşən əkin sahələrində rütubətin azalmasına, beləliklə, məhsuldarlığın şəxsin azalmasının səbəb oldu. Meşə zolağı olan ərazidə 5-7 dəfə hər hektara düşən su norması ilə, yəni 800-1000 m³, lakin tarla qoruyucu zolaqları olmayan ərazidə isə 7-10 dəfə suvarma aparmaqla hər hektara yenə 800-1000 m³ hesabı ilə su sərf olunduğu məlum olur. Müxtəlif istiqamətdən əsən küləklər isə əkinlərdə torpağın su saxlama qabiliyyətini dəfələrlə azaltdı.
İkinci digər səbəbin mərkəzində yenə də insan faktoru durur. Belə ki, XVIII-XIX əsrlərdə indiki meşələr Azərbaycan ərazisinin 35 faizini təşkil edirdi. Hazırda isə meşələrin ümumi sahəsi 1213,7 min hektardır. Bu isə 11,8 faiz təşkil edir. 1 hektar meşə 200 insanı xilas edir. Təəssüflər olsun ki, məsuliyyətsiz vətəndaşlar Arazqırağı inciləri-Tuqayları məhz 90-cı illərdə əkin yerləri kimi istifadəyə verərkən bunu nəzərə almamışlar. Sıx meşələrin yerində, qırılan ağacların əvəzinə dənli bitkilər və ya pambıq əkilirdi, kalxozlar tərəfindən əkin sahələri kimi istifadə olunurdu. Nəticədə meşənin mikroiqlimində baş verən dəyişiklik silsilə olaraq ətraf mühitə təsir etdi. Açıq ərazidən fərqli olaraq isti yay günlərində burada temperatur 3-5°C sərin olur, rütubətlilik isə yüksəlirdi. Ağacların çətiri günəşin ziyanlı şüalarının qarşısını alır, bitkilərin və heyvanların yaşayışı üçün əlverişli yaşayış mühiti yaradırdı. Ağacların çətirləri altında toxumların inkişafı da sürətlə gedirdi. Meşə ekosistemi öz-özünü tənzim edir, ətraf mühitdəki sabitliyi qoruyurdu. Meşənin qırılması, seyrəlməsindən sonra rütubət azaldı, temperatur 3-5° daha yüksəldi. İmişli sakinlərinin əksəriyyəti yayın istisində havada sanki oksigenin azaldığını söyləyirlər. Əvvəlki illərlə müqayisədə günəş şüaları daha yandırıcı və dözülməzdir. Sıx bitki örtüyü azaldıqdan sonra Arazqırağı meşələrin özünütənzimləmə qabiliyyəti də pozuldu. Belə ki, bir çox heyvanlar, məsələn canavar, demək olar ki, bu zonada görünmədi. Bir zamanlar buranı özünə məskən edən qırqovul və turac quşları isə sanki köç edib başqa yerlərə üz tutdular.
Çay ətrafı meşə zolaqları təbii şəraitdə çay daşqınları ilə həm yaranır, həm də sıxlığı qorunur. Son illər meşələrin seyrəlmə səbəblərindən biri və ən əsası da Araz çayı üzərində qum-çınqıl karxanalarının yaradılması və bu ehtiyatların talan edilməsidir. Həmin qum-çınqıldan həm tikintidə, həm də asfalt örtüyünü çəkmək üçün istifadə edilir. Ötən ilin yayında Araz çayı yatağında, deltasında olan problemləri nəzərdən keçirən AMEA mütəxəssisi məsələyə münasibət bildirərək qeyd edib ki, məhz bu yataqlar çayda su qıtlığının yaradılmasına səbəbdir. Belə ki, çay yatağında çınqıl çıxarırlarkən yaradılan süni göllər onun tez-tez yerinin dəyişməsi ilə, ümumi su ehtiyyatının qeyri-bərabər bölünməsi ilə nəticələnir. Beləliklə, susuz qalan ağaclar quraqlığa dözmür, digər bitki örtükləri ilə birlikdə yavaş-yavaş seyrəlir və yoxa çıxır.
Sözügedən qum-çınqıl karxanalarından 1949-cu ildən fəaliyyət göstərən “Bəhrəmtəpə 1”, 1978-ci ildən “İmişli”, 1979-cu ildən isə “Bəhrəmtəpə 2” yataqları uzun zaman ehtiyatları istismar etdiyi üçün həm çayın, həm də çay ətrafı meşələrin ekosisteminə ciddi ziyanlar dəyib.
Arazkənarı Tuqay meşələrinin yenidən bərpası həm vacib, həm də bu zamanda yaşayan insanlar üçün həyati əhəmiyyətli bir məsələdir. Düzdür, son illərin kəndləri qazlaşdırma layihəsi artıq ilkin nəticələrini göstərməkdədir. Belə ki, qaz yanacağından istifadə ağacların qırılmasının qarşısını alıb. Bir neçə ildə, xüsusən də, yüngül kollar qismən sıxılaşıb. Sıxlaşan kollar arasında ara-sıra qovaq və söyüd ağacları da nəzərə çarpmaqdadır. Bu məsələdə uğurlu nəticə hər birimizin vətəndaş vicdanına da söykənir. Hal-hazırda Tuqay meşələrinin qalınlaşmasına mane olan səbəblərdən biri də kənd yerlərində əhalinin ev heyvanlarını məhz meşədə otarmasıdır. Yerli əhali otlaq sahəsi olmadığı üçün bu addimi atmağa məcbur olur. Artıq isə həyəcan təbili çalınmalı, aidiyyəti qurumların işə qarışmağının vaxtıdır.
Dərya Zeynallı,
Araz Humanitar Tədqiqatlar İB
Şərhlər bağlıdır.