Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Layihə təşəbbüsünün iştirakçılarına aktivlər verilib

Sahibkar dərzi Zülfiyyə Vəliyeva: “Yaxşı ki, bu layihəni Mingəçevirə gətirdilər və bizim həyatımızı dəyişdilər”

2023-cü ilin noyabrından “Mingəçevirdə Valideyn Təlatümü” təşəbbüsünə qoşulan iyirmi bir qadından on dördünə layihə proqramı, birinə dövlət, birinə isə özəl şəxs tərəfindən aktivlər verilib. Nəticədə qadınlardan altısı dərzi, yeddisi stilist-vizajist,  biri dırnaq, biri şirniyyat,  biri isə kompüter xidmətləri üzrə avadanlıqlarla təmin olunub. Həmin qadınlar 12 günlük psixoloji, hüquqi və iqtisadi və usta yanında 2 aylıq peşə təlimlərindən sonra Biznes Planlarını hazırlayıb, vergi orqanında sahibkar kimi qeydiyyata durublar.  Onlar üçün KOBİA-nın dəstəyilə bir günlük biznes təlimi də təşkil olunub.

Benefisiarlara dərzi maşınlarını işlətmək üçün təlimlər də keçirilib. Bu işi “Bermud” MMC-nin ustası həyata keçirib və qadınların çoxsaylı suallarını cavablandırıb. Hər bir dərzi maşında sərbəst halda işlədikdən sonra usta işini bitmiş hesab edib.

“Mənə “Yamata” markalı müasir tikiş maşını və buxar ütüsü və digər dərzi avadanlıqları gətirdilər. Ömrüm boyu bunu arzulamışam. Əvvəllər işlərimi əl maşını ilə görürdüm. Həddən çox enerji, vaxt itirirdim. Həm də tikişlərim tam səliqəli alınmırdı. Gələcəkdə bir ədəd overlok da əldə edib, dərzi sexi açmaq fikrindəyəm. Mən həm də övladımın təhsil aldığı məktəbdə bu günlərdə keçirilən İctimai Şuraya seçilən 7 üzvdən biriyəm. Övladlarımızın keyfiyyətli təhsil alması üçün bu şura çox iş görməyi qarşısına məqsəd qoyub. Yaxşı ki, bu layihəni Mingəçevirə gətirdilər və bizim həyatımızı dəyişdilər. Şanslıyam ki, bu layihəyə qoşuldum və ayağa dura bildim” -sahibkar dərzi Zülfiyyə Vəliyeva belə deyir. Layihədən faydalana digər qadınlar da onlara sahibkar olmaq imkanı yaradıldığı üçün məmnundurlar.

“Mingəçevir Valideynlər Assosiasiyası” İctimai Birliyinin təşəbbüsü Avropa İttifaqının maliyyələşdirdiyi və BMT-nin İnkişaf Proqramının icra etdiyi “Azərbaycanda innovasiya əsaslı və dayanıqlı vətəndaş cəmiyyətinin inkişafı” layihəsi çərçivəsində “Mingəçevir Resurs Mərkəzi” MMC tərəfindən həyata keçirilir.

Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.