Lənkəranda yaşayan Quliyevlər ailəsinin yuxusu ərşə çəkilib. Buna səbəb onların evinin hər an dağılmaq təhlükəsi ilə üz-üzə qalmasıdır.
Rayonun ucqar dağ kəndlərindən biri olan Sinovli kəndində 2 il bundan əvvəl baş verən torpaq sürüşməsi bir ailənin gələcək problemlərinə yol açıb.
Belə ki, kənd sakini Mürşüd Quliyevə məxsus həyətyanı sahədə torpaq qatının hərəkəti intensiv yağışlardan sonra son 1 həftədə daha da aktivləşib. Nəticədə onun ikimərtəbəli 4 otaqlı evində indi iri çatlar əmələ gəlib. Cənub bölgəsində hökm sürən yağmurlu hava şəraitini nəzərə alsaq, bu, qəzalı evdə yaşayan 6 nəfər üçün kifayət qədər ciddi problemdir. Onlar hər an evlərinin başlarına uçacağından narahatdırlar.
Ərazidə torpaq qatının hərəkətdə olması evlə yanaşı ailəyə məxsus təsərrüfatda olan meyvə bağına ziyan vurub, 20-yə yaxın feyxoa ağacı yararsız vəziyyətə düşüb.
2 il bundan qabaq hələ sözügedən evdə xırda çatlar əmələ gəldiyi vaxtlarda bu barədə aidiyyatı qurumlara məlumat verilib. Amma ev sahibinin sözlərinə görə, sadəcə əraziyə baxış keçirilib və sonradan məsələ ilə bağlı heç bir tədbir görülməyib. Zaman keçdikcə isə, yaranmış problem daha da böyüyüb.
Quliyevlərin evinin gələcək taleyi ilə bağlı məlumat almaq üçün inzibati ərazi dairəsi üzrə nümayəndəliyə müraciət etsək də, bizə bu məsələnin onlara heç bir aidiyyatı olmadığını bildirdilər.
Источник: oxu.az
Şərhlər bağlıdır.