“Kürü keçək” devizi altında peşəkarlar və həvəskarlar güclərini sınadılar
Mingəçevirli Ramil Məmmədov və Elgiz İsmayılov da “Kürü keçək” yarışının qalibləri sırasındadırlar
Oktyabrın 1-də Azərbaycan Gənclər və İdman Nazirliyi və Üzgüçülük Federasiyasının birgə təşkilatçılığı ilə Mingəçevirdə “Kürü keçək” devizi altında peşəkar və həvəskarlar arasında açıq havada üzmə yarışı keçirilib. “Bu, respublikada ikinci böyük tədbirdir. Birinci dəfə “Xəzər dalğası” devizi altında Bakı şəhərində, ikinci dəfə isə Mingəçevir şəhərində, Kür çayı üzərində təşkil olunur. Məqsəd üzgüçülük idman növünün təbliği, ümumilikdə idmana marağın artırılmasıdır”.
Bu barədə redaksiyamıza Gənclər və İdman İdarəsinin rəisi Kamal Nəcəfli məlumat verib.
Tədbir Mingəçevir “Kür” Olimpiya Tədris – İdman Mərkəzinin ərazisində başlayıb. Dövlət Himni səslənəndən sonra Azərbaycanın torpaqlarının işğaldan azadlığı uğrunda həlak olan şəhidlərimizin ruhu anılıb.
Azərbaycan Gənclər və İdman Naziri Fərid Qayıbov deyib ki, idman daima dövlət başçısı cənab İlham Əliyevin diqqətindədir və onun tapşırıqlarına əsasən nazirlik müxtəlif kütləvi tədbirlər həyata keçirir: “Bu ildən başlayaraq açıq suda üzmə yarışları keçirilir. Yay mövsümünün başlanğıcında Bakıda Xəzər dənizində oldu. Bu isə ikincidir və mövsümün sonundadır. Bizim iştirakçılarımız Kür çayını fəth edəcəklər”.
Gənclər və İdman Nazirliyinin mətbuat katibi Qabil Mehtiyev deyib ki, beş yaş kateqoriyası üzrə kişi və qadınlar yarışa qatılıblar: “Ümid edirik ki, gələn il bu tədbirlər daha müxtəlif məkanlarda baş tutacaq”.
Respublikanın müxtəlif bölgələrindən gələn 120-dək iştirakçı sağ sahildən sol sahilədək 300 metr məsafəni qət ediblər. Kürü keçən idmançıların hamısına xatirə olaraq simvolik medallar verilib. Mükafatlandırma mərasimində isə müxtəlif yaş qruplarında üç əsas yer üzrə təltiflər olub. İki mingəçevirli iştirakçı- Ramil Məmmədov və Elgiz İsmayılov da qaliblərin sırasında yer alıb. Onlar 40+ və 50+ yaş kateqoriyası üzrə ikinci pillədə dayanıblar. Sonda qaliblər xatirə fotoları çəkdiriblər.
Şərhlər bağlıdır.