Əksər idarə və müəssisələr sağlamlığa pul ayırmaq istəmirlər
“Yataq dəstlərini, xəstələrin uniformalarını camaşirxanada yumaqla mikroblardan tam azad etmək olmur. O əşyalar üstündə daima xəstəliklərin törədicilərini gəzdirir. Haçansa mikroorqanizmlər optimal şərait tapan kimi aktiv formaya keçir və makroorqanizmlərin tərkibində inkişaf edərək xəstəlik törədir. Həmin əşyalar dezinfeksiya kamerasında dezinfeksiya olunacağı təqdirdə xəstəliklərin qarşısı alınması mümkündür”
Müsahibimiz Mingəçevir Dezinfeksiya Stansiyasının direktoru Tahir Sadıqovdur
1983-cü ildə N.Nərimanov adına Azərbaycan Dövlət Tibb Universitetini, 1985-ci ildə isə Pribaltika Hərbi Tibb Akademiyasını bitirib. 15 il Neftçilər Xəstəxanasında işləyib. Suraxanı Regional Dezinfeksiya İdarəsində çalışıb. 11 aydır ki, Mingəçevir Dezinfeksiya Stansiyasının direktorudur.
Ailəlidir, dörd övladı var.
-Tahir həkim, Mingəçevirə gələndə hansı mühitlə qarşılaşdınız?
-Mən Suraxanıda Regional Dezinfeksiya İdarəsində işləyirdim və beş rayona nəzarət edirdim. Bir gün məni çağırdılar, Mingəçevirdə vəziyyətin yaxşı olmadığını söylədilər və iki ay müddətinə bura göndərdilər. Gələndə gördüm ki, bu idarədə bir neçə şöbə işlək vəziyyətdə deyil.
İdarə təsərrüfat hesablıdır. Buna görə də dərman perparatlarını almaq və personala əmək haqqı vermək öz qüvvəmiz çərçivəsindədir. İşçilərimizin sayı normadan artıqdır. 35 nəfər işçinin əksəriyyəti qadındır. Amma idarələrlə bağlanan müqaviləyə görə işi 10-11 nəfər yerinə yetirə bilər. Əvvəl işçilərin sayını azaltmaq istədim. Onlarla söhbət apardım. Xahiş etdilər ki, onları işdən azad etməyim. Əksəriyyəti imkansız xanımlardır. Fikirləşdim ki, məndən əvvəl burda sistem belə olub, əməkdaşlar buna artıq öyrəşiblər və mən fikrimdən daşındım. İş yerini itirmək istəməyən xanımlar öz hesablarına məzuniyyətə çıxırlar. Əlavə müqavilələr bağlamaqla əmək haqqı problemini qismən həll etdim.
-Müqavilə bağlamağa qadir nə qədər müəssisə və təşkilat var?
-Mülkiyyət formasından asılı olmayaraq, bütün təşkilatlarda dezinfeksiya işləri aparılmalıdır. Mingəçevirdə 600-dən artıq idarə və müəssisə var. VÖEN-i olan, vergi ödəyicisi olan idarələrin sayından söhbət getmir. Elə idarə var ki, onun cəmi bir otağı var. Amma normal müqavilə bağlamağa qabil 200-ə yaxın idarə var. Mən bura gələndə 16 idarəylə müqavilə vardı. On bir ay ərzində yavaş-yavaş bunların sayını artırdıq. Keçən ilin sonlarına baxanda bir az canlanma var. Həm də işçilərin də sayı bir qədər azalıb. Bəziləri iş yerini, bəziləri isə yaşayış yerlərini dəyişdiyindən işdən çıxıblar.
-Şəhərimizdə iri müəssisələr azdır. Məsələn, Azərbaycan İstilik Elektrik Stansiyası kimi müəssisələri nəzərdə tuturam. Onlarla münasibətləriniz necədir?
-Yaxşıdır. Demək olar ki, bir neçə müəssisə var ki, onların hesabına nəfəs alırıq.
-Təşkilatlarla müqavilə hansı əsaslarla bağlanır, bu kriteriyalar necə olur? Niyə təşkilatlar pul ödəmirlər? Onlara nəyi mesaj kimi çatdırmaq istəyərdiniz?
-İdarə və təşkilatlar müqavilə bağlanması prosesi gələndə min bir bəhanəylə boyun qaçırırlar. Təbii ki, bunu hamısına şamil eləmək olmaz. Mingəçevirdə səhiyyə, təhsil, mədəniyyət, kommunal və enerji müəssisələri ilə müqavilələrimiz var. Təşkilatlar öz imkanına görə müqavilə bağlayır. Əslində Qanunda təsbit olunmuş bir müddəa var ki, mülkiyyət formasından asılı olmayaraq, həm özəl sektor, həm də büdcə təşkilatları dezinfeksiya tədbirlərinə mütləq məruz qalmalıdırlar. Çünki sağlamlıq insan faktoru üçün vacibdir. Bizim dövlətimizin siyasəti də budur. Hər bir xəstəliyin müalicəsinə milyonlarla pul xərclənir. Adicə profilaktika tədbirinə ayrılan cüzi bir vəsaitlə böyük bir epidemiyanın qarşısı alınır. İnsanlar da buna normal və müsbət münasibət bildirməlidirlər. Ayda 50-100 manat ayırmaqla nə qədər infeksion xəstəliyin qarşısını ala bilərlər.
-Niyə onlar bu vacib məsələyə yaxşı münasibət bəsləmirlər, səbəb nədir? Bəlkə büdcələrində pul yoxdur?
-Büdcələrində pul var, niyə yoxdur ki? Əgər idarə fəaliyyət göstərirsə, təbii ki, büdcələrində pul var. Sadəcə olaraq idarə və təşkilatlar bu sahəyə maliyyə vəsaiti ayırmaqdansa, həmin vəsaiti başqa bir istiqamətə yönəldirlər. Enerji və suya görə vəsait büdcə xərclərində ayrıca maddələr üzrə nəzərdə tutulur, amma dezinfeksiya tədbirləri ilə bağlı konkret ayrıca maddə çox təəssüf ki, yoxdur. Belə maddə olsaydı, idarə və təşkilatların inzibati binası, həyətyanı sahəsinə uyğun olaraq dövlət tərəfindən pul ayrılardı.
-Müqaviləyə uyğun olaraq təşkilatlar sizə nə qədər pul ödəməlidirlər? Vəsaitin ödənilməsi prosesi hansı meyarla ölçülür?
-Nazirlər Kabinetinin Səhiyyə Nazirliyi ilə birgə tərtib elədiyi preskurant var. Qiymətləndirmə hər kv. metr sahəyə görə aparılır. Deratizasiyanın 500 kvadrat metrə qədərinin hər kv. metrə görə qiyməti 0,11 qəpik, dezinseksiyanın 0,26 qəpik, dezinfeksiyanın isə 0,30 qəpikdir. Sahə 500 kv.metrdən çox olanda qiymətlər düşür.
-Tahir həkim, profilaktika tədbirlərinin aparılma mexanizmi necədir?
-Bizdə dezinfeksiya tədbirləri üç önəmdə gedir: deratizasiya-gəmiricilərə, dezinseksiya həşaratlara-yəni infeksion xəstəliklərin törədicilərini gəzdirən bit, birə və s. qarşı mübarizədir. Dezinfeksiya isə infeksion xəstəliklərin gözə görünməyən törədicilərini daşıyan mikrobları məhv etmək üçündür. Biz təşkilatla müqavilə bağlayandan sonra bu üç yöndə işləyirik.
-Yeri gəlmişkən, son günlər şəhərimizə axın edən çəyirtkələr insanları narahat edir. Balaca və ziyansız olmalarına baxmayaraq, onlar adamların üstünə qonur, pəncərələrdən evə girir və onları qorxudurlar. Bu kiçik canlılar həm də yaşıl örtüyə ziyan vururlar.
-Ümumiyyətlə, biz xüsusi təhlükəli, təhlükəli infeksiyalara-taun, vəba, tlüaremiya, difteriya və s. qarşı mübarizə aparırıq. Çəyirtkələrin isə insan həyatı üçün xəstəlik törətmə təhlükəsi yoxdur. Onlar infeksion xəstəliklərin parazitlərini daşımır və xəstəlik keçirmə təhlükəsi yoxdur. Buna görə də onlara qarşı təlimatda heç bir dezinfeksiya tədbirləri nəzərdə tutulmur. Camaat təşvişə düşməsin. Çəyirtkə taxıl, çəltik zəmilərinə milyardlarla ziyan vurduğu üçün onlarla kənd təsərrüfatı mütəxəssisləri məşğul olurlar.
-Siz fəaliyyət göstərdiyiniz bu 11 ayda hansı irəliləyişlərə nail olmusunuz?
-Həyətdə gördüyünüz dezinfeksiya kamerasıdır və ondan respublikanın heç bir rayonunda yoxdur. İlk olaraq Mingəçevirə gətirmişik. Elə bakteriya var ki, onu 100 dərəcədə qaynadırsan, məhv olmur. Amma bu aparat təmiz buxarla təzyiq altında bütün qram müsbət və qram mənfi mikrobları, hüceyrələri spor halından çıxarıb məhv edir.
-Bu aparat hansi məqsəd üçün istifadə ediləcək?
-Bizdə Mərkəzi Xəstəxananın 1200 çarpayılıq vərəm, dəri-zöhrəvi, Doğum evi, uşaq xəstəxanası, uşaq və böyüklər üçün infeksion xəstəlikləri şöbələri var. Hərbi hissələrdə bit-birə artıb, qoturluq halları olur. Oradakı yataq dəstlərini, xəstələrin uniformalarını və s. camaşirxanada yumaqla mikroblardan tam azad etmək olmur. O əşyalar üzərində daima xəstəliklərin törədicilərini gəzdirir. Haçansa mikroorqanizmlər optimal şərait tapan kimi aktiv formaya keçir və makroorqanizmlərin tərkibində inkişaf edərək xəstəlik törədir. Həmin yataq dəstləri, geyim paltarları üç aydan bir gətirilib bu kamerada dezinfeksiya olunsa, xəstəliklərin qarşısı alınar.
-Əvvəllər həyət və binaların dəhlizlərini dezinfeksiya etmək üçün gələn xanımlar bir balaca iş aparandan sonra qapıları döyüb sakinlərdən 20 qəpikdən pul yığırdılar. Bu da narazılığa səbəb olurdu.
-Bəli, eşitmişəm. Mən gələndə birinci şərtim bu oldu ki, kimsə sakindən pul istəsə və bununla idarənin adını ləkələsə, işdən azad olunması üçün ərizəsini yazsın. Əgər bizim kommunal müəssisəsələrlə müqaviləmiz varsa, onun ərazisində yaşayışçının qapısını döyüb pul istəmək nə idarənin adına, nə də o xanımın xanımlığına yaraşmayan hərəkətdir. Son 11 ayda belə hadisə olmayıb.
-Qəzetimizə müsahibə üçün vaxt ayırdığınıza görə təşəkkür edirik.
Şərhlər bağlıdır.