Koronavirus: Aİ-nin pandemiya ilə mübarizə üzrə qlobal cavab tədbirləri
8 aprel 2020-ci ildə Avropa Komissiyası və Aİ-nin Ali Nümayəndəsi tərəfindən ittifaqın tərəfdaş ölkələrinin koronavirus pandemiyasına qarşı mübarizə tədbirlərinə dəstək məqsədilə dəqiq və məqsədyönlü tədbirlər planının işlənib hazırlanacağına dair məlumat açıqlanmışdır. Aİ-nin kollektiv fəaliyyəti dərhal diqqət tələb edən səhiyyə sahəsi ilə bağlı böhrana və onunla əlaqədar humanitar ehtiyacların aradan qaldırılmasına, tərəfdaş ölkələrin səhiyyə, su və kanalizasiya sistemlərinin, eləcə də pandemiyaya qarşı mübarizə üzrə tədqiqat və hazırlıq potensialının artırılmasına və sosial-iqtisadi təsirlərin azaldılmasına yönəldiləcəkdir. Bu fəaliyyətləri dəstəkləmək üçün Aİ tərəfdaş ölkələrə mövcud xarici fəaliyyət resurslarından 15,6 milyard avrodan artıq maliyyə vəsaiti ayırmağı nəzərdə tutur. Tərəfdaşlarımız ilə birgə koronavirus pandemiyasının təsirlərinin azaldılması ilə bağlı həmin ölkələrə kömək məqsədilə Aİ tərəfindən ayrılmış əsaslı maliyyə vəsaitlərinin düzgün istiqamətdə sərf olunmasına nəzarət edirik.
Avropa Komissiyasının prezidenti Ursula von der Leyen məsələyə bu cür münasibət bildirmişdir: “Bu virus sərhəd tanımır. Bu qlobal problemin həlli üçün güclü beynəlxalq əməkdaşlıq tələb olunur. Avropa İttifaqı pandemiya ilə mübarizə istiqamətində yorulmadan çalışır. Hamımız bilirik ki, koronavirusun dünyaya yayılmasının qarşısını birlikdə ala bilərik. Bu məqsədlə Aİ lazımi maliyyə vəsaitlərinin səfərbər edilməsində və inkişaf etməyən ölkələrə yardım işində Ümumdünya Səhiyyə Təşkilatına dəstək məqsədilə yaxın vaxtlarda vəsaitlərin toplanmasına dair virtual tədbir keçirəcək”.
Aİ-nin Ali Nümayəndəsi və vitse-prezidenti Cozep Borrell isə bildirib: “Koronavirus pandemiyası ilə bağlı vahid, qlobal tədbirlərin görülməsi tələb olunur. Avropa İttifaqı və ona üzv dövlətlər həm ittifaqın daxilində, həm də xaricində sözügedən səhiyyə böhranının və onun fəsadlarının aradan qaldırılmasında yaxından iştirak edirlər. Vətəndaşlarımıza dəstək vermək üçün əlimizdən gələni edirik və qonşuluğumuzda və onun hüdudlarından kənarda olan tərəfdaşlarımızın gəlir mənbələrinə, sabitliyinə və təhlükəsizliyinə təsirləri nəzərə alaraq tərəfdaşlarımıza yardım etməliyik, çünki onların problemləri bizim problemlərimizdir. Bu birlikdə qalib gələcəyimiz və ya məğlub olacağımız qlobal mübarizədir. Gələcəkdə icra olunacaq əsl qlobal proqramın formalaşdırılması baxımından beynəlxalq səviyyədə əməkdaşlıq və birgə səylərimiz, eləcə də çoxtərəfli çıxış yolları kimi qarşıda duran vəzifələrin öhdəsindən gəlməliyik”.
Beynəlxalq Tərəfdaşlıq üzrə Komissar Yutta Urpileynin məsələni bu cür izah etmişdir: ”Koronavirus dünyanın hər hansı hissəsində insanların həyatına təhlükə yaratmağa davam etdiyi müddətdə, biz də təhlükədə olacağıq. Bu, beynəlxalq əməkdaşlığın və tərəfdaşlıqların əsasını təşkil edir. Ümumi problemlərimizi həll etmək məqsədilə birlikdə işləməliyik. Hamımız üçün daha təhlükəsiz gələcək üçün 15,6 milyard avro təşkil edən əsaslı qlobal tədbirlər paketini qəbul edən Avropa Komissiyası, xüsusən Afrikada yerləşən tərəfdaşlarımız ilə həyata keçirdiyimiz birgə işlərə istiqamət verir və həmin işləri gücləndirir”.
Qonşuluq Siyasəti və Genişlənmə Danışıqları üzrə Komissar Oliver Varhelyi isə bildirib: “Koronavirus pandemiyası ilə mübarizə üzrə qlobal tədbirlərimiz çərçivəsində əvvəlcədən ayrılan vəsaitin 3,8 milyard avrodan çox hissəsini hal-hazırda səhiyyə böhranına qarşı təcili tədbirlərin görülməsi, səhiyyə sistemlərinin gücləndirilməsi və pandemiyanın sosial-iqtisadi təsirinin azaldılması kimi real ehtiyacların mövcud olduğu Qərbi Balkanlar və Şərqdə və Cənubda yerləşən yaxın qonşularımıza yönəldirik. Biz eyni qitədə yaşayırıq və yalnız birlikdə uğur qazana bilərik”.
Böhranın İdarə Olunması üzrə Komissar Yanez Lenarsis qeyd edib: “Bəlkə də son onilliklərin ən iri miqyaslı böhranı ilə üzləşmişik. Koronavirusa kütləvi yoluxma hallarının ən kasıb ölkələrə, miqrantlara və ən aztəminatlı insanlara təsirinin acınacaqlı olma ehtimalı çox böyükdür. Bu xüsusən dar və əksər hallarda sağlamlığa zərərli şəkildə yerləşdirilən qaçqın və məcburi köçkün düşərgələrində müşahidə oluna bilər. Bu səbəbdən biz əhalinin sağlamlığının qorunması sahəsində fövqəladə vəziyyətlərə daha qətiyyətli şəkildə cavab verməli, humanitar təşkilatların xilasetmə əməliyyatlarına şərait yaratmalı və əsas humanitar əməliyyatlar üzrə nəqliyyat və logistika sahələrinə dəstək verməliyik”.
“Team Europe” paketi
Aİ-nin tədbirlər planı “Team Europe” yanaşmasına əsaslanır və məqsədi bu pandemiya ilə mübarizədə ittifaqın tərəfdaşlarına cəld və məqsədyönlü dəstək təmin etməklə insan həyatının xilasına yönəlmişdir. Bu yanaşmada tərəfdaş ölkələrə dəstək olmaq və onların qısamüddətli ehtiyaclarını ödəmək, habelə pandemiyanın cəmiyyətlərə və iqtisadiyyatlara uzunmüddətli təsirini aradan qaldırmaq üçün Aİ, ona üzv dövlətlər və maliyyə qurumlarının, xüsusən Avropa İnvestisiya Bankının və Avropa Yenidənqurma və İnkişaf Bankının resursları bir yerə toplanmışdır. İlk “Team Europe” paketləri Qərbi Balkanlar, Şərqdə və Cənubda təcili diqqət tələb edən qonşu ölkələrdə icra olunmaqdadır.
Qlobal qurum kimi və beynəlxalq yardım sisteminin əsas iştirakçısı olaraq Aİ əsasən Birləşmiş Millətlər Təşkilatı, Beynəlxalq maliyyə qurumları, eləcə də G7 və G20 ilə tərəfdaşlıq çərçivəsində əlaqələndirilmiş çoxtərəfli cavab tədbirlərinin təbliğ edilməsinə çalışacaq.
Avropa İttifaqı pandemiya ilə əlaqədar tədbirlərini dəyişən vəziyyətə uyğunlaşdırmağa və diqqətini Afrika, Qonşuluq regionu, Qərbi Balkanlar, Orta Şərq və Şimali Afrika, Asiyanın bir hissəsi və Sakit okeanı hövzəsi, Latın Amerikası və Karib dənizi hövzəsində yerləşən ölkələr kimi səhiyyə sistemlərində köməyin tələb olunduğu daha çox zərər çəkmiş ölkələrə yönəltməyə davam edəcəkdir. Aİ-nin cavab tədbirləri miqrantlar, qaçqınlar, məcburi köçkünlər və onları qəbul edən icmalar daxil olmaqla, əhalinin ən aztəminatlı təbəqələrinə yönəldiləcək və “Yaşıl təşəbbüs” və Rəqəmsallaşdırma proqramında göstərilən strateji hədəflərini inteqrasiya edəcəkdir.
15,6 milyard avro təşkil edən ümumi paketin 3,25 milyard avrodan ibarət hissəsi Afrika ölkələrinə, 1,19 milyard avro təşkil edən hissəsi isə Şimali Afrika qonşuluq ölkələrinə yönəldiləcəkdir.
Aİ bütöv Qonşuluq regionu üçün cəmi 3,07 milyard avro ayırır və bunun 2,1 milyard avro həcmində hissəsi Cənub üçün, 962 milyon avro hissəsi Şərqi tərəfdaş ölkələri üçün, 800 milyon avrodan çox hissəsi isə Qərbi Balkanlar və Türkiyə üçün nəzərdə tutulmuşdur.
Ümumi paketə Avropa Dayanıqlı İnkişaf Fondunun (EFSD) Afrika və Qonşuluq regionu üçün nəzərdə tutulmuş 1,42 milyard avro həcmində zəmanətləri də daxildir.
Aİ Asiya və Sakit okeanı hövzəsi ölkələrinə 1,22 milyard avro maliyyə dəstəyi təmin edəcək. Afrika, Karib dənizi hövzəsi və Sakit okeanı regionu üçün 291 milyon avro, Latın Amerikası və Karib dənizi hövzəsində yerləşən ölkələrə 918 milyon avro, xarici ölkələr və ərazilərə isə 111 milyon avro həcmində maliyyə yardımı ayrılıb.
Aİ-nin qlobal cavab tədbirləri paketinin reallaşdırılması
Fövqəladə hallarla bağlı cavab tədbirləri üzrə fəaliyyətlərə ayrılmış 502 milyon avro əsasən aşağıdakı sahələrə yönəldiləcəkdir:
- Zəif səhiyyə sistemlərinə malik və humanitar böhrandan əziyyət çəkən ölkələrdə fövqəladə hallar zamanı fəsadların aradan qaldırılmasına hazırlığın və cavab tədbirlərinin artırılması məqsədilə Ümumdünya Səhiyyə Təşkilatının və Birləşmiş Millətlər Təşkilatının cavab tədbirlərinə, o cümlədən Beynəlxalq Qızıl Xaç Cəmiyyəti və Qızıl Aypara Hərəkatının müraciətlərinə əsasən təcili dəstəyin təmin edilməsi;
- Pandemiyadan zərər çəkmiş ölkələrə xüsusilə səhiyyə, su, kanalizasiya, gigiyena və logistika kimi sahələrdə humanitar yardımın təmin edilməsi;
- Avropada və tərəfdaş ölkələrdə fərdi qoruyucu vasitələr və tibbi cihazlarla bağlı təcili ehtiyacı ödəmək üçün istehsalın artırılmasına dəstək;
- Aİ-nin Mülki Müdafiə proqramı vasitəsilə zərər çəkmiş ölkələrə yardımların təşkili;
- Avropa Dayanıqlı İnkişaf Fondunun (EFSD) dəstəyi ilə Beynəlxalq maliyyə qurumları və Avropa inkişaf və maliyyə qurumları vasitəsilə yerli banklara zəmanət və likvidliyin təmin olunması;
- Əsasən əsas tibbi ləvazimatlar və dərman vasitələrinin ixracı ilə bağlı məhdudiyyətlər ilə mübarizə və tədarük zəncirlərinin toxunulmamasına yönəlmiş qlobal səylərin dəstəklənməsi;
- Qərbi Balkanların Aİ-nin tibbi avadanlıqlar üzrə birgə satınalma sazişi və Avropa yoluxucu xəstəliklər barədə çevik məlumatlandırma sistemi kimi təşəbbüslərinə qoşulması. Qoşulmağa dair danışıqlar mərhələsində olan ölkələr Aİ-nin Həmrəylik Fonduna ərizə ilə müraciət edə bilərlər.
Tədqiqat, səhiyyə və su sistemlərinə dəstək üçün 2,8 milyard avro. Aİ xüsusilə aşağıdakı tədbirləri həyata keçirməyi nəzərdə tutur:
- Dayanıqlı və çevik səhiyyə və sosial müdafiə sistemlərinin yaradılmasında tərəfdaş ölkələrə dəstək;
- Xəstəliyin yayılmasının qarşısını almaq məqsədilə əsas qoruyucu tədbirlər və gigiyenik tövsiyələr barədə ictimaiyyətin məlumatlandırılması və maarifləndirmə səylərinə dəstək;
- Aİ-nin QİÇS, vərəm və malyariya ilə mübarizə üzrə qlobal fondu, Peyvənd və immunlaşdırma üzrə qlobal alyansı (GAVI) və Qlobal maliyyə proqramı kimi sağlamlığa dair qlobal təşəbbüslərdən müəyyən miqdarda maliyyə vəsaitlərinin təmin olunması və həmin vəsaitlərin (səhiyyə ilə bağlı mühüm proqramların icrasının davam etdirilməsi şərti ilə) koronavirusa qarşı mübarizə məqsədilə istifadə edilməsi;
- Diaqnostika, müalicə və profilaktika ilə bağlı gələcək tədqiqatlara, eləcə də peyvənd mövcud olduğu halda, peyvəndlərin cəld təsdiqlənməsi və subsidiyalaşdırılması və zərər çəkmiş ölkələrə çatdırılmasına dəstək;
- Afrika, Latın Amerikası və Karib dənizi, Asiya və Sakit Okeanı hövzəsi ölkələrində mütəxəssis hazırlığı, epidemioloji nəzarət və regional səhiyyə təşkilatlarının gücləndirilməsinə dəstək;
- Qərbi Balkanlardan olan namizəd ölkələrin Aİ-nin səhiyyə və təhlükəsizlik komitəsinə daxil edilməsi və potensial namizədlərin əlaqələndirilməsi ilə bağlı ən əlverişli yolların əks olunması;
- Miqrantlar, məcburi köçkünlər və onları qəbul edən icmaların səhiyyə sistemlərinə eyni dərəcədə çıxış imkanına dəstək.
İqtisadi və sosial fəsadların aradan qaldırılmasına 12,28 milyard avro. Aİ xüsusilə aşağıdakı tədbirləri həyata keçirməyi nəzərdə tutur:
- Sosial-iqtisadi inkişaf və yoxsulluğun azaldılması üçün islahatların və böhran zamanı işçilərin qorunması tədbirlərinin həyata keçirilməsində tərəfdaş ölkələrin büdcəsinə birbaşa maliyyə yardımı və güzəştli maliyyələşdirmənin təmin edilməsi;
- Beynəlxalq Valyuta Fondunun (BVF) dəstəyi ilə Qərbi Balkan və qonşu ölkələr üçün makromaliyyə yardımlarının səfərbər edilməsi;
- Zəmanətlər, likvidliyin təmin olunması və texniki yardımlar və kreditlər üzrə qısamüddətli risklərin bölüşdürülməsinə yönəlmiş Avropa Dayanıqlı İnkişaf Fondunun hədəfli zəmanətləri vasitəsilə özəl sektora, xüsusən kiçik və orta sahibkarlıq müəssisələrinə (KOM-lar) və özünüməşğul şəxslərə dəstək;
- Avropa İnvestisiya Bankından xüsusən səhiyyə avadanlıqları və ləvazimatların təchizatı üçün dövlət sektoru kreditlərinin verilməsi;
- Strateji sektorlarda güclü və dayanıqlı dəyər zəncirlərinin qurulması və əmək hüquqları və korporativ sosial məsuliyyətin təmin edilməsi üçün beynəlxalq təşkilatlar və Avropa şirkətləri ilə əməkdaşlıq;
- Pandemiyadan zərər çəkmiş ölkələrdə BVF tərəfindən nəzərdən keçirilən borclardan azad olma formalarının təşviqi.
Şərhlər bağlıdır.