Köçkünlərin fikrincə, etibarlı sülh olsa, birgəyaşayış mümkündür
MVA QHT Agentliyinin yardımı ilə keçmiş məcburi köçkünlərlə fokus-qrup müzakirələri təşkil edib və onların hökumətdən gözləntilərini araşdırıb
30 il ərzində erməni vandalizminin törətdiyi cinayətlər nəticəsində dağılmış yurd yerlərimiz son üç ildə “Böyük Qayıdış” proqramı üzrə yenidən qurulur. Ölkə başçısının təsdiq etdiyi Nizamnaməyə müvafiq olaraq, Qarabağ İqtisadi Rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidməti ağıllı kəndlərin və şəhərlərin, eləcə də hava limanlarının inşasını sürətlə davam etdirir.
Təbii ki, böyük infrastruktur layihələrinin həyata keçirilməsi qayıdış prosesini sürətləndirir. Amma köçkünlərin sosial-psixoloji vəziyyətini öyrənmədən və onları mənəvi cəhətdən qayıdışa hazırlamadan proses arzu edilən səviyyədə ola bilməz. Uzun illər savaşdan əziyyət çəkən saysız-hesabsız insanı tədricən birgəyaşayış prosesinə hazırlamağa ehtiyac var. Söhbət həm də azad olunmuş torpaqlarımızda Azərbaycan və erməni əsilli soydaşlarımızın gələcəkdə qonşuluq şəraitində birgəyaşayışından gedir. ATƏT-in Nazirlər Şurasının 27-ci iclasında Xarici İşlər naziri Ceyhun Bayramovun dediyi kimi: “Münaqişənin əhatə etdiyi ərazilərdəki azərbaycanlı və erməni sakinlərinin Azərbaycanın suverenliyi və ərazi bütövlüyü çərçivəsində bir-birlərinin təhlükəsizliyinə, etnik və dini mənsubiyyətinə hörmətə əsaslanan dinc birgəyaşayışı təmin edilməlidir və sonunda təmin ediləcəkdir”.
Bəs 30 illik həsrətdən sonra doğma torpaqlarına qayıdacaq sadə azərbaycanlılar nə düşünürlər? Mingəçevir Valideynlər Assosiasiyası İctimai Birliyi “Birgəyaşayış ilə bağlı əhali arasında maarifləndirmə işlərinin aparılması” layihəsi çərçivəsində suala cavab axtarıb. Layihə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə iyul ayının əvvəlindən sentyabr ayının sonunadək icra olunub.
MVA İB-nın və layihənin rəhbəri Fərman Nəbiyevin açıqlamasına görə, İctimai Birlik tərəfindən kifayət qədər diskussiya yaradan atmosferdə müzakirə aparılıb, ictimai rəy öyrənilib, sonda real mənzərəni hökumətin diqqətinə çatdırmaq üçün hesabat hazırlanıb: “Düşünürəm ki, köçkünlərin birgəyaşayışla bağlı fikirləri gələcəkdə iki qonşu xalqın inteqrasiyasında əhəmiyyətli rol oynaya bilər”.
F.Nəbiyev layihə çərçivəsində “Biz sülh istəyirik” adlı sənədli filmin çəkildiyini və ictimaiyyətin müzakirəsinə çıxarıldığını da diqqətə çatdırıb. O, deyib ki, filmin qəhrəmanları Kəlbəcər, Şuşa və Ağdamdan olan köçkünlərdir. Onlar 1988-ci ilə qədər Şuşada, Xankəndidə və Qarabağın digər ərazilərində Azərbaycan əsilli ermənilərlə mehriban qonşuluq şəraitində yaşayıblar: “Amma 1988-ci ildə “saqqalıların” peyda olması və rus silahlılarının havadarlığı ilə münaqişə, sonra isə müharibə baş verdi. Nəticədə bir milyon köçkün 30 il ərzində dədə-baba yurdlarından qovuldu. Onları filmdə təmsil edən şəxslər bütün məşəqqətlərə baxmayaraq, belə hesab edirlər ki, gələcəkdə birgəyaşayış mümkündür və bunun üçün etibarlı sülh lazımdır.”
Filmi aşağıdakı linkdən izləmək olar:
Şərhlər bağlıdır.