Bizimlə həyatınız həmişə işıqlı olacaq!

KOBİA Mingəçevirdə qadın sahibkarlığın inkişafı ilə bağlı müzakirə aparıb

“Mingəçevirdə Valideyn Təlatümü”nə qoşulan və dərzilik peşəsini öyrənən qadınlardan biri ustasından iş təklifi alıb

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı ilə Mingəçevir şəhərində “Qadın sahibkarlığın inkişafında mövcud imkanlar, çətinliklər və perspektivlər”ə dair görüş təşkil olunub. Görüşdə  Mingəçevir Şəhər İcra Hakimiyyətinin nümayəndəsi İlqar Pirməmmədov, İqtisadiyyat Nazirliyinin Aran regional bölməsinin nümayəndəsi Tural  Nağıyev, Mingəçevir Şəhər İcra Hakimiyyəti yanında İctimai Şuranın sədri Fərman Nəbiyev, KOBİA-nın Aran Regional koordinatoru Ayaz Ədilov, “ASAN Peşə” Təhsil Mərkəzinin direktoru Bahar Yusifova, Mingəçevir Valideynlər Assosiasiyası İdarə Heyətinin üzvü Yeganə Nəbiyeva, Azərbaycan Sahibkarlar Konfederasiyasının yerli nümayəndəsi Vaqif Həsənov, iqtisadçı Elnur Həsənzadə, psixoloq Seymur Səfəralıyev və 25-ə yaxın sahibkarlıq subyekti iştirak edib.

Dövlət-sahibkar əməkdaşlığı platforması çərçivəsində keçirilmiş görüşdə vergi qanunvericiliyinə, sahibkarlıq subyektlərinin ehtiyaclarına dair müzakirələr aparılıb, müxtəlif təkliflər  səsləndirilib, sahibkarları maraqlandıran suallar cavablandırılıb.

Görüşə Avropa İttifaqının maliyyələşdirdiyi və BMT-nin İnkişaf Proqramının icra etdiyi “Azərbaycanda innovasiya əsaslı və dayanıqlı vətəndaş cəmiyyətinin inkişafı” layihəsi üzrə Mingəçevirdə usta yanında şagird hazırlığı prosesinə cəlb edilən  qadınlar da qatılıb. Onların suallarına cavab olaraq,  müxtəlif xidmət sahələrinin lisenziyalaşdırılması, sahibkarlığa yeni başlayanlara güzəştlər, dövlətdən biznesə və biznesdən biznesə dəstək mexanizmləri barədə məlumatlar verilib. Əlavə olaraq, layihəyə cəlb olunan  qadınların tanışlıq məqsədilə yerli peşə məktəbinə ekskursiyası, Biznes planın tərtibi üzrə KOBİM tərəfindən təlimə cəlb olunması təklif edilib.

Görüşdə dərzi ustası Ləman Əliyeva uğur hekayəsini bölüşüb. O, deyib ki, 8 il əvvəl ixtisasını dəyişib və təlimçi dərzi kimi fəaliyyət göstərməyə başlayıb: “Əvvəl kiçik bir yer kirayələdim. 6-7 ay gəlirim də olmadı. Ancaq müştəri bazamı formalaşdıra bildim. Hazırda istehsalat sahəm kifayət qədər böyükdür. Eyni zamanda dövlətdən və beynəlxalq təşkilatlardan sifarişlərim var. İndi bankdan güzəştli kredit almaq və yeni layihəmə başlamaq niyyətindəyəm”.

L.Əliyeva onu da əlavə edib ki, 2 aya yaxın müddət ərzində şagirdi Şahnaz Muradovanı bacarıqlı dərzi kimi yetişdirməyə müvəffəq olub və onun yanında qalıb, əmək fəaliyyətini davam etdirməsini istəyir. Ş.Muradova Aİ və BMTİP-nın layihəsi çərçivəsində Mingəçevir Valideynlər Assosiasiyasının Mingəçevir Resurs Mərkəzi ilə birgə həyata keçirdiyi “Mingəçevirdə Valideyn Təlatümü” təşəbbüsünə qoşulan 21 işsiz qadından biridir.

Şərhlər bağlıdır.