“Biz kimin üçün qazanırıq?”
Xəyal hər gün anasından 50-60, bəzən 70 manat pul alırdı. Mehralı müəllim iş adamıydı və yaxşı qazanırdı, amma son aylara qədər bilmirdi ki, həyat yoldaşı ərköyün böyüyən oğlunu bircə gün də olsun “cibxərcliyi” vermədən evdən buraxmır. “Biz kimdən əskiyik? Niyə də tay-tuşlarının yanında utansın”. Ana belə düşünürdü. Hətta əri oğluna verilən pullardan duyuq düşəndə təmkinini də pozmurdu: “Biz kimin üçün qazanırıq?”
Orta məktəbi yaxşı oxumasa da elə birinci il Mehralı müəllimin köməyilə Xəyalın universitetə qəbulu mümkün oldu. Ananın təkidi ilə oğulun adına ev və maşın da alındı.
İş elə gətirdi ki, dünyanı bürüyən iqtisadi krizis Mehralı müəllimin biznesinə də təsir etdi. Daha o, əvvəlki kimi qazana bilmir, xərclərini bir neçə dəfə azaltmaq zorunda qalır. Buna görə də Əsmayə xanım oğlunun “kranını” bağlamalı olur.
Günlərin birində Mehralı müəllimin bank kartı “itir”. Məlum olur ki, onun hesabındakı pulu son manatına qədər siliblər. Az keçməmiş evdən bəzək-zinət əşyaları da “itir”. Qonşusundan şübhələnən Mehralı müəllimin ərizəsi üzrə təhqiqata başlanır. Evdən oğurluq etdiyini boynuna alan Xəyalın tibbi yoxlamadan sonra narkoman olduğu üzə çıxır…
Heç kim narkoman kimi tanınmaq istəmir, amma…
Mingəçevir şəhər Rayonlararası Narkoloji Dispanserin baş həkimi Nurəddin Ələkbərov bildirir ki, bizdə Heç kim narkoman kimi tanınmaq istəmir: “Onlar xəstəliyini gizlədir, üçüncü, dördüncü mərhələdə bizə müraciət edirlər. Bu zaman isə müalicə çətin olur”.
N.Ələkbərovun dediyinə görə, əvvəllər bu cür xəstələrin əksəriyyəti 30-40 yaşlı insanlar idi, indi isə məktəblilər arasında da narkomanlara təsadüf olunur: “Analar uşağının narkotika istifadə etdiyini müəyyən əlamətlərdən başa düşə bilər. Uşaq vurnuxur, harasa getməyə tələsir, səbirsiz olur, iştahdan kəsilir, evə qayıdan kimi yatır və s. Xəstə üstə gedirəm, yoxlamadan sonra aydınlaşır ki, uşaq narkotika istifadə edib. Ana isə hər vəchlə övladını müdafiə edir, onun xəstəliyinin şiddətlənməsinə şərait yaradır. Bir çox hallarda valideynlər övladlarını müayinə etdirməkdən ehtiyat edirlər, onların xəstəliyini gizlədirlər. Ələlxüsus da varlı şəxslər”.
Uzun illərin xəstəsi 10 günə sağalarmı?
Aldığımız məlumata görə, Qazaxıstanda narkomanların müalicəsi üçün reabilitasiya mərkəzi fəaliyyət göstərir. Narkomanlar burada iki il müddətində dövlət hesabına müalicə olunur. Azərbaycanda və digər postsovet ölkələrində isə belə mərkəzlər yoxdur, sadəcə narkoloji dispanserlər qalmaqdadır. Burda isə narkomanların psixi və fiziki (narkotika dayananda abstensiya, yəni fiziki asılılıq başlayır, narkomanlar arasında ona “lomka” (sınma) deyirlər) asılılıqdan tam azad olması üçün gerçək şərait yoxdur. Ən azından iki il davam edəcək müalicə üçün hər ay 700-800 dollar (tam müalicə kursu üçün 20 min dollara yaxın) məbləğində bahalı dərmanları verməyi nə dövlət öhdəsinə götürür, nə də onu almağa adamların imkanı çatır.
“Əksər valideynlər xəstəxanaya düşən övladının 10 gündən sonra evə buraxılmasına çalışırlar. Abstensiyanı götürən kimi xəstə dispanserdən çıxarılır. Uzun illərin narkotika istifadəçisi 10 günə sağalarmı? Valideynlər ictimai qınaqdan qorxurlar: “Mən narkologiyaya gələ bilmirəm, qonşular məni görür, mən biabır oldum”.
Mingəçevir Valideynlər Assosiasiyasının icraçı direktoru Yeganə Nəbiyeva belə deyir. Yeganə xanımın qənaətinə görə, narkomaniyadan yaxa qurtarmaq və yenidən həyata qayıtmaq istəyənlər az deyil. Lakin müalicə olunan xəstəyə cəmiyyət yetərincə kömək etmir, bir çox hallarda ətrafdakılar keçmiş narkomana inanmır, onu təcrid edirlər.
Narkomanların sayı niyə artır?
Mingəçevir Polis şöbəsinin rəis müavini, polis mayoru İlqar Hümbətovun sözlərinə görə, ötən il ərzində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar cinayətlər üzrə 32 fakt aşkarlanıb. Onlardan 15 fakt AR CM-nin 234.1, 16 fakt 234,2 və 1 fakt 237.2.2-ci maddələri ilə qeydə alınıb. Nəticədə qanunsuz dövriyyədən 10,096 qram heroin və 26,94 qram qurudulmuş marixuana və 55 qram çətənə kolu (cəmi 92,036 qram) narkotik vasitə aşkar edilib götürülmüşdür.
Polis mayorunun bildirdiyinə görə, hazırda Mingəçevirdə 152 şəxs profilaktiki, 125 nəfər isə dispanser qeydiyyatındadır. Həmin adamların 3-ü qadındır. Səhiyyə orqanlarında uçota düşməyən 48 nəfər narkotik vasitələrin, psixotrop maddələrin və s. qanunsuz dövriyyəsində şübhəli olduqlarına görə Polis şöbəsində qeydiyyata alınıb. 2010-cu ilin birinci rübündə narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan 15 nəfər saxlanılaraq, şəhər Polis şöbəsinə gətirilib və onların haqqında AR CM-nin uyğun maddələri ilə cinayət işi başlanılıb: “Statistika narkomanların sayının artdığını göstərir. Bu artımın səbəbi nədir? Bu gün Azərbaycan tranzit ölkə olduğu üçün qaçaqmalçılar öz mallarını burdan keçirirlər. Bundan başqa respublikamızda bu tip madələrin idxalı ilə məşğul olan şəxslər də var. Bunların qarşısını almaq üçün hüquq-mühafizə orqanları əlindən gələn edir. Lakin bu tək Azərbaycanın deyil, hətta ən inkişaf etmiş dövlətlərin üzləşdikləri problemdir.
Aldığımız məlumata görə, Mingəçevir, Yevlax, Ağdaş, Göyçay, Ucar, Zərdab və İsmayıllı rayonlarında 2008-ci ildə 700, 2009-cu ildə isə 803 nəfər narkomaniya ilə üzləşib. Statistitikaya görə Zərdab təmiz rayon sayılır. Həmin rayon üzrə ötən il 7, bu il isə 10 nəfər narkotika istifadəçisi kimi qeydə alınıb. Lənkəranda isə uçotda duranların sayı 1850 nəfərə çatır.
Hamı diqqət istəyir
Mingəçevir Politexnik İnstitutunun tələbəsi Rəsmiyyə Rzayeva deyir ki, gənclərin narkotik vasitələrə meyl göstərməsinin əsas səbəbi işsizlik, təhsildən çox əyləncəyə meyl göstərməsi, asudə vaxtın səmərəli təşkil olunmamasıdır. Ölkədə 23254 narkomanın rəsmi qeydiyyata alındığını xatırladan natiq narkotika istifadəçilərinin qat-qat artıq olduğu qənaətindədir.
Azərbaycan Müəllimlər İnstitutu Mingəçevir filialının tədris hissə müdiri İlhamə İsmayılovanın fikrincə, narkomaniya əleyhinə reklam çarxları, vidiosüjetlər daha çox yayımlanmalı, narkomanlara qarşı münasibət dəyişməlidir: “Cəmiyyətimiz narkomanları qəbul etmir. Dəmir barmaqlıqlar arasından çıxan insanlara qız vermirlər”.
Azərbaycan Təhsil Problemləri İnstitutunun aparıcı elmi işçisi, pedaqoji elmlər üzrə fəlsəfə doktoru Xalidə Talıbova yeniyetməlik dövründə uşaqları mütləq nəzarətdə saxlamağın və onları ətraf mühitdə baş verən neqativ hallardan qorumağın vacibliyindən danışır. Alim Bakı məktəblərinin birində diqqətdən kənarda qalan azyaşlı qızın özünə diqqəti çəkmək üçün tez-tez həbb qəbul etdiyini və bunu narkotik maddə kimi qələmə verdiyini vurğulayır: “Müayinədən sonra məlum oldu ki, qız sadəcə vitamin içirmiş, bu yolla sinif yoldaşlarının diqqətini çəkmək niyyətindəymiş”.
Turizm Kollecinin tələbəsi Elvin Hüseynov apteklərdə tərkibində psixotrop maddələr olan dərmanların satışda olmasının əleyhinədir: “Narkotikaya meylli insanlar bundan sui-istifadə edir”.
Bu da son
Həbs olunan bir narkotika alverçisinin cibindən çıxan siyahıda 151 nəfərin adı vardı. Bunlar ailənin tək oğulları, maşını olan yeniyetmə və gənclər, bir də idmançılar idi. Narkotika alverçisi ibtidai istintaq prosesində boynuna aldı ki, imkanlı ailələrin uşaqlarını tora salaraq, narkotikə alışdırır, sonra onların müxtəlif yollarla pul əldə etməsinə nail olurdular: “Pullular bizim və narkomanların diqqətindən kənarda qalmırdı”.
Xəyal da ehtiyacından qat-qat artıq pula malik gənclərdən idi. Valideynləri “ictimai qınaqdan” çəkinərək, onu həkimə aparmaqdan ehtiyat edirdilər. Xəyala və dostlarına isə pul lazım idi. Bu pulu tapmaq üçün o çoxlu yalanlar uydurur, hətta əlini doğma doğma atasının üzünə qoyub, “Sən öl, bundan sonra sizi aldatmayacağam”-deyirdi. Amma Bakıdakı mənzili satmasını, universiteti atmasını və hər dəfə dozanı artırmasını valideynlərindən gizlətmişdi.
Bir neçə gün əvvəl Xəyal maşınını aşıraraq, hadisə yerində dünyasını dəyişdi. Oğlanlarının dərdinə dözə bilməyən ata və ana ağır vəziyyətdə xəstəxanaya düşdülər. Həkimlər Mehralı müəllimin həyatını qurtara bilmədilər. İflicə tutulan Əsmayə xanım isə qalan ömrünü çarpayıda keçirəcək.
Şərhlər bağlıdır.