Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Keçmiş köçkünlər maliyyə bacarıqlarını artırırlar

Dövlət Məşğulluq Agentliyinin nümayəndəsi Azərbaycanda məşğulluq siyasəti, özünəməşğulluq proqramı barədə məlumat verib və sualları cavablandırıb

“Keçmiş köçkün valideynlərin “Böyük Qayıdış” üçün hazırlanması: peşə bacarıqlarının artırılması” layihəsi üzrə psixoloji təlimin ardınca 3-4 iyul 2024-cü ildə iqtisadi təlim keçirilib. İqtisadçı Elnur Həsənzadə 2 gün ərzində keçmiş məcburi köçkün gənclərə iqtisadi resurslara, maliyyə xidmətlərinə çıxış imkanları, pulu necə qazanmaq və xərcləmək, məhsulu və ya xidməti realizə etmək yolları və mühasibatlıq barədə danışıb.

Təlimin ilk günündə hazırkı bazar mühitində peşəyə uyğun işin axtarılması metodologiyası, yeni peşə və bacarıqların əldə etmək üçün  fəaliyyətlərin qurulması, mikro-sahibkar kimi fəaliyyətə başlanması, startap layihələri, özünüməşğulluq və digər dövlət dəstək mexanizmləri haqda məlumat verilib. Sonrakı gün təlimçi pul və gəlir gətirən ənənəvi üsullar, beynəlxalq təcrübə, dayanıqlı iqtisadiyyat, hesabatlılıq, proqnozlaşdırma üçün kimi mövzularda məlumat toplamaq, eləcə də informasiya əldə etmə üçün elementar bacarıqlara diqqəti yönəldib.

Elnur Həsənzadə qəzetimizin müxbiri ilə  söhbətində deyib ki, iştirakçılarla satış kanalları, onların müəyyən edilməsi, təklif edilən məhsul və ya xidmətləri təqdimetmə, bazarın öyrənilməsi, rəqabətin müəyyən edilməsi, xidmətlərə çıxış və innovasiyalardan istifadə bacarıqları barədə də biliklərini bölüşüb: “Onlara sahibkar klubu və ya şəbəkəsinin yaradılması, elektron satış, natural satış və natural satış üsullarını izah etdim. Həm də vergi məlumatlarının və rüblük hesabatların təqdim edilməsi, vergi güzəştləri, uçotun lokal səviyyədə təşkili ilə bağlı interaktiv müzakirələr apardıq”.

Dövlət Məşğulluq Agentliyinin məsul əməkdaşı Elməddin Səmədov Azərbaycanda məşğulluq siyasətini, xüsusən özünəməşğulluq proqramının əhəmiyyətini izah edib. O, dövlətin aktivləri və zərfləri, şərtləri  və güzəştləri, ünvanlı sosial yardım almağın yolları və yeni qaydaları haqda da danışıb, iştirakçıların çoxsaylı suallarını cavablandırıb.

“Mingəçevir Valideynlər Assosiasiyası” (MVA) İctimai Birliyinin Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin orta qrant proqramı çərçivəsində 2024-cü ilin iyun ayından etibarən həyata keçirdiyi layihə sentyabrın sonunadək davam edəcək.

Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.