Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Karantin şərtləri yumşaldılır, hətta şəhərlərarası və rayonlararası hərəkətə məhdudiyyət aradan qaldırılır

Nazirlər Kabinetinin 16 yanvar 2021-ci il tarixli qərarı ilə Koronavirus (COVID-19) infeksiyasının yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin müddəti 2021-ci il 1 aprel saat 06:00-dək uzadılıb. Eyni zamanda 2021-ci il 18 yanvar saat 00:00-dan etibarən Bakı, Sumqayıt, Gəncə, Mingəçevir, Şirvan şəhərlərinin və Abşeron rayonunun ərazisində, habelə Lənkəran, Masallı, Cəlilabad, Şəki, Zaqatala, Quba, Xaçmaz, Yevlax, Bərdə, Biləsuvar və İsmayıllı rayon mərkəzlərində (kənd və qəsəbələr istisna olmaqla) “SMS” icazə sistemindən və “icaze.e-gov.az” portalından istifadə ləğv edilir.

Qərara əsasən, 2021-ci il 25 yanvar saat 00:00-dan Azərbaycan Respublikasının bütün ərazisində aşağıdakı iş və xidmət sahələrinin fəaliyyətinə icazə verilir:
1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 12 sentyabr tarixli 336 nömrəli Qərarı ilə müəyyən edilmiş məhdudiyyətlər nəzərə alınmaqla, ticarət obyektlərinin fəaliyyəti (iri ticarət mərkəzlərinin fəaliyyəti və ictimai iaşə obyektlərində müştərilərə yerində xidmət istisna olmaqla);
2. bərbərxanaların, gözəllik salonlarının fəaliyyəti və kosmetik xidmətlər (o cümlədən, bu sahələrdə müştərinin evində və ya digər məkanda xidmət);
3. muzey və sərgi zallarının fəaliyyəti;
4. şəhərlərarası və rayonlararası hərəkət;

2021-ci il 1 fevral saat 00:00-dan Azərbaycan Respublikasının bütün ərazisində ictimai iaşə obyektlərində, eləcə də restoran, kafe, çay evləri və bu kimi digər məkanlarda Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarları ilə müəyyən edilmiş məhdudiyyətlər və tələblər nəzərə alınmaqla, müştərilərə saat 06.00-dan 00.00-dək yerində xidmət göstərilməsinə icazə verilir.

Bakı metropolitenində sərnişindaşımanın fəaliyyətinə tətbiq olunan məhdudiyyət hazırda qüvvədə qalır. Bütün ölkə ərazisində şənbə və bazar günləri ictimai nəqliyyatın fəaliyyətinə tətbiq olunan məhdudiyyət, eləcə də digər qadağalar xüsusi karantin rejiminin sonunadək tətbiq olunacaq.

Qeyd edək ki, xüsusi karantin rejiminin qüvvədə olduğu müddətdə ölkə üzrə bütün qapalı və açıq məkanlarda müvafiq qaydada tibbi maskalardan istifadə məcburidir. Həmçinin sosial məsafə, tibbi maska və digər qoruyucu vasitələrdən ictifadə etmək zəruridir.

Şərhlər bağlıdır.