Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Karantin rejimi qaydalarını pozan sahibkarları nə gözləyir?

Azərbaycan Respublikası Prezidentinin 03.07.2020-ci il tarixli Fərmanı ilə sahibkarlıq fəaliyyəti subyektləri və onların vəzifəli şəxsləri tərəfindən epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin tələblərinə əməl edilməsinə nəzarəti həyata keçirmək, eyni zamanda İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi üzrə sahibkarlıq fəaliyyəti subyektlərinə və onların vəzifəli şəxslərinə münasibətdə inzibati xətalar haqqında işlər üzrə qərar qəbul etmək Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə həvalə edilmişdir.

Dövlət Vergi Xidmətinin əməkdaşları tərəfindən sahibkarlıq fəaliyyəti subyektləri və onların vəzifəli şəxslərinin fəaliyyət göstərdiyi ərazidə xüsusi karantin rejimi tətbiq edilən dövrdə bu rejimin tələblərinin pozuntularına yol verildiyi aşkarlanarsa, həmin sahibkarlıq fəaliyyəti subyektləri və onların vəzifəli şəxsləri barəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsinə müvafiq olaraq inzibati xəta haqqında protokol tərtib olunur. Belə ki,

  • İnzibati Xətalar Məcəlləsinin 1-ci maddəsinə əsasən epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə vəzifəli şəxslər 3000 manatdan 4000 manatadək məbləğdə cərimə edilir, yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, hüquqi şəxslər 4000 manatdan 10000 manatadək məbləğdə cərimə edilir.
  • İnzibati Xətalar Məcəlləsinin 2-ci maddəsinə əsasən isə epidemiya əleyhinə rejim, sanitariya-gigiyena və karantin rejimləri dövründə fərdi qoruyucu vasitələrdən istifadə ilə bağlı Nazirlər Kabineti tərəfindən müəyyən edilən tələblərin pozulmasına, habelə vəzifəli şəxslər və hüquqi şəxslər tərəfindən həmin tələblərin pozulmasının qarşısının alınmamasına görə vəzifəli şəxslər 200 manat məbləğində, hüquqi şəxslər 400 manat məbləğində cərimə edilir.
  • İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən bu Məcəllənin 211.2-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə görə vəzifəli şəxslər 400 manat məbləğində, hüquqi şəxslər 800 manat məbləğində cərimə edilir.

Odur ki, qanunvericiliyin tələblərinə əməl etməklə inzibati cəzalara məruz qalmazsınız.

Ticarət obyektlərində yerinə yetirilməli olan tələbləri özündə əks etdirən videoçarxla  Dövlət Vergi Xidmətinin rəsimi internet saytında tanış ola bilərsiniz.

Unutmayın ki, koronavirusa yalnız birlikdə qalib gəlmək mümkündür!

Vergi qanunvericiliyi və inzibatçılığı ilə bağlı əlavə məlumat almaq üçün Dövlət Vergi Xidmətinin internet saytına (www.taxes.gov.az) və ya əvvəlcədən onlayn növbəyə yazılmaqla vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət edə bilərsiniz.

Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti

Şərhlər bağlıdır.